Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov yüksək nəticə göstərmiş məzunlarla görüşüb - FOTO

15 İyul 2019 16:02 (UTC+04:00)

İyulun 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Fizika fakültəsinin Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin test mərhələsində “Fizika müəllimliyi” ixtisası üzrə 57 bal toplamış məzunu Günay Məstəliyeva və Riyaziyyat fakültəsinin “İnformatika müəllimliyi” ixtisası üzrə 56 bal toplamış məzunu Könül Əkbərova ilə görüşüb.

Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov,Riyaziyyat fakültəsinin dekanı vəzifəsini icra edən dosent Araz Fərəcov, Fizika fakültəsinin Eksperimental qruplarının müəllimləri Ravil Rzayev və Gündüz Mirzəbəyli iştirak edib.

Rektor Cəfər Cəfərov Günay Məstəliyevanı və Könül Əkbərovanı təbrik edərək, onlara gələcək pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Qeyd edib  ki, onların əldə etdikləri yüksək nəticələr ADPU-nun nüfuzuna müsbət təsir edir. Bizim əsas məqsədimiz Azərbaycan məktəblərini yüksək səviyyəli pedaqoji kadrlarla təmin etməkdir. Bu baxımdan sizin əldə etdiyiniz nəticə təqdirəlayiqdir.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov və Riyaziyyat fakültəsinin dekanı vəzifəsini icra edən dosent Araz Fərəcov məzunları təbrik edərək onlara daha böyük uğurlar arzulayıb.

Günay Məstəliyeva və Könül Əkbərova Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin tam şəffaf və obyektiv keçdiyinə, müəllim olmaq istəyən şəxslərə bilik səviyyələrini nümayiş etdirmək üçün lazımi şərait yaradıldığına görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür edib. Onlar, həmçinin, göstərilən diqqətə görə ADPU-nun rəhbərliyinə minnətdarlıq edərək həmişə məzunu olduqları universitetin adını öz bilik və bacarıqları, müsbət fəaliyyətləri ilə doğruldacaqlarını vurğulayıblar.

Sonda məzunlara gül dəstələri və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.