“Qara arxeologiya baronları” Azərbaycanda daha bir antik tikilini dağıdıblar

10 İyul 2019 17:30 (UTC+04:00)

Arxeoloji abidələrin mühafizəsi yalnız dövlət və aidiyyəti qurumlar tərəfindən həyata keçirilməli deyil. Bu məsələdə ictimaiyyət də kifayət qədər diqqətli olmalıdır. Bölgələrdəki tarixi, arxeoloji abidələrin mühafizə edilməsi sahəsində ictimaiyyətin hər hansı bir fəaliyyəti diqqəti çəkmir. Çox təəssüf ki, Azərbaycanda vətəndaşların abidələrə münasibəti elə də isti deyil. Elə bunun nəticəsidir ki, bir sıra bölgələrimizdə qədim tarixə malik olan abidələrin vətəndaşlar tərəfindən dağıdıldığını müşahidə edirik.

“Xəzinə axtaran” vətəndaşlarımız bir qədər gözdən uzaq olan, elə də ciddi nəzarət altında saxlanmayan abidələrimizə qarşı vandalizm hərəkətləri törədirlər. Analoji hal Ağstafada da baş verib. Yayılan məlumatlara görə, Ağstafada səkkiz min il tarixi olan, ümumi Qafqazda ən qədim arxeoloji qazıntı sahəsi dağıdılıb. Məlumatlara görə, 2012-ci ildən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları rayon ərazisində tapılan qədim yaşayış məskənində qazıntı işləri aparıblar. Ərazidən tapılan maddi mədəniyyət nümunələrinin tədqiqindən sonra bəlli olub ki, qədim yaşayış sahəsi Neolit dövrünə aiddir. Bu abidə haqqında elmi ədəbiyyatlarda məlumatlar da dərc edilib. Həmin faktlar əcnəbi arxeoloqların da diqqətini cəlb edib. Lakin arxeoloqlar növbəti dəfə əraziyə gəldikdə xoşagəlməz halla qarşılaşıblar. Təəssüf ki, indi həmin ərazidə tapılan şəhərcikdən iz qalmayıb, çünki o texnika vasitəsilə tamamilə dağıdılıb. Hazırda ərazini dağıdan şəxs və ya şəxslər barəsində institut tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Buradan tapılan mindən çox maddi mədəniyyət nümunəsi isə AMEA-da saxlanır. Artıq ərazidə yenidən tədqiqat və ya qazıntı aparmaq mümkün deyil.

Ağstafada tarixi abidənin sökülməsi ilə bağlı artıq araşdırmalara başlandığı bildirilir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynovun sözlərinə görə, araşdırmaların sonunda müvafiq addımlar atılacaq: “Hazırda Ağstafa rayonu ərazisində olan tarixi abidənin dağıdılması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkilşafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır. Aparılan araşdırmalardan sonra müvafiq qaydada addımlar atılacaq”.

F.Hüseynovun bildirdiyinə görə, həmin abidə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısında qeydiyyata alınmayıb: “Bu səbəbdən də həmin ərazi diqqətdən kənarda qalıb, ona yerli mühafizəçilər tərəfindən nəzarət olunmayıb”.

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, maddi irs üzrə tanınmış mütəxəssis Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizdə vətəndaşların abidələrimizə qarşı həyata keçirdikləri bu cür xoşagəlməz halların baş verməsi bu abidələrin böyük əksəriyyətinin dövlət qurumu tərəfindən qeydiyyata alınmaması ilə bağlıdır. “Bu böyük bir problemdir. Arxeoloji abidələrin hələ çox hissəsi üzə çıxarılmayıb, öyrənilməyib, qeydiyyata alınmayıb. Bu da sözügedən halların baş verməsinə rəvac verir. Amma, əslində, Azərbaycanda 2001-ci ildən sonra abidələrin müəyyənləşdirilməsi ilə bağlı hər hansı bir kompleks tədbir həyata keçirilməyib. Bunun da nəticəsində Azərbaycanda nə qədər arxeoloji abidənin mövcud olması, harada yerləşməsi dəqiqləşdirilməyib. Biz abidələrimizlə bağlı bu məsələdə gecikmişik. Ölkənin bütün ərazisində abidələrin yerləri müəyyən edilməli, xüsusi işarələr qoyulmalıdır ki, harada nələrin olduğu bilinsin. Vətəndaşların abidələrə qarşı bu cür münasibəti abidələrin qeydiyyatı sahəsində olan problemlərlə bağlıdır. Bu problemi birdəfəlik həll etmək lazımdır. Yəni gözləmək olmaz ki, hardansa, nə vaxtsa təsadüfən arxeoloji abidələr üzə çıxacaq. Burada istər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutu, yaxud bu qurumun digər aidiyyəti qurumları olsun, istərsə də Mədəniyyət Nazirliyinin dövlət xidməti olsun, onlar bu məsələni həll etməlidirlər. Əks halda, hər yerdə belə abidələr üzə çıxa bilər. Vətəndaşlara gəlincə, əlaqədar qurumlar problemi həll etmir və hadisə baş verəndə vətəndaşı günahkar görürlər. Vətəndaşlarla da maarifləndirmə işi lazımi səviyyədə aparılmır. Biz bir neçə dəfə mədəni irsə ictimai münasibətlə bağlı monitorinq keçirmişik. Baxıb görmüşük ki, doğrudan da vətəndaşlar bir çox qanunlardan, eləcə də tarixi məsələlərdən xəbərsizdirlər. Nə üçün arxeoloji abidələrin yerləşdikləri ərazilər vətəndaşlar tərəfindən qazılır? Əlbəttə, düşünürlər ki, həmin abidələrin ərazisində xəzinə gizlənib. Kasıb təbəqə varlanmaq üçün, varlı şəxslər də hansısa bir tarixi eksponata sahib olmaq üçün bu yola əl atır. Vətəndaşlar tərəfindən belə abidələr dağıdılır. Bunun da bir səbəbi yerlərdə həmin abidələrə nəzarət edəcək şəxslərin o abidələrdən xəbərsiz olmasıdır. Bilmirlər ki, orada hansı abidələr var. Şəxsən mən özüm dəfələrlə bunu müşahidə etmişəm. Ağsuda olarkən abidə mühafizləri ilə əraziyə baxış keçirmək istəmişəm, onların bir çoxu heç arxeoloji abidələrin yerini bilmirdi. Bəzən ərazilərdə qazıntı aparan arxeoloqlar da qazıntını aparıb raport verdikdən sonra öz işlərini bitmiş hesab edirlər, onlar həmin abidələri nəzarətdə saxlamırlar. Şəxsən mən bir arxeoloq, tarixçi kimi harada nə problem görürəmsə, onunla bağlı ilk növbədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkilşafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verirəm, ikincisi də ərazidə qazıntı aparmaq istəyən vətəndaşları tarixi abidələrin mühafizəsi ilə bağlı maarifləndirirəm, sonra da ictimailəşdirirəm. Ağstafada işləyən arxeoloqlar çox sağ olsunlar ki, vətəndaş mövqeyi göstərərək bu məsələyə həssas yanaşıblar və onu ictimailəşdiriblər. Ümumiyyətlə, hər zaman abidələrin dağıdılması məsələlərinə diqqət olunmalıdır. Onları dağıdan insanların çoxu ilə söhbət edəndə görürsən ki, bu adamlar tarixdən xəbərsizdir və onların abidə haqqında məlumatları yoxdur. Vətəndaşlar başa düşmürlər ki, Neolit dövründə hansı qızıl, yaxud digər dəyərli əşya üzə çıxa bilər ki, bu ondan hansısa maddi mənfəət götürə bilsin. Neolit dövrü abidəsindən belə materiallar üzə çıxa bilməz. Sadəcə, həmin ərazidə dağıntı aparan insanlar o abidənin dövründən xəbəri olmayıb. Düşünürəm ki, problemdən çıxış yolu Mədəni İrsin Qorunması, İnkilşafı və Bərpası üzrə Dövlət Xidmətinin ölkə ərazisində olan bütün abidələri müəyyən etməsidir. Dövlət Xidməti müəyyən etməlidir ki, hansı yeni abidələr var. Qurum tərəfindən ölkəmizdəki bütün abidələr haqqında məlumatlar toplanmalır. Hesab edirəm ki, arxeoloji abidələrlə bağlı xüsusi  dövlət proqramı qəbul edilməli və bu proqram əsasında ölkə ərazisindəki bütün mülklərdə, torpaqlarda yerləşən abidələr müəyyən olunmalıdır. Başlıcası isə abidələrin qorunması, dağıdılmaması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işi gücləndirilməlidir. Dövlət Xidmətinin gördüyü işləri təqdir edirəm. Lakin maarifçilik sahəsində xidmətin stimulverici hansısa layihəni maliyyələşdirməsini görməmişəm. Xidmət bu sahədə olan təşkilatları işə cəlb etməli və onların fəaliyyətini az da olsa maliyyələşdirməklə maarifçilik işlərini genişləndirməlidir. Digər tərəfdən də, vətəndaşların abidələri dağıtmaması üçün bu istiqamətdə aidiyyəti qurumların nəzarəti gücləndirilməlidir” -deyə F.Xəlilli qeyd etdi.

İradə SARIYEVA