Bioloq alimlər də Şəki Xan Sarayı qarşısındakı 500 illik ağacdan budaq qopmasını sırf təbii hadisə sayır

15 İyul 2019 14:25 (UTC+04:00)

Bir neçə gün əvvəl UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakı sessiyasında UNESCO-ya daxil edilən Şəki Xan Sarayı öz gözəlliyi və unkallığı ilə dünya turistlərinin diqqət mərkəzindədir.

Məlum olduğu kimi, iyulun 14-də Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan xan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində ərazidə olan turistlər xəsarət alıblar. Hadisə zamanı 19 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

Hadisə baş verdikdən dərhal sonra Bakıdan FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndəriliblər. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492-55-40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498-78-46 saylı “qaynar xətt” əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsini Prezident İlham Əliyev xüsusi nəzarətə götürüb.

Mütəxəssislərin bildirdiyinə görə, Şəki şəhərindəki Xan Sarayının həyətindəki xan çinar 1530-cu ildə əkilib. Gövdəsi 7.3 metrdir. Hündürlüyü 34 metrdir. Xan Sarayının qarşısında olan çinarlar “Qırmızı kitab”a salındığından, onları kəsmək qadağandır. Çinarlar Şərq çinarı növünə aiddirlər. Ağacların Xan Sarayının binası üçün hələlik təhlükəsi olmadığı deyilsə də, 500 illik yaşı olan bu ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüyü məlumdur.

500 illik ağacın gövdə və budaqlarında bioloji olaraq hansı proseslər gedə bilər? Hadisə ağacın budaqlarının çürüməsi nəticəsində baş verə bilərmi?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının direktor əvəzi, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyev “Bakı-Xəbər”ə bildirdi ki, hadisənin baş verməsinə səbəb təbiət amilidir. V.Fərzəliyev hesab edir ki, hadisənin baş verməsində antropogen təsirin rolu yoxdur. “Mən Şəki Xan Sarayının qarşısındakı 500 illik xan çinarın budağının qırılmasını birbaşa təbiət amili ilə bağlayıram. Bilirsiniz ki, son günlər davamlı olaraq möhkəm yağışlar yağıb. Nəzərı alın ki, ağacın özü də kifayət qədər yaşlı ağacdır. Aramsız yağışlar çinarın budaqlarını ağırlaşdırıb və onun qırılmasına səbəb olub. Nəmişliyin yaşlı ağaclara mənfi təsirləri çoxdur. Yağış nəticəsində yaranan nəmişlik də budağı ağırlaşdırıb. Həm aramsız yağış, həm də güclü külək o ağacda deformasiya yaradıb. Bununla belə, gərək həmin ağac və onun sınan budağı dərindən analiz edilsin, ondan nümunələr götürülsün, bundan sonra budağın qırılma səbəbi tam aydın olar”.

V.Fərzəliyev qeyd etdi ki, xan çinarlar Şərq ölkələrindən, Aralıq dənizindən tutmuş, Qafqaza, Orta Asiyaya qədər hər yerdə əkilir və bu uzunömürlü ağac növüdür. Hələ qədim dövrlərdən Azərbaycanda xan çinar əkildiyini deyən müsahibimizin sözlərinə görə, həm bu ağacın kölgəsi yaxşı olur, həm o güclü mikro klimaks yaradır, həm də xəstəliklərə və zərərvericilərə qarşı davamlıdır. “Xan çinar çox gözəl ağac növüdür və onu vaxtında əkiblər. Bir ağac kimi xan çinar çox qiymətli ağacdır və Azərbaycanın “Qırmızı kitabı”na daxil olub. Eyni zamanda da həmin xan çinarın özü tarixi bir abidədir” - deyə bildirən V.Fərzəliyev təbiətin təsiri ilə baş verən olayın üzücü olduğunu da qeyd etdi. Onun sözlərinə görə, bu cür təbiət hadisəsi yalnız Azərbaycanda deyil, bütün dünyada baş verə bilər. 

İradə SARIYEVA