Söz azadlığından sui-istifadə etmək istəyən, bir qrup özünə jurnalist deyən şəxsin DİN və MŞ qarşısında təxribat cəhdi baş tutmadı

22 İyul 2019 16:09 (UTC+04:00)

İyulun 22-də - ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və  dolğun informasiya ilə təmin etməli olan bir neçə media təmsilçisi öz peşə borclarını yerinə yetirmək əvəzinə, ictimai diqqəti üzərlərinə çəkmək məqsədilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol verib.

DİN diqqətə çatdırır ki, medianın inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən qətiyyən yolverilməzdir.

Nazirliyin Mətbuat xidmətinin xəbərinə görə, özlərini müstəqil jurnalist adlandıran həmin şəxslər səhər saatlarında Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qanunsuz olaraq toplaşmağa və aidiyyəti dövlət orqanları ilə öncədən razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları tərəfindən bu təxribat xarakterli cəhdin qarşısı alınıb və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıb.

Onlar bununla kifayətlənməyərək, anoloji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıb, lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib.

Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb.

Baki-xeber.com