Mərkəzi Bank inflyasiyanı 4,2 faiz həddə saxlaya biləcəkmi – mövsümi aqrar məhsullar belə bahalaşdısa...

16 İyul 2019 14:35 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) hesab edir ki, bu il inflyasiya elan edilmiş çərçivədə, yəni 4,2 faiz səviyyəsində qalacaq. Mərkəzi Bank inflyasiyanın sözügedən həddə olacağını müəyyən arqumentlərlə əsaslandırır. Belə ki, Mərkəzi Bankın hesablamalarına görə, qısamüddətli inflyasiya risqlərinin balanslaşdırılmasına imkan verən sabitləşdirici amillər qalmaqdadır.

Bununla bağlı bank tərəfindən qeyd olunub ki, inflyasiyanın sabitləşməsinə təsir göstərən əsas amillər sırasına əlverişli beynəlxalq konyunktur, profisitli tədiyyə balansı, balanslaşdırılmış valyuta bazarı və antiinflyasiya xarakterli monetar şərtlər daxildir.

Bütün bunlardan çıxış edərək MB hesab edir ki, bu il inflyasiya 4,2 faiz səviyyəsində qalacaq. Ancaq nəzərə alsaq ki, bir sıra məhsulların qiymətində bahalaşma var, o zaman inflyasiya səviyyəsinin il ərzində göstərilən həddə olacağı real görünmür. Məsələn, mövsüm dövrü olmasına rəğmən, bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olaraq qalmaqdadır. Meyvə-tərəvəzin qiyməti mövsümə xas olmayan dərəcədə bahadır. Bununla belə, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən 2 dəfəyə yaxın fərq var. Bakıda məhsulları daha baha təklif edirlər.

Bütün bunların fonunda, bu il inflyasiyanın 4,2 faiz səviyyəsində qalacağı nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, inflyasiya göstərilən rəqəmdən yüksək olacaq: “İnflyasiya proqnozlaşdırıldığından daha çox olacaq. Ancaq birrəqəmli olacaq. Çünki nəticə etibarilə daxildə məhsula tələbat artacaq. Artımlarla əlaqədar alıcılıq qabiliyyəti yüksələcək. Bu da yeni məhsulların qiymətinə birbaşa təsir göstərir. Eləcə də nəzərə almaq lazımdır ki, bir sıra hallarda, xüsusən də əməkhaqqı artan zaman sahibkarlar süni şəkildə qiymət artımlarına gedirlər. Bu da istehlak bazarında qiymətlərə təsir edən əsas faktorlardan biridir. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, istehlak bazarında qiymətlərə təsir edən amillər özünü göstərəcək. Ancaq biz birrəqəmli inflyasiya proqnozlaşdırırıq. Yəni Mərkəzi Bankın proqnozlaşdırdığından daha yüksək inflyasiya olacaq. Ancaq nəticə etibarilə manatın məzənnəsi indiki səviyyədə olarsa və xarici şoklar baş verməzsə, o zaman inflyasiya səviyyəsini birrəqəmli həddə saxlamaq mümkün olacaq. Lakin, bütün hallarda, ölkədə inflyasiya MB-nin proqnozlaşdırdığından daha yüksək olacaq. Bu həm də süni qiymət artımına qarşı mübarizənin hansı səviyyədə olmasından asılı olacaq. Bizim hesablamamıza görə, digər müdaxilələr baş verməzsə, mövcud şərtlər daxilində inflyasiya səviyyəsi 8 faiz ətrafında dəyişəcək. Yox, xarici şoklar baş verərsə, o zaman inflyasiya daha yüksək və ikirəqəmli olacaq”.

Vidadi ORDAHALLI