Təhsil Nazirliyindən həssas təbəqə uşaqlarına qiymətli sosial dəstək layihəsi - pulsuz paltar…

23 İyul 2019 17:19 (UTC+04:00)

Məlum olduğu kimi, Təhsil Nazirliyi aztəminatlı ailələrin övladları, internatlarda təhsil alan uşaqlar üçün 10 min məktəbli forması sifariş edib. Bu barədə məlumatı "Bakı Tikiş Evi" (BTE) ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov media nümayəndələrinə açıqlamasında qeyd edib.

E.Əzimov bildirib ki, nazirliyin məqsədi aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqların təhsilinə dəstək olmaqdır: "Təhsil Nazirliyi hər il bu nəcib təşəbbüsü davam etdirir. Bu il də nazirlik 10 min məktəbli formasının alınaraq aztəminatlı ailələrə və internatda böyüyən uşaqlara verilməsi üçün bizə müraciət edib. Məktəbli forması Təhsil Nazirliyinin hesabına alınaraq uşaqlara paylanacaq".

Aztəminatlı ailələrə dəstək olmaq üçün onların övladlarına pulsuz məktəbli formasının verilməsi ictimaiyyət tərəfindən müsbət dəyərləndirilir.

 “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aztəminatlı ailələrin övladlarının təhsil alması üçün onlara istənilən şəraitin yaradılması müsbət haldır. İnternatda böyüyən uşaqlara, eyni zamanda, aztəminatlı ailələrin övladlarına pulsuz məktəbli formasının verilməsi təqdir olunmalıdır: “Elə ailələr var ki, oradan 2 və ya 3 uşaq məktəbə getməli olur. Maddi durumu zəif olan ailə o uşaqlara məktəbli geyimi almaqda çətinlik çəkir. Bu cür ailələrə Təhsil Nazirliyinin dəstək olması sevindiricidir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, aztəminatlı ailələr çox hallarda uşağı geyim, ləvazimat almaq baxımından məktəbə tam hazır edə bilmirlər. Düşünürəm ki, aztəminatlı ailələr üçün hökumətin proqramı olmalıdır. Bu xüsusi proqramla geyim, məktəb ləvazimatları həmin uşaqlara pulsuz, hökumət hesabına verilməlidir. Bundan başqa, ailə başçısını itirmiş, şəhid ailələri var ki, onlara hökumətin kampaniyası olmalı və yaxud şirkətlər, xeyriyyəçi insanlar irəli çıxıb bir kampaniya təşkil etməlidirlər. Burada əsas funksiya Azərbaycan hökumətinin üzərinə düşür. Belə proqramların olması daha yaxşı olar. Bu olarsa, mövcud problem də həllini tapar.

Günel CƏLİLOVA