Əhalinin manat əmanətlərindən dollar əmanətlərinə dönmək təhlükəsi yenidən reallaşır...

4 İyul 2019 18:40 (UTC+04:00)

2019-cu il may ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 8 milyard 715 milyon manat təşkil edib. Əmanətlərin 58,5 faizi xarici, 41,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,4 faiz, xarici valyutada əmanətlər isə 2 faiz artıb.

O da məlumdur ki, iyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edilib. Belə ki, Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

Həmçinin, iyulun 1-dən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ƏSF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Bu arada cəmiyyətdə belə fikirlər səslənir ki, məlum qərardan sonra yığım zamanı xarici valyutalara maraq yenidən arta bilər. Yəni insanlar əmanətlərini banklarda dollarla saxlamağa maraq göstərəcək. Əvvəl faiz yüksək olduğundan, əhali əmanətləri manatda saxlamağa üstünlük verirdi.

Maraqlıdır, qorunan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması vətəndaşların manatda saxladığı əmanətlərin yenidən dollarda və digər valyutalarda saxlanmasına təsir edə bilərmi? Bununla bağlı səslənən fikirlər nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev buna bir neçə rakursdan yanaşdı: “Əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması əmanətlərin manatda saxlanmasına stimulu azaldacaq. Heç kəs istəməz ki, aparıb əmanətini 7-10 faizlə banka qoysun, ildə bir dəfə gedib-gəlsin. Ancaq bu o demək deyil ki, əmanətlərin dollarda saxlanmasına maraq artacaq. Niyə? Ona görə ki, dollarla qoyulan əmanətlərin faizi çox aşağıdır. Xarici valyutada bu, 3 faiz təşkil edir. Ona görə də bu yöndə elə bir maraq artmayacaq. Fikrimcə, əhali ya daxildə daha çox borc verməklə məşğul olacaq, ya da vəsaitləri evdə saxlayacaqlar. İstənilən halda, bütün bunlarda bir qanunauyğunluq var. Əmanəti ona görə banka qoyurlar ki, ondan gəlir gəlsin. Bundan gəlir əldə etmirsə, o zaman bunda maraqlı olmayacaq. Onda gərək verilən kreditlərin faizi də aşağı olsun. Kredit faizləri aşağı düşməyəcəksə, o zaman banklara əmanət qoyuluşunda maraq da azalacaq. Yəni bütün bunlar bir-birilə bağlıdır”.

Vidadi ORDAHALLI