Gömrüklərdə saxlanan tez xarab olan mallara məcburi sığorta təklifi...

15 İyul 2019 16:53 (UTC+04:00)

Bu gün Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının bir qismi ixrac olunur. İxrac olunan aqrar məhsullar bəzən nəzarət-buraxılış, gömrük məntəqələrində müəyyən səbəblərdən saxlanır. Məhsulların xarab olmaması üçün xüsusi anbarlarda yerləşdirilir. Buna rəğmən, bəzən tez xarab olan məhsulların müəyyən hissəsi istifadəyə yararsız olur. Təbii ki, bu hal sahibkarların işinə mənfi təsir edir.

Bu səbəbdən də Maliyyə Bazarlarına Nəzarət Palatası saxlanc yerlərində müvəqqəti saxlanan malların icbari sığortasını təklif edib. Nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində və digər saxlanc ərazilərində saxlanan, sahibkarlara məxsus malların sığortalanmasına nail olmaq üçün işlər aparılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov qeyd edib ki, Dövlət Gömrük Komitəsi və digər qurumların müvəqqəti saxlanc yerlərində sahibkarlara məxsus əmlakların icbari qaydada sığortalanması məhsulu barədə düşünülür. Bu gün bu məhsula böyük ehtiyac var.

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı Vüqar Bayramov dedi ki, kənd təsərrüfatı məhsulları nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində qalırsa, bir qismi qısa zamanda xarab olur və sahibkara, fermerə ziyan dəyir. Əslində, fermerlər, sahibkarlar məhsullarını həm də belə ziyanlardan sığorta etdirməyə çalışmalıdırlar: “Nəzərə almaq lazımdır ki, nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində sahibkarın məhsulu qalırsa, bir qismi xarab olur və nəticə etibarilə o itirir. Amma aqrar sığorta olarsa, sahibkara dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcək".

Onun sözlərinə görə, hazırda aqrar sığorta təklif olunsa da, bundan istifadə səviyyəsi olduqca aşağıdır: "Dövlət büdcəsindən ayrılan vəsaitlər belə istifadə olunmur və büdcəyə qayıdır. Ona görə bu istiqamətdə də təkmilləşdirmənin aparılmasına ehtiyac var. Birmənalı şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası və sığorta şirkətləri çalışmalıdırlar ki, aqrar sığortadan istifadənin dairəsi genişlənsin".

Günel CƏLİLOVA