Paşinyanın əsgərlərə yalvarış tonlu müraciəti – fərariliyin yüksək etirafı...

22 İyul 2019 17:08 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın iki gün əvvəl hərbi hissələrdən birinə etdiyi səfər zamanı maraqlı hadisə yaşanıb. Erməni mətbuatının məlumatına görə, səfər əsnasında hərbçilərlə birlikdə nahar edən Baş nazir, erməni əsgərlərinə xidmətlərini davam etdirmək, hərbi hissədən qaçmamaq üçün, sözün həqiqi mənasında, yalvarıb.

Hərbi xidmətdə öyrənilən bilik və bacarıqların mülki həyatda da onlara gərək olacağını bildirən Paşinyan, erməni hərbçilərini “vətənə” həvəslə xidmət etməyə, dövlətə “maksimum fayda” verməyə səsləyib. Erməni gənclərinin hərbi xidmətdən yayınmasının yolverilməz olduğunu bildirən Paşinyan, onları centlmen olmağa səsləyib.

Bundan başqa, Paşinyan qeyd edib ki, o, erməni ordusunu regionun ən səmərəli ordusu etməyə çalışır: “Lakin bunun üçün erməni ordusu öncə regionun ən ağıllı ordusu olmalıdır”.

Bütün bunlar Ermənistan ordusunda fərariliyin nə qədər ciddi bir problem olduğunu ortaya qoyur. Nəzərə almaq lazımdır ki, Ermənistanda hərbi xidmətdən yayınan gənclərin sayı 11 mindən çoxdur. Məlum olub ki, hazırda 27-35 yaşarası 3225 vətəndaş orduda xidmətdən yayındıqlarına görə axtarışa verilib. Yerdə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir.

Hətta bununla bağlı ölkədə qanunvericiliyə bir sıra dəyişikliklər edilib. Ermənistan qanunvericiliyinə görə, həqiqi hərbi xidmət keçməyən, lakin yaşı 27-yə çatan vətəndaşlar cinayət məsuliyyətindən qaçmaq üçün 1,8 milon dram (təqribən 3700 ABŞ dolları) məbləğində cərimə ödəməlidirlər. Əks təqdirdə onlar həbs edilirlər.

Ancaq Paşinyanın əsgərlərlə görüşündən belə məlum olur ki, qanunda edilən dəyişikliklər də bir effekt vermir. Ermənistanda gənclər hərbi xitmət keçməyə həvəsli deyillər. Orduda fərarilik gör nə səviyyədədir ki, Paşinyan, bir növ, əsgərlərə yalvarış tonunda müraciət edir.

Maraqlıdır, bəs ekspertlər Ermənistan ordusunda yaranan bu acınacaqlı vəziyyəti necə dəyərləndirirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Bütün bunlar onu göstərir ki, Ermənistan ordusunda fərarilik ciddi problemə çevrilib. Get-gedə bu problem daha qabarıq formada özünü göstərir. Digər tərəfdən, Ermənistan ordusunda ciddi ikitirəlik formalaşıb. Bir tərəfdən “Qarabağ klanı”na bağlı olan qrup, digər bir tərəfdən də Paşinyana tabe olanlar. Təbii ki, bu da orduda Paşinyanın nəzarət mexanizmini itirməsinə gətirir. Hazırda Paşinyan çalışır ki, ordunu tam şəkildə nəzarəti altına alsın və orduda “Qarabağ klanı”nın təsir imkanlarını sıradan çıxarsın. Ona görə əsgərlərə yalvararaq öz hakimiyyətini ordu üzərində möhkəmləndirməyə çalışır. Paşinyan çalışsa da, orduya tam nəzarəti təmin edə bilməyəcək. Baş verənlər göstərir ki, Ermənistanda inqilab inkişafa deyil, daha da mərkəzdənqaçma proseslərinə gətirib çıxarıb. Orduda mərkəzi hakimiyyət öz mövqeyini sarsıdıb. Paşinyan çalışsa da, ordunu tam nəzarətə ala bilməyəcək və işğal olunmuş ərazilərdə  ordunun bir hissəsi ona tabe olmaqdan yayınacaq. Bununla belə, Ermənistan ordusunda fərarilik problemi dərinləşməkdə davam edəcək”.

Vidadi ORDAHALLI