Bakı küçələrində motosikletli təcili tibbi yardım həkimləri...

22 İyul 2019 16:12 (UTC+04:00)

Şəhərimizin istənilən yerində təcili tibbi yardım maşınları ilə rastlaşırıq. Bəzən saatlarla davam edən tıxaclar təcili tibbi yardım maşınlarının vaxtında hadisə yerinə çatmasına əngəl törədir. Nəzərə alsaq ki, küçələrimizin də böyük əksəriyyəti həddən artıq dardır, bu hal da təcili yardım maşınlarının hərəkətinə müəyyən qədər maneə törədir. Çox zaman təcili tibbi yardım sürücüləri şikayət edirlər ki, tıxaclara görə vaxtında xəstə yanına yetişməkdə çətinlik çəkirlər.  

Bu gün dünyanın bir sıra ölkələrində təcili tibbi yardım maşınları ilə yanaşı, təcili tibbi yardım motosikletlərindən də geniş istifadə olunur. Xüsusən də tıxacı bol olan iri şəhərlərdə xəstələrin dadına daha operativ şəkildə tibbi yardım motosikletləri çatırlar.

Bakıda da bu təcrübədən istifadə edilməsi günün zəruri məsələlərindən birinə çevrilib. Ekspertlər qeyd edirlər ki, Bakıda bu cür təcili tibbi yardım xidmətinə ciddi ehtiyac var. Təcili tibbi yardım sahəsində çalışanların bildirdiyinə görə, bəzən ölkədə keçirilən beynəlxalq yarışlarla əlaqədar olaraq ayrı-ayrı küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılır, bu halda təcili tibbi yardım maşınları da həmin ərazilərə daxil ola bilmirlər. Onlar hesab edirlər ki, belə vəziyyətlərdə təcili tibbi yardım motosikletlərinə ciddi ehtiyac yaranır. Çünki motosikletin keçməsi üçün kiçik bir yol lazımdır və o heç bir maneəsiz xəstənin köməyinə yetir.

Tanınmış həkim-terapevt Rafis Bağırov bizimlə söhbətində bildirdi ki, bu cür təcili tibbi yardım vasitəsinə ehtiyac var. Bununla belə, ekspertin sözlərinə görə, motosikletdən ancaq yüngül çağırışlar zamanı istifadə etmək olar, ağır xəstələrin çağırışına bütün vasitələrlə təchiz olunmuş təcili tibbi yardım maşınları getməlidirlər. “Azərbaycanda təcili tibbi yardım sisteminə motosikletlərin cəlb edilməsi müəyyən sahələrdə effekt verə bilər. Ancaq, bütövlükdə, bütün çağırışlara motosikletli tibb işçilərinin getməsi mümkün deyil. Çünki motosikletin üstünə bütün lazımi avadanlıqları yükləmək olmur. Buna görə də motosiklet çox vaxt bu sahəyə cəlb edilə bilmir. Bakıda təcili tibbi yardım sistemində motosikletlərdən istifadə etmək olar, bu təcrübənin tətbiq edilməsi mümkündür. Onlardan daha çox yüngül çağırışlarda istifadə etmək məqsədəuyğundur. Bəzən görürsən ki, xəstə insult keçirib və ona oksigen verilməlidir, bu halda xəstənin çağırışına təcili tibbi yardım maşını ilə gedilməlidir. Bəzi cihazları təcili yardım çantasına yerləşdirmək olmur. Təcili tibbi yardım motosikletləri o zaman daha çox faydalı olur ki, təcili tibbi yardım maşınlarının keçə bilmədiyi yerdən rahat keçib xəstəyə ilkin tibbi yardım göstərə bilirlər. Həddindən artıq ağır olmayan xəstələrə də ilkin yardım göstərmək üçün həkimlər təcili tibbi yardım motosikletlərindən istifadə edə bilərlər. Avropa ölkələrində bizdəki kimi böyük tıxaclar olmur, sadəcə, onlar yeniliklər etməyə çalışırlar ki, hadisə baş verərkən oraya daha sürətlə çatsınlar. Bu səbəbdən də motosikletlərdən istifadə edirlər” - deyə həkim vurğuladı.

İradə SARIYEVA