Paşinyan hakimiyyətə gələndən ABŞ-ın bu ölkəyə münasibəti daha da pisləşib – 193 ölkədən 170-cisi...

11 İyul 2019 16:49 (UTC+04:00)

“Keçən il ABŞ Konqresinin erməni məsələləri üzrə komissiyası tərəfindən Tramp-Paşinyan yüksək səviyyəli görüşünün təşkil edilməsinə cəhd edilsə də, təşkilatçılar sırasında Tramp siyasətinin fəal tənqidçisi olan konqresmenlərin - Adam Şif və Franks Palonun olduğunu nəzərə alaraq, görüşün iflasa uğrayacağını öncədən güman etmək olardı”. Bu barədə Erməni Amerika Araşdırmaları Mərkəzinin məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, müstəqillik əldə etdikdən bu günədək Ermənistan ABŞ-dan 2 milyard dollaradək xarici yardım alıb. Lakin indi vəziyyət yalnız Ermənistanda deyil, həmçinin, ABŞ-da da dəyişib: “2018-ci ildə baş verən inqilabdan sonra ABŞ 14 milyon dollar həcmində Ermənistan üçün maliyyə yardımının həcmini artırsa da, bu əsasən demokratik proseslərə və ümumi dəyərlərə dəstək məqsədilə edilən siyasi jest idi”.

Məqalədə o da qeyd olunur ki, artıq Ermənistan-ABŞ siyasi münasibətlərində yüksək səviyyəli görüşlər tükənib: “Ermənistanın bir sıra rəsmi şəxsləri, o cümlədən, xarici işlər naziri, müdafiə naziri, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri və Təhlükəsizlik Şurasının katibi işgüzar səfərlə ABŞ-da olsalar da, eyni səviyyəli həmkarları ilə görüşlərə nail ola bilməyiblər. Ermənistan-ABŞ münasibətlərində bu, yaxşı hal hesab oluna bilməz. Ona görə ki, 193 ölkə arasında Ermənistan ABŞ-la ticarət tərəfdaşlığı sıralamasında 170-ci yeri tutur. İndiki ABŞ administrasiyasının biznesyönümlü olduğunu nəzərə alaraq, məhz iqtisadi sahənin ABŞ-la münasibətlərdə mühüm rol oynaya biləcəyini qeyd etmək olardı. Lakin təəssüf ki, bu da baş vermədi”.

Paşinyan “məxməri inqilab” dalğasında hakimiyyətə gəldiyi və islahatlarla bağlı çoxsaylı populist vəd verdiyi üçün, prinsipcə, bu özünü Ermənistan-ABŞ münasibətlərində, iki ölkənin ticarət əlaqələrinin artmasında göstərməli idi. Ancaq, göründüyü kimi, bunların heç biri baş verməyib. Ermənistan 193 ölkə arasında ABŞ-la ticarət tərəfdaşlığı sıralamasında 170-ci yerdədir. O baxımdan, bütün bunları ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, bütün bunlar təsadüfi deyil: “ABŞ-la bu ölkənin münasibətləri Paşinyanın özü tərəfindən korlandı. Yəni Paşinyan “məxməri inqilab”a pul qoparmaq nöqteyi-nəzərdən yanaşdı.Yəni yanaşması belə idi ki, inqilabdan sonra gərək ABŞ və Avropa İttifaqı ona pul versin. Guya Ermənistan Rusiyanın təsir zonasından çıxacaq və bu səbəbdən Ermənistana maliyyə yardımı edilməlidir. Bunu həm də onunla əsaslandırmağa çalışırdılar ki, guya Ermənistanın yeni hakimiyyəti demokratik yol seçib və s. Bir sözlə, Paşinyan Ermənistanın ABŞ-la münasibətlərini pul üzərində qurmağa çalışdı. Birləşmiş Ştatlar da təbii ki, belə bir variantı qəbul edə bilməz. Xüsusən də indiki dövrdə. Bu səbəbdən Ermənistan ölkələr arasında ABŞ-la ticarət tərəfdaşlığı sıralamasında yerində sayır. Ermənistan vacib ölkə olsaydı, mənzərə fərqli ola bilərdi. Digər bir tərəfdən, ABŞ-ın hazırkı Cənubi Qafqaz dövlətlərinə münasibəti konfrantasiyadan qaçmaq məqsədi daşıyır. Ermənistan isə ancaq qarşıdurma axtarır. Ona görə də Ermənistanın ABŞ-ın yanında yeri yoxdur. ABŞ görür ki, Cənubi Qafqazda ən yaxşı regional siyasət yeridən ölkə Azərbaycandır. Bu səbəbdən Azərbaycandan nə İrana, nə də Rusiyaya qarşı heç bir şey tələb etmir. Bütövlükdə, Cənubi Qafqazda ABŞ üçün ən vacib dövlət Azərbaycandır”.

Vidadi ORDAHALLI