Luvrdakı Azərbaycan xalçalarında şübhəli nə var ki, erməniləri iştahlandırıb…

11 İyul 2019 16:08 (UTC+04:00)

Dünyanın bir çox məşhur muzeyinin ekpozisiyasında nümayiş olunan Azərbaycan xalçaları seyrçilərin çox maraq göstərdikləri eksponatlar sırasına daxildir. Amma təəssüf ki, bir çox hallarda xalçalarımızın təqdimatında müəyyən yanlışlıqlar olur. Bildiyimiz kimi, bəzi populyar muzeylərdə xalçalarımız əsasən Qafqaz və İran xalçası kimi təqdim edilir. Bu da onu göstərir ki, hələ də bizim mədəniyyətimizə qarşı qərəzli mövqedə olanlar var.

Azərbaycan xalçaları Fransanın məşhur Luvr muzeyinin ekspozisiyasında da nümayiş olunur. Luvr ekspozisiyasında sərgilənən xalçalarımız növbəti erməni saxtakarlığı ilə qarşılaşıb. Bakının evsahibliyi ilə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunan “Azərbaycan mədəni irsi Luvr muzeyində” adlı sərgidən ermənilər sui-istifadə etməyə cəhd göstəriblər. Tarixən mədəni dəyərlərimizə qarşı iddialar irəli sürən ermənilər ekpozisiyada nümayiş olunan üç qədim Azərbaycan xalçasında “erməni mədəniyyətinin izləri” olduğunu qeyd edirlər.

Əlbəttə, erməni mətbuatı bu məsələdə, həmişə olduğu kimi, yenə də canfəşanlıq göstərir. Onlar iddia edirlər ki, sərgidə nümayiş olunan 3 xalça üzərində xaç işarələri “ermənilərə aiddir”. Bu xalçaları erməniləşdirməyə cəhd göstərənlər, əslində, xaç işarəsinin türk mədəniyyəti ilə bağlı olduğunu unudurlar.

Ermənilərin Azərbaycan xalçalarına qarşı irəli sürdüyü xaç iddiasının nə kimi əsası ola bilər? Ermənilər bizim xalçaları niyə mənimsəmək istəyirlər?  Yeri gəlmişkən bildirək ki, xaç işarəsinin ermənilərlə heç bir əlaqəsi yoxdur. 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas İlhamə Qəsəbova “Bakı-Xəbər”ə bildirdi ermənilərin xalçalarımızdakı xaç işarələrini erməniləşdirməsi absurddur. Bunun heç bir tarixi, mədəni əsası olmadığını deyən folklorşünasın sözlərinə görə, xaç qədim türklərin dünya haqqında təsəvvürlərindən yaranmış model, günəşin müqəddəs simvolu idi. O qeyd etdi ki, xaç işarəsi Azərbaycan xalqının əcdadları tərəfindən yaradılıb və Azərbaycanın maddi-mədəni dəyərləri sırasına daxildir. “Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olub. O zamankı insanların günəş obrazını yerdə, torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olub. Məhz buna görə də xaç işarələri xalçalarımızda, qədim daş abidələrimizdə, qayaüstü rəsmlərimizdə öz əksini tapıb. Ermənilərin bizim xalçaların üzərindəki xaç işarələrinə görə onlara iddia etməsinin, onları erməniləşdirməyə cəhd göstərməsinin heç bir əsası yoxdur” - deyə alim qeyd etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan isə bildirilənə görə, ermənilər xalçalarımızın üzərindəki xalçaları əsas götürərək onları “erməniləşdirməyə” cəhd göstərməsi qəbuledilməzdir. “Xalçanı hələ e.ə. II əsrdən toxuyublar", "carpet beynəlxalq sözü əslində erməni sözüdür" kimi cəfəng fikirlər səsləndirən ermənilərin bu iddiasına o qədər də təəccüblənmək lazım deyil”.

“Azərilmə” Xalçaçılıq Mərkəzindən isə “Bakı-Xəbər”ə verilən məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, xalçaçı-ekspert, tarix üzrə elmlər doktoru, professor Vidadi Muradovun ermənilərin iddiasına münasibəti kəskindir.

V.Muradov bildirib ki, Azərbaycan xalçaları Azərbaycan tarixinin tərkib hissəsidir: “Xalçalarımız tariximiz, etnoqrafiyamız, mədəniyyətimizlə həmyaşıddır. Qafqazda xalçaçılığın xalqımızla bağlılığı danılmaz faktdır. Xalçaçılıq Azərbaycanın təbiəti, əhalimizin təsərrüfat imkanları, xalqımızın müxtəlif sənət sahələrində nümayiş etdirdiyi istedadı və bacarığı ilə bağlıdır.

Azərbaycan xalçaçısı bunu öz təfəkkürü, dünyagörüşü, mifologiyası ilə bağlı olan naxışlarla, ornamentlərlə toxuyub. Böyüklü-kiçikli bütün elementləri türklükdən qaynaqlanan, türk boylarının rəmzlərindən, işarələrindən ibarət olan Azərbaycan xalçasına ermənilərin iddiası cəfəngiyyatdan başqa bir şey deyil. Zənnimcə, dünyamız qarşılıqlı elmi, mədəni, siyasi, iqtisadi mübadilə üzərində köklənibsə, ermənilər də tarixən bu mübadilədən "kifayət qədər" yararlandıqlarını, xalça toxumağı (və yalnız toxumağı!) Azərbayan türklərindən öyrəndiklərini artıq etiraf etməli, yersiz hədə-qorxulara, xalçalarımız üzərində əsassız "erməni xaçı", uydurma “Artsax dövləti”nin sərhədləri və bu kimi erməni simvolizmləri axtarışlarına son qoymalıdırlar” - deyə bildirən V.Muradov deyib ki, dünyanın ən məşhur muzeylərində, kolleksiyalarında qədim Azərbaycan xalçaları və xalça məmulatları nümayiş olunur: "UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Luvr muzeyindən ölkəmizə gətirilən bu üç xalça XVIII əsrin sonu - XX əsrin əvvəllərinə aid Qarabağ xalçaçılıq ənənələrini əks etdirir. Bunlardan ikisi inkişafı bilavasitə Azərbaycan xalçaçılığı ilə əlaqədar olan "Əjdahalı" xalçasının törəmələri, biri isə tarixən Aran Qarabağda, daha doğrusu, Ağdamın Şıxbabalı kəndində toxunan xalçadır. Göstərilən tarixi mərhələ Azərbaycan xalçaçılığının ən məhsuldar dövrlərindəndir. XVIII əsrin sonundan etibarən Azərbaycanda bu və digər xalça çeşniləri əsasında böyük ustalıqla saysız-hesabsız xalçalar toxunub. İndi də bu tarixi ənənə uğurla davam etdirilir, yaşadılır, xalçaçılıq nəinki mədəniyyətimiz, eyni zamanda, iqtisadiyyatımızın da aparıcı sahələrindən birinə çevrilir. Biz azərbaycanlılar xalçaçılığı heç bir səs-küy olmadan, əlavə canfəşanlıq göstərmədən, "bizimdir, bizimdir!" deyərək yox, xalçaya xalçaçı kimi yanaşaraq yaşadırıq” - deyə o qeyd edib.

Əməkdar incəsənət xadimi, tanınmış sənətşünas Ziyadxan Əliyev də bizimlə söhbətində ermənilərin iddiasının absurd olduğunu dedi. İndiyə qədər özünün heç bir mədəni dəyəri olmayan ermənilər tarix boyu Şərq xalqlarının, əsasən türklərin mədəniyyətini oğurlamaqla məşğul olublar. “Ermənilərin bizim xalçalara və onların üzərindəki xaç işarələrinə iddia etməsinin kökündə həm onların saxtakarlığı, oğurluğa meylli olması, həm də öz tarixlərini bilməməsi dayanır. Əslində, ermənilər mənşəyi məlum olmayan bir toplumdur. Ermənilər harada xaç işarəsi görürlərsə, dərhal onun onlara aid olduğunu iddia edirlər. Halbuki, xaç və digər damğaların, simvolların qədim türk mədəniyyəti nümunəsi olduğu məlumdur. Xaç işarəsinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də ermənilərin xaça heç bir iddiası olmamalıdır. Bu, qədim türklərə aid bir işarədir, damğadır. Xaç işarəsi bizim bütün mənbələrimizdə də var, bütün qədim maddi mədəniyyət nümunələrinin üzərində əks olunub. Xaç bizimdir, bunun ermənilərə heç bir aidiyyəti yoxdur”.

Z.Əliyev qeyd etdi ki, vaxtilə bizim başısoyuqluğumuz sayəsində ermənilər alban mədəniyyətini də mənimsəməyə başladılar. O vurğuladı ki, keçən əsrin 60-cı illərində abidələr inventarlaşdırılarkən bizimkilər harada xaç gördülər “bizim deyil” dedilər. “Tarixi bilməyən adamlar elə bildilər ki, biz elə yaranışdan müsəlman olmuşuq. O vaxtdan da alban memarlığını ermənilər mənimsəməyə başladılar. İndi də bu iddialarını davam etdirirlər” - deyə Z.Əliyev qeyd etdi.

İradə SARIYEVA