Tramp haqda yazışmaları sızdırılan Britaniyanın ABŞ-dakı səfiri istefa verdi

10 İyul 2019 23:34 (UTC+04:00)

Britaniyanın Birləşmiş Ştatlardakı səfiri Kim Darrok çərşənbə günü vəzifəsini davam etdirməyin mümkün olmadığını deyərək, istefa verdiyini bəyan edib. Səfir bu addımı Prezident Donald Tramp haqda Britaniyaya yolladığı tənqidi məzmunlu diplomatik yazışmaların sızdırılmasından sonra atıb.

“Mənim vəzifə müddətim bu ilin sonunda bitsə də, hazırkı vəziyyətdə yeni səfirin təyin edilməli olduğunu düşünürəm” - deyə, Kim Darrok çərşənbə günü açıqladığı bəyanatında bildirib.

Kim Darrok Britaniyanın yüksək diplomatı kimi Vaşinqtonda fəaliyyətə 2016-cı ildə başlayıb.

Səfir Darrokun Donald Tramp haqda söylədikləri Birləşmiş Ştatlar liderinin “bacarıqsız” və “özünə inamı olmayan”, administrasiyasının isə “səriştəsiz” olduğu kimi fikirlərini əhatə edir.

Buna cavab olaraq isə ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Britaniyanın Vaşinqtondakı səfiri Kim Darroku “çox axmaq adam” adlandırıb.

Diplomatik teleqramlarla tanışlıq Britaniya rəsmiləri üçün nəzərdə tutulub. Təhlilçilər yazışmaların xarici hökumət deyil, Britaniya siyasətçiləri tərəfindən sızdırıldığına inanır.