Azərbaycan Xalq Hərəkatı deyilən qurumda qalmaqal - sosialistlər niyə tərk etdi...

16 İyul 2019 16:50 (UTC+04:00)

Artıq ölkədə Azərbaycan Xalq Hərəkatı adında iki qurum fəaliyyət göstərir. Əvvəl vahid olan qurumu daxili intriqalar ikiyə parçalayıb. Əldə ediyimiz məlumata görə, hətta ikiyə parçalanmış qurumlarda belə “yarpaq tökümü”, daxili qalmaqallar davam edir.

Redaksiyamıza daxil olan məlumata görə, AXH qanadlarından birində təmsil olunan Azərbaycan Sosialist Partiyası (ASP) böyük bir qalmaqalla qurumu tərk edib. Maraqlıdır ki, hadisənin ictimailəşməsində nə qurumu tərk edən partiya, nə də orada təmsil olunan digərləri maraqlı deyillər.

Məsələni dəqiqləşdirmək üçün ASP sədri Elşən Həsənovla əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında qurumu tərk etdiyini təsdiqlədi: “AXH yarananda biz də qərara gəldik ki, tribuna əldə etmək üçün həmin hərəkatda təmsil olunaq. Amma bir müddət sonra gördük ki, həmin qurumda yalnız şəxsi mənfəətlər güdülür, verilən sözlərə əməl olunmur. Qurum parçalananda biz İsgəndər Həmidovun qanadında qaldıq. Bir neçə iclasdan sonra gördük ki, ortada şəffaflıq yoxdur. Könüllü olaraq oranı tərk etdik. Sonra bir məclisdə digər AXH-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc məni onların qurumunda təmsilçiliyə dəvət etdi. Bildirdi ki, sol təmayüllü partiyaların təmsilçiliyinə ehtiyac var. Biz də müzakirələrdən sonra qərara gəldik ki, təmsil olunaq. Namizədliyimiz səsə qoyuldu və biz idarə heyətinin üzvü seçildik. İclasların birində dönəm sədrli kimi fəaliyyət göstərən Hacıbaba Əzimov vətəndaşların mülkiyyət məsələsini gündəmə çıxardı. Gördüm ki, öz şəxsi problemini qabardır və bunu AXH adı ilə həll etmək istəyir. Mən qalxıb buna etiraz etdim. Növbəti iclasda 81 yaşlı kişi mənə açıq dedi ki, ASP dövlət qeydiyyatından keçmədiyi üçün, burada təmsil oluna bilməz. Mən dedim onda niyə səsə qoyub qəbul edirdiniz? Növbəti iclası onlar parklardan birində keçirirdilər. Onda da yerlərini mənə demədilər. Gedib özüm onları zorla tapdım və nə lazımdır üzlərinə söylədim. Dedim ki, sizin kimi adamlarla bir masa ətrafında oturmağı belə özümə sığışdırmıram. Nəhayət, iyulun 15-də keçirilən iclasa qatıldım. Hacıbala Əzimov mənə dedi ki, idarə heyətinin üzvü olmadığım üçün, orada iştirak edə bilməyəcəm. Gülməli irad olduğunu iclas iştirakçılarının diqqətinə çatdırdım. Gördüm ki, hamısı susub. Etiraz edib, qurumu birdəfəlik tərk etdim. AXH-ni tərk etmək barədə partiya səviyyəsində də qərar verdik. Mən başa düşə bilmirəm, partiya sədrləri kiminsə ambisiyalarına uyğun mövqe ortaya qoyurlarsa, həqiqəti müdafiə etməkdən çəkinirlərsə, sabah onlar xalqı necə idarə edəcəklər? Bu adamlar öz şəxsi məsələsini həll etmək istəyir, buna etiraz edənə isə belə aqressiya göstərirlər. Biabırçı vəziyyətdir”.

Məhəmmədəli QƏRİBLİ