Bakıda restoranlar bir-birinin ardınca mərasim evlərinə çevrilir - restoran biznesinin çökməsi, ya…

16 İyul 2019 17:48 (UTC+04:00)

Son dövrlər paytaxtda fəaliyyət göstərən restoran və şadlıq evlərinin xeyli hissəsi öz işini başqa istiqamətdə qurmağa başlayıb. Belə ki, şadlıq evləri və restoranlar artıq öz profilinə uyğun deyil, mərasim evləri kimi mövcudluqlarını qoruyurlar. Bir vaxtlar toy-düyün səsi ucalan toyxanalardan indi Quran ayələri, Yasin, ağlaşma sədaları eşidilir.

Bakıdakı bəzi restoran və şadlıq evlərinin mərasim evlərinə çevrilməsinin səbəbi nədir?

Ekspertlərin qeyd etdiyinə görə, hazırda paytaxtda çoxlu sayda şadlıq evi, restoran, kafe, əyləncə yerləri var ki, ora insanların axını kütləvi deyil. Belə ictimai iaşə obyektlərinin aylarla qapısının açılmadığını deyən ekspertlər hesab edirlər ki, bu səbəbdən də həmin obyektlər öz təyinatlarını dəyişməyə məcbur olublar.

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəylinin fikrincə, buna səbəb insanların restoran və kafelərə kütləvi marağının azalmasıdır. O, həmçinin, qeyd etdi ki, hazırda paytaxtda xeyir-şər evlərinin azlıq təşkil etməsi, xeyir-şər xidməti göstərən firmaların çox baha qiymətə xidmət göstərməsi nəticəsində restoranlara yeni gəlir yeri açılıb. “Bilirsiniz ki, bu gün mərasim evləri kimi fəaliyyət göstərən restoran və şadlıq evlərinin xeyli qismi vaxtilə çox populyar olan, müştərisi bol olan obyektlərdir. Son zamanlar isə Bakıda daha gözəl restoranlar, şadlıq evləri tikilməsi nəticəsində bu restoranların müştərilərinin sayı azalmağa başladı. Restoran tanıyıram ki, ayda bir dəfə qapısını döyən yoxdur. Odur ki, onların bəziləri öz işçi heyətinin yarı hissəsini saxlamaqla mərasim evləri kimi fəaliyyət göstərirlər. Restoran biznesi bir vaxtlar çox populyar olduğundan, iş adamları, vətəndaşlar əsasən bu işlə məşğul olurdular. Amma bu gün insanlar daha çox əylənmək, istirahət etmək üçün dənizkənarı restoranlara, eləcə də Bakıya yaxın olan Qubaya, Xızıya və başqa yerlərə üz tuturlar. Bu da restoranlara tələbatın azalmasına səbəb olur. Bir-birinə yaxın yerdə yerləşən o qədər kafe, restoran var ki, onların hamısının eyni dərəcədə müştəri cəlb etməsi çətindir. O restoranların hazırda mərasim evi kimi fəaliyyətinə gəlincə, bu, sırf sosial sifarişdir. Bakının bir çox yerində xeyir-şər evləri, mərasim zalları yoxdur. “Təzəpir” və digər yerlərdə də ehsan verməyə çox adamın gücü çatmır. Bilirsiniz ki, çadır qurmaq da həddindən artıq baha başa gəlir. Bütün bu məsələlər bəzi şadlıq evləri və restoranların qarşısında yeni yol açdı. Onlar bu gün xeyir-şər evinin funksiyasını yerinə yetirirlər. Sözün açığı, bu gün restoran biznesi elə də gəlirli sahə deyil, amma o restoranların mərasim evi kimi fəaliyyət göstərməsinə tələbat var” - deyə F.Hacıbəyli qeyd etdi.

Sosioloq Şahin Hacıyevin sözlərinə görə isə restoran və şadlıq evlərinin mərasim evi kimi fəaliyyət göstərməsi paytaxtda restoranlara tələbatın az olması ilə bağlıdır. “Bu gün Bakıda saysız restoran, kafelər, əyləncə yerləri var. Bunların əksəriyyəti öz fəaliyyətlərini turistlərin marağına və tələbatına uyğun qurub. Turistlər də əsasən mərkəzdə yerləşən restoran və kafelərə üz tuturlar. Bir də onlar əsasən dənizkənarı məkanlarda yerləşən restoranlara gedirlər. Paytaxtın elə yerləri var ki, oradakı restoranlara nə turist gedir, nə də yerli sakin. Bu da restoranlar üçün böyük itki deməkdir. Odur ki, restoran sahibləri vaxtilə böyük xərc çəkib tikdirdiyi binanı saxlamaq, ondan qazanc götürmək üçün obyektin restoran kimi deyil, mərasim evi kimi fəaliyyət göstərməsini təmin edirlər. Bu gün o restoranı alan da yoxdur ki, satsın, ona görə də ondan bu cür istifadə edir” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA