Bakı ilyarımdan sonra NATO – Rusiya dialoqunu bərpa etdi – Bakı görüşü dünya analitikləri üçün bir saylı məsələyə döndü...

11 İyul 2019 18:08 (UTC+04:00)

Bakıda Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Birləşmiş Qüvvələrinin Komandanı Ted Uolters arasında görüş beynəlxalq miqyasda da xüsusi diqqətlə izlənir. Ən azı o baxımdan ki, indiki şəraitdə NATO - Rusiya münasibətləri kifayət qədər gərgindir və məhz Bakı görüşünün bu gərginlyin aradan qalxmasına gətirib çıxaracağı proqnozlaşdırılır.

Görüş üçün yenidən Bakının əsas məkan kimi seçilməsi isə tamamilə təbii sayılır. Çünki  NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir. Bu baxımdan Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. Həmçinin NATO da Ermənistanı görüş yeri kimi qəbul etməz. O baxımdan ki,  Ermənistan Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Buna görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir. Digər tərəfdən, Bakının artıq belə görüşlərin təşkili üçün yaxşı təcrübəsi də mövcuddur. Belə ki, Bakı 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Valeri Gerasimov arasında keçirilən görüşə, həmin ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasındakı görüşə və 2018-ci ilin aprelində yenə Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasındakı görüşə ev sahibliyi edib.

Yuxarıda qeyd olunduğu kimi, NATO ilə  Rusiya arasında mülki və hərbi sahə üzrə əməkdaşlıq tamamilə dayandırılıb. Bu barədə cari ilin aprelində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirmişdi. Onun sözlərinə görə, əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb. Qruşko o vaxt açıq mətnlə qeyd etmişdi ki, hərbi blokla Rusiya arasında münaqişə bəşəriyyət üçün fəlakət ola bilər. Bu mənada bir-biri ilə əməkdaşlığı dayandıran iki tərəfin Bakıda yenidən görüşməsi dünya miqyasında təhlükəsizlik üçün vacib sayılır. Digər tərəfdən, bu görüşün yenidən Bakıda keçirilməsinin bir sıra üstünlükləri var. Azərbaycan heç kimin təsiri altında deyil. Eləcə də Azərbaycan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmadığından, qarşı tərəf üçün Rusiyanın hərbi cəhətdən təsir dairəsinə daxil deyil. Azərbaycan NATO-ya da üzv deyil və alyansın Azərbaycanla münasibəti daha çox əməkdaşlıq səviyyəsindədir. Məsələnin bu tərəfinə nəzər salan Rusiyanın Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev də qeyd edir ki, Azərbaycan çoxdan Rusiya və NATO-nun danışıqlar üçün təbii meydanına çevrilib. Onun sözlərinə görə, Azərbaycan neytral mövqe tutur və bunun üçün də burada danışıqlar aparmaqda təəccüblü heç nə yoxdur. Belə ki, regionun bütün ölkələrinin nəyəsə münasibətdə problemləri mövcuddur. Ermənistan Azərbaycan və Türkiyə ilə elə də rəvan münasibətlərə sahib deyil, İran beynəlxalq geosiyasi və hərbi təcriddədir, Rusiya sanksiyalar altındadır, Gürcüstanda qeyri-stabillik, Minskdə Rusiya ilə münasibətlərdə çətinliklər yaşanır. Bu siyahını uzatmaq da olar. Bakı yaranmış situasiyadan effektiv istifadə edə bilir. Rusiya və ABŞ-ın etdiyi seçimdə təəccüblü heç nə yoxdur”. Rusiyanın hərbi-siyasi ekspert Oleq Kuznetsovun sözlərinə görə isə, Bakı Qərb və Rusiya arasında etibarlı körpüyə çevrilib: “Bakının dünya arenasında rolu hər gün daha da artır. Bu, Azərbaycana olan etimadın göstəricisidir. Üstəlik, bu məsələdə ölkənin müstəsna coğrafi mövqeyi - Asiyanın bütün regional yaralı nöqtələrinə - İran, İraq, Suriya, Fars körfəzinin kiçik ölkələrinə və Səudiyyə Ərəbistanına yaxınlığı da rol oynayır”.

Ekspert qeyd edib ki, Azərbaycanın uğurlu xarici siyasəti və beynəlxalq arenada müsəlman - xristian sivilizasiyalarının kəsişmə və dialoq məkanı kimi yüksək imici BMT və UNESKO himayəsi altında “Bakı prosesi”ndə öz əksini tapdı: “Tərəflərin Azərbaycandan qərəzsiz platforma kimi istifadə etməsində ölkənin heç bir bloka qoşulmaması, Rusiya və onun KTMT müttəfiqləri, xüsusən Belarusla olduğu kimi, həmçinin ABŞ-ın NATO müttəfiqləri Türkiyə, Almaniya və İtaliya ilə, Vaşinqtonun müstəqil və əsas strateji müttəfiqi sayılan İsraillə hərbi-texniki sahədə çoxvektorlu əməkdaşlığı da öz rolunu oynayır. Bakı rus və amerikalı hərbi ekspertlərin danışıqlar aparması üçün qarşılıqlı anlaşma və konstruktiv dialoq naminə əlverişli atmosferə malik rahat məkan reputasiyası formalaşdırıb. Bütün bunlar olmasaydı, çətin ki, iki supergücün əsas hərbi rəhbərləri mütəmadi olaraq Bakıda görüşərdi. Onların ünsiyyətində kiçik bir qüsur olsaydı, o zaman keçmiş uğursuzluqları xatırlamamaq üçün danışıqlar məkanını dəyişərdilər”.

Beləiklə, bütün bu qeyd edilənlər aydın göstərir ki, Azərbaycanın dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirməsi öz müsbət nəticələrini verir. Bunu aydın görən ABŞ, həm də Rusiya onu da nəzərdən qaçırmır ki, Bakı onlarla eyni dərəcədə qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Eyni zamanda Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir. Görüşün keçirilməsində Bakının seçilməsi onu da deməyə əsas verir ki, beynəlxalq hərbi birliklərə üzv olmasa da, Azərbaycan ABŞ, Avropa İttifaqı və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir və onların hörmət bəslədiyi dövlətdir. Bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində uğurlu iştirakı Azərbaycanın təkcə regionda deyil, daha geniş miqyasda sabitləşdirici rol oynadığının göstəricisidir. Politoloq Qabil Hüseynlinin sözlərinə görə isə, belə bir əhəmiyyətli görüşün Bakıda keçirilməsində lider amili də mühüm rol oynayır: “Azərbaycanın siyasi rəhbərliyi dünyada kifayət qədər tanınıb. Bakı kimi dünyanın ən gözəl şəhərlərindən birinin inkişaf etməsində ölkə siyasi rəhbərliyinin böyük rolu var. Üstəlik, Prezident İlham Əliyev müxtəlif beynəlxalq görüşlərdə, Davos iqtisadi forumunda, İƏT-in tədbirlərində və digərlərində ölkəmizi təmsil edən biri kimi diqqət mərkəzindədir. İlham Əliyevin yüksək siyasi mədəniyyətə və nitqə malik olması, bir neçə dildə sərbəst danışması onun ölkə başçısı kimi xüsusi çəkisini daha da artırır. Zənnimcə, ölkə rəhbərliyi belə tədbirlərin Bakıya yönəldilməsində əhəmiyyətli rol oynayır”.

Tahir TAĞIYEV