Müstəqillik uğrunda 1988-1989-cu illərin Xalq Hərəkatını bir siyasi təşkilatın xidmət monopoliyasına almaq cəhdləri...

16 İyul 2019 15:14 (UTC+04:00)

Azərbaycan xalqı, 1988-ci ilin Meydan Hərəkatından başlayaraq, açıq formada bir yumruq kimi birləşərək mübarizəyə qalxdı. Əsrlərdən bəri Azərbaycan xalqı ilə onun düşmənlərinin arasında gedən savaş gizli siyasi fəaliyyətlərdən açıq kütləvi hərəkata keçdi.

1920-ci ildə azadlığını və dövlət müstəqilliyini itirmiş, Rus imperiyası tərəfindən əsarətə alınmış, 70 il repressiyalarla susdurulmuş Azərbaycan xalqı növbəti dəfə ayağa qalxdı və təşkilatlanmağı bacardı. Əvvəl Qarabağın üzərini almış qara buludlara - rus-erməni işğalı təhlükəsinə görə ayağa qalxan Azərbaycan xalqı cəbhələşdi və SSRİ adlanan rus imperiyasına qarşı açıq savaş açdı. Cəbhələşmiş məğrur və mübariz xalqımız təşkilatlandı, 1989-cu ilin 16 iyul tarixində Azərbaycan Xalq Cəbhəsini təsis edib, Milli Azadlıq Hərəkatına təşkilati formada start verdi. Hazırda AXC-nin yaranmasından 30 il keçir. Ancaq siyasi arenada baş verən hadisələrdən görünür ki, bəzi təşkilatlar bu bayramı özününküləşdirmək istəyir və belə hərəkətlər də birmənalı qarşılanmır. Məsələn, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP 30 illik tarixi yalnız partiyanın yubileyi kimi qeyd etməkdə israrlıdır. Təqdimatlardan belə nəticəyə gəlinir ki, onlar həmin hərəkatın ən layiqli və hüquqi varisi kimi indiki AXCP-nin olduğunu açıq iddia edirlər. 30 illik yubileyini qeyd edən bir hərəkatı bir partiyanın inhisara almaq cəhdi nə dərəcədə doğrudur?

Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından olan, millət vəkili Fazil Mustafa “Bakı-Xəbər”ə bildirdi ki, bu adı və yubileyi heç bir partiya inhisarına ala bilməz: “Xalq Cəbhəsi adı və hərəkatı Azərbaycanda böyük dəyişiklik yaradan bir missiyanı uğurla həyata keçirib. Xalq Hərəkatından çıxan çox partiya var. Elə adamlar var ki, bu gün siyasətdə deyil, ancaq onların hamısının bu ada iddia etməyə, təntənəli yubileyi öz bayramı kimi qeyd etməyə mənəvi haqqı çatır. Təəssüf ki, Xalq Cəbhəsinin adını götürüb, lakin əxlaqını götürə bilməyənlər daha çox canfəşanlıq edirlər. Sanki bu yolu yalnız onlar davam etdirir kimi mövqe sərgiləyirlər. Halbuki,  hərəkatın lideri Əbülfəz Elçibəyə bəslədikləri münasibətləri ilə də onlar sübut ediblər ki, buna mənəvi haqları çatmır. Biz heç də demirik ki, bu gün AXCP adı ilə fəaliyyət göstərənlərin bu bayramı qeyd etməyə haqqı çatmır. Ancaq buna sahib çıxmaq kimi mövqe ortaya qoymaq haqqına sahib deyillər. Onlar, əslində, AXC adı ilə immitasiya etməklə məşğuldurlar. Bu tarixi ada sahib çıxmaq cəhdi ilə mövcudluqlarını qoruyub saxlamaq istəyirlər. Həmin Xalq Hərəkatının əsas hədəflərindən biri Azərbaycanın müstəqilliyinə nail olmaq idi. Bir çox insan bu məqsədə nail olduqdan sonra ölkənin inkişafı üçün çalışmağa başladı. Ancaq biz görürük ki, AXCP adlı bir qurum inad mübarizəsi aparır, hansısa məğlubiyyətin revanşını qazanmağa çalışır. Hər kəs hərəkatın mahiyyətinə uyğun şəkildə davranmalıdır. Elə adamlar var ki, Rəsulzadənin də adını inhisara almağa çalışır. Ancaq maraqlandıqda məlum olur ki, onun yazdığı tezislərdən birini də oxumayıb. Hansısa dəyərə sahib çıxmaq, tarixi adı mənimsəmək cəhdi hər zaman olub. Bu həmin hərəkatda iştirak edən hamının yubileyidir. Xalq Hərəkatına mərhum Heydər Əliyev, Murtuz Ələsgərov da böyük dəstək veriblər. Hətta Murtuz Ələsgərov həmin hərəkatın məclis üzvü olub. Biz necə onların rolunu dana bilərik? Adı daşımaq o demək deyil ki, sən həmin mirasa tam sahibsən. Biz çoxlu sayda Məhəmməd adında adam görürük. Bu o demək deyil ki, onların hamısı peyğəmbər əxlaqındadır. Və ya Nizami adında olan şəxslərin heç də hamısı şair deyil ki. Ad üzərində manipulyasiya etməyin əhəmiyyəti yoxdur. Bundan çox əxlaq və əməl önəmlidir. Hesab edirəm ki, bu gün Xalq Hərəkatının şinelindən çıxan hər şəxsin bayramıdır. Hamını təbrik edirəm”.

Məhəmmədəli QƏRİBLİ