Əvvəlki üç NATO-Rusiya yüksək hərbi görüşü konkret nəticələr vermişdi, son Bakı görüşündən gözləntilər...

11 İyul 2019 17:18 (UTC+04:00)

Ümumilikdə, son illərdə NATO hərbi komandanlığı və Rusiya yüksək rütbəli hərbçilərinin görüşü üçün məhz Bakının seçilməsi artıq bir ənənə halını alıb. Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha çox artırmamağa xidmət edir. Bu baxımdan, Bakıdakı dialoqun əhəmiyyəti böyükdür. Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan rolunu bir daha ortaya qoyur.

İndiyə qədər bir neçə belə görüş olub. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı Tod Uoltersin Bakıya sonuncu işgüzar səfərləri də belə deməyə ciddi əsas verir. Generallar iyulun 10-da Prezident İlham Əliyevin qəbulunda olublar, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparıblar. Daha sonra V.Gerasimov və T.Uolters arasında görüş olub. Göründüyü kimi dünyanın qüdrətli iki süpergücü yenidən Bakıya etibar edib.

Bu, Rusiya və NATO rəsmilərinin Azərbaycan paytaxtında ilk görüşü deyil. Alyansa üzv dövlətin təmsilçisi ilə Rusiyanın hərbi rəsmisi arasında ilk görüş 2017-ci ilin fevral ayında olub. Onda Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danfordla görüşmüşdü. Həmin il sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin sədri Petr Pavellə Bakıda görüş keçirib. 2018-ci il aprelin 19-da Valeri Gerasimov Azərbaycan paytaxtında NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının Baş komandanı Kertis Skaparotti ilə görüşüb. Ötən görüşlərlə bağlı yayılan məlumatlara görə, tərəflər mövcud vəziyyətə dair məsələləri müzakirə ediblər. Həmin görüşlərdə hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğu vurğulanıb. Keçmiş  görüşlərdən birində Valeri Gerasimov NATO-nun Rusiya sərhədləri yaxınlığında mövcudluğunun artmasını qeyd edərək, bu istiqamətdə gərginliyin azalması üçün şəraitin yaradılmasını diqqətə çatdırıb.

XXI əsrin son 4 ili NATO-Rusiya münasibətlərində gərgin və böhranlı dövr kimi xarakterizə edilir. Belə görüşlər üçün Bakının seçilməsi Azərbaycanın regionda həm hərbi, həm siyasi, həm də coğrafi mövqeyindən, o cümlədən, hər iki güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. Yüksək rütbəli generalların, Baş Qərargah rəislərinin Bakıda mütəmadi görüş keçirmələri Azərbaycanın regional dövlət kimi statusunu artırır. Sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir

Azərbaycan  təkcə yerləşdiyi  regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Ölkəmiz həm də Şərqlə Qərb arasında körpü rolunu oynayır. Sonda bir amilə özəlliklə diqqət yetirmək istərdik, Bakıının görüş yeri kimi seçilməsinin özü birbaşa Azərbaycan rəhbərliyinin, cənab Prezidentin və onun komandasının istər NATO, istərsə də Rusiya ilə seçdiyi əməkdaşlıq kursu onun həm NATO ilə əlaqələrini gücləndirir, perspektivli olmasını əsaslandırır, bu da düşünülmüş addımlar sayəsində regionun böyük dövlətlərini əsla qıcıqlandırmır. Bu özəlliyinə görə Azərbaycan-NATO münasibətləri NATO-Ermənistan və NATO-Gürcüstan münasibətlərindən keyfiyyətcə fərqlənir ki, bu da Bakıda keçirilən görüşlərin ənənə halını almasına şərait yaradır.

Bakıda tərəflər arasında baş tutan bundan əvvəki görüşlərin analizi və onlardan sonra verilən bəyanatlar göstərir ki, tərəflər hər zaman belə görüşlərin nəticəsindən razı qalıblar. Xüsusilə də dünyanın qaynar nöqtələrində sabitliyin yaradılması və gərginliyin aşağı salınması istiqamətində əldə olunan razılıqlar dünyanın ümumi təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyıb. Yəni Bakı qlobal təhlükəsizliyin təmin olunmasında uğurlu bir vasitəçilik etmiş olub. Məlumdur ki, görüşlər nəticəsiz olsaydı, yenidən uğurlu məkan kimi Bakı seçilməzdi. Azərbaycan bir çox sahədə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib və artıq belə görüşlərin Bakıda keçirilməsi təəccüb doğurmur. Şübhəsiz ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin başqa səbəbləri də var.

Bu, Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətin prioritetlərinə görə Şərqlə Qərb arasında körpü rolunu oynamasıdır. Azərbaycan dövlətinin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu, dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın həm Rusiya, həm də NATO ilə normal əməkdaşlıq münasibətləri var. Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında fəal iştirak edir və eyni zamanda, heç bir hərbi-siyasi blokun üzvlüyünə can atmır. Əksər ekspertlər hesab edirlər ki, bu görüşlərdə böyük nəticə əldə ediləcəyini gözləməyə dəyməz. Çünki son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır. Bundan başqa, ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb. Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha çox artırmamağa xidmət edir. Bu baxımdan Bakıdakı dialoqun əhəmiyyəti böyükdür.

Məhəmmədəli QƏRİBLİ