Özəl orta məktəblərdə müəllimlərin seçilib yerləşdirilməsi dövlət nəzarətindən tam kənarda qalıb - strateji təhlükə mənbəyi...

15 İyul 2019 17:27 (UTC+04:00)

Azərbaycan məktəblərində dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bu layihələr müəllimlərin səviyyəsinin artırılmasına, ən başlıcası, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Məsələn, artıq neçə ildir müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılır. Əldə olunan nəticələrə uyğun olaraq, müəllimlər seçilir və yerləşdirilir. Bununla yanaşı, 5 ildən bir müəllimlər dövlət vəsaiti hesabına təkmilləşdirmə kurslarına göndərilir. Bu kurslar sayəsində təhsildəki yenilikləri, tədris metodikasındakı yeni yanaşmaları öyrənirlər. Bütün bunlarda məqsəd təlim və tədrisin keyfiyyətini artırmaq, müasir tələblərə uyğunlaşdırmaqdır.

Ancaq dövlət təhsil müəssisələrindən fərqli olaraq, özəl məktəblərdə bu kimi layihələrin həyata keçirilməsində Təhsil Nazirliyi iştirak edə bilmir. Düzdür, həmin məktəblər özəl olduğu üçün, ümumən, onların tədris fəaliyyətinə hər hansı müdaxilə etmək olmaz. Ancaq Gülən məktəblərinin yaratdığı fəsadları nəzərə alsaq, bunun nə qədər vacib olduğu ortaya çıxır. Məsələ ondadır ki, həmin məktəblərdə şagirdlərin beyni, bir növ, yuyulurdu. Milli dəyərlərdən uzaq olan bu məktəblər şagirdləri öz “dəyərləri” çərçivəsində hazırlayırdılar. Bunun da hansı fəsadlar törətdiyi kifayət qədər ictimaiyyətə məlumdur. Ona görə də kim zəmanət verə bilər ki, özəl məktəblərdə tədrislə məşğul olan müəllimlər bütün tələblərə uyğundurlar?

Təhsil strateji bir sahə olduğu üçün bu məsələ çox əhəmiyyət kəsb edir. Ona görə də özəl məktəblərin fəaliyyətinə müdaxilə etmədən Təhsil Nazirliyi metodik baxımdan bunda necə iştirak edə bilər? Ümumən, bunu necə təşkil etmək olar?

Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Məlahət Mürşüdlü buna bir neçə aspektdən yanaşdı: “Özəl məktəblər dövlət qurumları tərəfindən təsdiq edilmiş lisenziya əsasında, özünün nizamnaməsinə uyğun fəaliyyət göstərirlər. Orada müəllimlərin seçilib yerləşdirilməsi, onların metodik pedaqoji peşəkarlığının artırılması kimi məsələlər birbaşa özəl məktəblərin özlərinə aiddir. Özəl təhsil müəssisəsi tərəfindən Təhsil Nazirliyi dəvət olunarsa, hesab edirəm burada bir problem yoxdur. Ümumən, dövlət bu prosesdə iştirak edə və özəl məktəblərdə müəyyən layihələr həyata keçirə bilər. Çünki özəl məktəblərdə çalışan müəllimlər də Azərbaycan ali məktəblərinin məzunlarıdırlar. Bu o demək deyil ki, dövlət özəl məktəblərin fəaliyyətinə müdaxilə edir. Özəl məktəbin idarəetmə rəhbərliyinin şurası tərəfindən müraciət olunarsa, Təhsil Nazirliyinin bu proseslərdə iştirak etməsində bir problem yoxdur. Xarici ölkələrə aid özəl məktəblərin fəaliyyətinə gəldikdə də analoji yanaşma olmalıdır. Yəni Təhsil Nazirliyi metodiki yardım göstərə bilər. Eyni zamanda, bəzi məsələlərdə məsləhət, zəmanət verə bilər. Bu metodlarla sözügedən prosesdə iştirak edə bilər, amma birbaşa müəllimlərin məktəb daxilində yerləşdirilməsinə, onların metodik elmi, pedaqoji səviyyəsinin artırılmasına məktəb rəhbərinin razılığı olmadan təsir edə bilməz. Çünki özəl məktəblər də ölkə qanunları çərçivəsində fəaliyyət göstərirlər”.

Vidadi ORDAHALLI