Bakı yenidən NATO-Rusiya ali hərbi dialoqu üçün məkan oldu...

10 İyul 2019 18:51 (UTC+04:00)

NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçildi. Belə ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparacaq.

Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsi təsadüfi deyil. Bunun kökündə dayanan bir sıra faktorlar var. Məsələ ondadır ki, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Bununla belə, belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri də Prezident İlham Əliyevin böyük nüfuzu ilə bağlıdır. Ölkə başçısının sahib olduğu böyük nüfuz bu məsələdə vacib rola malikdir. Reallıq ondan ibarətdir ki, Azərbaycanın müstəqil siyasət yeritməsi dövlətimizin regional və qlobal proseslərdə aktiv rol almasına gətirib çıxarıb. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan nə NATO-nun, nə də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Ancaq ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir. Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Digər tərəfdən, Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Bunun özü çax vacib faktordur.

Ümumilikdə, son illərdə NATO hərbi komandanlığı və Rusiya yüksək rütbəli hərbçilərinin görüşü üçün məhz Bakının seçilməsi artıq bir ənənə halını alıb. Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha çox artırmamağa xidmət edir. Bu baxımdan, Bakıdakı dialoqun əhəmiyyəti böyükdür. Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan rolunu bir daha ortaya qoyur.

İndiyə qədər bir neçə belə görüş olub. 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Gerasimov arasında keçirilən görüş Bakıda baş tutub. 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüş keçirib. 2018-ci ilin aprelində isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasında ilk görüş də Bakıda keçirilib. Həmin ilin dekabrında onların arasında növbəti görüş keçirilib.

XXI əsrin son 4 ili NATO-Rusiya münasibətlərində ən gərgin və böhranlı dövr kimi xarakterizə edilir. Rusiya ordu komandanı ilə görüş üçün Bakının seçilməsi Azərbaycanın regionda həm hərbi, həm siyasi, həm də coğrafi mövqeyindən, o cümlədən, hər iki güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. Yüksək rütbəli generalların, Baş Qərargah rəislərinin Bakıda mütəmadi görüş keçirmələri Azərbaycanın regional dövlət kimi statusunu artırır. Sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir.

O baxımdan, növbəti belə görüşün Bakıda keçirilməsini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, belə  mötəbər görüşlərin məhz Bakıda keçirilməsi Azərbaycanın artan önəmindən irəli gəlir: “Artıq neçə ildir Azərbaycan təhlükəsiz və stabil ölkədir. Belə vacib görüşlərin Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycanın kifayət qədər belə görüşlərlə bağlı təcrübəsi var. Bir neçə dəfə NATO-nun yüksək rütbəli rəsmiləri Rusiyanın Baş Qərargah rəisi ilə görüşlər keçiriblər. Azərbaycan hər iki tərəflə bərabər əməkdaşlıq edir. Rusiya ilə strateji partnyorluq münasibətləri davamlı xarakter alıb. Digər tərəfdən, biz NATO proqramları çərçivəsində bir sıra təlimlərdə iştirak edirik. Bizim NATO ilə münasibətlərimiz də normal səviyyədədir. Hər iki tərəf bütün bunları başa düşərək dialoq üçün məhz Bakını seçir”.

Vidadi ORDAHALLI