Türkiyə Şimali Kiprin haqları üçün Avropanın sanksiya qərarını kağız parçası saydı

16 İyul 2019 13:33 (UTC+04:00)

Avropa İttifaqının Türkiyəyə qarşı sanksiya qərarını çox ciddiyə almaq lazım deyil". Baki-xeber.com xəbər verir ki, bunu Şimali Makedoniyada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Sputnik Türkiyə yazır ki, Çavuşoğlu “Avropa İttifaqının Türkiyəyə qarşı sanksiya qərarını çox ciddiyə almaq lazım deyil” deyib

"Avropa İttifaqının Türkiyəyə qarşı sanksiya qərarını çox ciddiyə almaq lazım deyil. Bizə təsir edəcək şiylər deyil. Avropa İttifaqı hər dəfə mərkəzi banka müdaxilələri pisləyir, ancaq indi öz banklarına göstəriş verir.

Mənasız həmrəylik anlayışı ilə yunan Kipri və Yunanıstanın təzyiqilə belə qərarlar qəbud ediblər. Qəbul etdikləri qərarların həyata keçirilməsinin mümkünsüzlüyünü özləri də bilirlər.

Kipr Respublikasının könlünü almaq üçün verilmiş qərarlardır. Problem Kiprdə türk xalqının ada ətrafında haqlarına zəmanət verilməməsidir. Türkiyəyə qarşı belə qərarlar qəbul edilərsə, biz də bu istiqamətdə fəaliyyətimizi daha da artıracağıq. Aralıq dənizində üç gəmimiz var. Dördüncü gəmini də ən qısa zamanda Aralıq dənizinə göndərəcəyik. Kiprdəki türk xalqının haqqı zəmanət altına alınmayanadək biz oradakı fəaliyyətimizi davam etdirəcəyik", - deyən Çavuşoğlu Yunan Kiprinə də bir mesaj göndərib: “Aİ-ni arxalarına almasınlar, türk tərəfi ilə masaya otursunlar”.

Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Avropa İttifaqının ən yüksək səviyyədə dialoqu dayandırmaq barədə qərarına baxmayaraq, rəsmi Ankaranın Aralıq dənizində karbohidrogenlərin hasilatını davam etdirəcəyini bəyan edib.

Qeyd edilir ki, Türkiyə bundan sonra da öz hüquqlarını və Kipr türklərinin hüquqlarını qorumağa davam edəcək, həmçinin bu aspektdə öz fəaliyyətini aktivləşdirəcək.

Qeyd edək ki, hazırda Kiprə məxsus xüsusi iqtisadi zonada Türkiyəyə məxsus iki qazma gəmisi - "Fatih" və "Yavuz" var. Yunanıstan və Kipr bunu təxribat adlandırıb. Türkiyə tərəfi hesab edir ki, regiondakı təbii sərvətlərdə haqqı var.

Xatırladaq ki, ötən gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması ilə bağlı bu ölkəyə qarşı sanksiyalar qəbul edib.

Belə ki, qərara əsasən, Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edir və Assosiasiya Şurasının iclasını ləğv edib.

Bundan əlavə, Şura Avropa İnvestisiya Bankına Türkiyədə kredit fəaliyyətinə yenidən baxmağı və Ankaraya maliyyə yardımını azaltmağı məsləhət görüb.

Nazirlər eyni zamanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogeriniyə Türkiyəyə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanmasını da məsləhət görüblər.

"Focus" nəşri yazır ki, Türkiyə tərəfi öz mövqeyini dəyişməsə, Avropa İttifaqı geoloji kəşfiyyat işlərində iştirak edən şirkətlərə və ayrı-ayrı şəxslərə qarşı da məhdudlaşdırıcı tədbirlər qəbul edə bilər.