Qubada ev soyğunçuluğu ilə məşğul olan dəstənin üzvü Qazaxıstanda tutuldu

16 İyul 2019 13:02 (UTC+04:00)

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan rayon sakini, 31 yaşlı Sərxan Əkbərov Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində tutularaq Quba RPŞ-nə gətirilib.

Sərxan Əkbərov bir qrup şəxslə qabaqcadan əlbir olaraq, 2016-ci ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evlərinə qanunsuz daxil olaraq, evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıqlar oğurlamaqla zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurub. Bundan əlavə, törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibəsinin evdə olduğunu görən dəstə üzvləri qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, cinayətkar dəstənin 4 üzvü, Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddət sonra tutularaq məsuliyyətə cəlb olunub.