Azərbaycan öz qızıl ehtiyatlarını artırır

22 İyul 2019 18:12 (UTC+04:00)

Dünya maliyyə bazarlarında baş verən son proseslər, demək olar ki, indi bütün ölkələr tərəfindən xüsusi diqqətlə izlənməkdədir. Belə görünür ki, yaşanan olaylar fonunda qızılın qiyməti əhəmiyyətli dərəcədə yüksələcək, əsas yığım valyutalarından olan dollar əhəmiyyətli dərəcədə ucuzlaşacaq. Yaranmış durumda milli valyutaların, eləcə də avronun bahalaşması proqnozlaşdırılır.

Maliyyə sahəsində cərəyan edənlər Azərbaycan tərəfindən də xüsusi diqqətlə izlənir. Çünki Azərbaycan valyuta ehtiyatlarının müəyyən hissəsini ABŞ dollarında saxlayır. Eyni zamanda, ABŞ səhmlərinə də Azərbaycan müəyyən həcmdə vəsait yatırıb. İndilikdə isə ABŞ səhmlərinin kütləvi şəkildə satışı qeydə alınır və əksər investorlar, belə demək mümkünsə, ondan yaxasını qurtarmağa çalışır. Bu gedişlə dolları və ABŞ şirkətlərinin səhmlərini müsbət heç nə gözləmir. Xarici sərmayədarların dollar aktivlərindən canlarını qurtarmaq üçün ABŞ istiqrazlarından imtina etməsi fonunda Azərbaycanın da yaxın tezlikdə bu istiqamətdə yeni iqtisadi siyasətə start verməsi istisna olunmur. “RİA Novosti” portalı yazır ki, böyük iqtisadiyüyata malik ölkələr artıq ABŞ istiqrazlarını kütləvi şəkildə satır. Məsələn, Rusiya müəyyən müddət ABŞ xəzinə istiqrazlarına ən böyük sərmayə yatırımı edən ölkə olub. 2010-cu ildə Rusiya Mərkəzi Bankının xəzinə istiqrazlarına etdiyi sərmayə yatırımları 176 milyard dolları keçirdi. Lakin Vaşinqtonun sanksiya təzyiqləri səbəbindən Moskva 2014-cü ildən etibarən vəsaitlərini ABŞ aktivlərindən çıxarmağa başlayıb. 2018-ci ilin yazında növbəti sanksiya dalğasından sonra Rusiya Bankı xəzinə istiqrazlarının kütləvi satışını həyata keçirib. Belə ki, bank xəzinə istiqrazları portfelini iki dəfə 96,5 milyard dollardan 48,724 milyard dollara qədər azaldıb. Bu ilin əvvəlinə olan məlumata əsasən, Mərkəzi Bankın balansında cəmi 14 milyard dollar həcmində xəzinə istiqrazı qalıb. ABŞ Maliyyə Nazirliyi isə bildirir ki, mayda Rusiya bu aktivləri 12 milyard dollaradək azaldıb.

Rusiya Mərkəzi Bankı bu qiymətli kağızların satışından əldə etdiyi pulla qızıl alır, çünki bu dəyərli metal valyuta və sanksiya risqlərindən ən yaxşı sığortadır. On il ərzində Rusiyanın beynəlxalq ehtiyatlarında qızılın payı təqribən on dəfə artıb. Hazırda Mərkəzi Bankın balansında təqribən 90 milyard dollar dəyərində 2190 ton dəyərli metal var. Bu bütün postsovet dövrü üçün rekord rəqəmdir. O da qeyd olunur ki, Amerika iqtisadiyyatına olan etibar gündən-günə azalır, ölkənin dövlət borcu artıq 22 trilyon dollar həddini keçib və hamı yaxşı başa düşür ki, ABŞ-ın Xəzinədarlıq Departamenti vəziyyətə nəzarəti itirib. Buna görə də, hətta ABŞ-ın müttəfiqləri dollar aktivlərindən imtina edirlər. Məsələn, Böyük Britaniya xəzinə istiqrazları portfelini 16,3 milyard dollar, Yaponiya isə 11,07 milyard həcmində azaldıb. Bu göstəriciyə görə birinci yeri Çin tutur– Pekin ticarət müharibəsi səbəbindən ümumilikdə 80 milyard dollar dəyərində xəzinə istiqrazını satıb.

Səhm bazarında vəziyyət daha da acınacaqlıdır. Xarici sərmayədarlar artıq 13 aydır ki, Amerika şirkətlərinin qiymətli kağızlarını satırlar. Bu müddət ərzində 215 milyard dollar dəyərində səhm satılıb. Bu rekord rəqəmdir. "Bank of America Merrill Lynch" investisiya bankı qeyd edir ki, iyul ayında səhmlərin kütləvi şəkildə satışı müşahidə olunub. Səhm əvəzinə isə qızıl alınır. "Bridgewater Associates" fondunun təsisçisi, tanınmış sərmayədar Rey Dalio hesab edir ki, Amerika bazarında tənəzzülün gözlənildiyi bir vaxtda qızıl gəlirlilik və risk baxımından daha əlverişlidir. Buna görə də, daha çox sərmayədar öz portfelində səhmləri qızılla əvəz edir. Bu tendensiya gələcək aylarda daha da qüvvətlənəcək. Azərbaycanın isə bütün buünlardan kənarda qalması qeyri-mümkündür. Ekspertlər bildirir ki, ölkənin qızıl ehtiyatlarının mövcudluğunu və qızıl yataqlarından "sarı metal"ın hasilatını nəzərə alanda, dünya bazarında qızılın qiymətinin qalxması Azərbaycan üçün müsbət tendensiyadır. Artıq son bir ay ərzində "sarı metal"ın qiymətlərində 12% artım qeydə alınıb ki, nəticədə bir unsiya qızılın qiyməti 1430 dollara çatıb.

Xatırladaq ki, Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) əsas maliyyə xəzinəsi üçün "sarı metal"ın alışına 1 fevral 2012-ci ildən başlayıb. İki il ərzində 30,18 ton qızıl alınıb. Neft Fondu 2014-2017-ci illərdə qızılın alınmadığını bəyan edib. Azərbaycan hökuməti tərəfindən qızılın alışının ikinci mərhələsi 2018-ci ilin ikinci yarımilində bərpa edilib və ilin sonunadək 21 tona yaxın qızıl alınıb. Fondun məlumatına görə, bu ilin əvvəlindən etibarən dünya bazarlarından qızılın alışı davam etdirilib. Birinci rübün yekunlarına görə, 880 milyon dollar dəyərində 20,76 ton qızıl alınıb. Neft Fondunun bu ilin aprel-iyun aylarında nə qədər qızıl əldə etdiyi məlum deyil. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin statistikasına görə, 2019-cu ilin ilk beş ayı ərzində ölkəyə idxal olunan qiymətli metalın dəyəri 1,428 milyard dollar olub. Həmin qızılın əsas alıcısı yenə Neft Fondu olub. Bu isə o deməkdir ki, ARDNF, artıq planlaşdırıldığı kimi, 100 milyon tona yaxın fiziki qızıl əldə edib. Eyni zamanda, dünya bazarında qızılın qiyməti ölkədə "sarı metal" istehsalının rentabelliyinin artırılmasına və Dövlət Neft Fondunun aktivlərinin dəyərinin artmasına kömək edir. Ölkədə hasil edilən qızılın da əsas alıcığı ARDNF və Mərkəzi Bankdır. Bu da o deməkdir ki, Azərbaycanın valyuta ehtiyatlarında qızılın payı daha da artacaq. Ölkəmizin sahib olduğu ABŞ istiqrazlarının satışı fonunda əldə edildən gəlirə də qızıl alınması proqnozlaşdırılır.

Tahir TAĞIYEV