Altı ayda investisiya qoyuluşu azı 3 faiz azalıb...

15 İyul 2019 15:12 (UTC+04:00)

Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyalar 6 milyard 131 milyon 600 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə investisiyaların həcmi 200 milyon 100 min manat, yaxud 3,1 faiz azalıb.

2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 131,6 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 331,7 milyon manat vəsait yönəldilib.

Ümumi sərmayənin 63,8 faizi məhsul istehsalı sahələrinə, 26,6 faizi xidmət sahələrinə, 9,6 faizi isə ümumi sahəsi 1087,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,7 faiz, büdcə vəsaitləri 27,7 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, bank kreditləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil edib.

Maraqlıdır, ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyata sərmayə qoyuluşu niyə azalıb?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, iqtisadiyyata birbaşa sərmayə qoyuluşunun azalmasının səbəbləri ayrı-ayrılıqda araşdırılmalıdır: “Çünki ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun azalması yaxşı hal deyil. Belə hallarda iqtisadiyyatda istənilən nəticəni əldə etmək mümkün deyil. Xüsusən də Azərbaycan iqtisadiyyatında investisiyanın səviyyəsini böhrandan əvvəlki səviyyəyə çatdırmaq olduqca önəmlidir. Hesab edirəm ki, bu hardasa, bütövlükdə, yatırımların daxili və xarici mənbələr hesabına azalması ilə bağlıdır. Fikrimcə, bunun səbəbləri ayrı-ayrılıqda araşdırılmalıdır ki, nəyə görə sərmayə qoyuluşu azalır. Ola bilsin ki, burada bir sıra həm obyektiv, həm də subyektiv səbəblər var. Ancaq, hər halda, hesab edirəm ki, bütövlükdə, dövlət özü də sözügedən sahədə məsələləri xüsusi diqqətdə saxlayıb investisiyaların həcminin artırılmasına çalışmalıdır. Məxsusən də o investisiyaları ki, onlar iqtisadiyyatda əlavə dəyər, yeni məhsul yaradırlar, yeni iş yerlərinin yaradılmasına rəvac verirlər. Fikrimcə, bu yöndə lazımdır ki, işlərimizi bir az da intensivləşdirək. O məqsədlə ki, ümumi iqtisadiyyatımız daha yaxşı nəticələr əldə etsin. Fikrimcə, iqtisadiyyata sərmayə qoyuluşunun azalmasının daxili, yoxsa xarici mənbələr hesabına baş verməsinin səbəbləri araşdırıldıqdan sonra bütün bunlar aydınlaşacaq”.

Vidadi ORDAHALLI