Tramp ümumdünya təsirli “dollar inqilabına” hazırlıqlara başladı…

27 İyun 2019 16:57 (UTC+04:00)

Dünya geosiyasətində baş verənlər bu gün qlobal iqtisadiyyata da əsaslı surətdə təsir göstərməkdədir. Xüsusən də ABŞ-ın bir çox ölkələrə qarşı iqtisadi təzyiq mexanizmlərini işə salması milli valyutasını təsir vasitəsinə çevirməsi fonunda qlobal miqyasda dollarla bağlı yeni bir vəziyyət yaradır.

Bir çox dövlətlərin dollardan imtina prosesi getdikcə geniş vüsət alır. Artıq hadisələrin inkişaf axarı ABŞ-ın özündə də narahatlıq yaradır. Elə bu fonda yayılan məlumatlara əsasən, ABŞ dollarla bağlı yeni siyasətə start verməyə hazırlaşır. Bu siyasət dolları digər valyuatalar, o cümlədən manat qarşısında ucuzlaşdırmağı özündə ehtiva edir.  

ABŞ-ın ən böyük maliyyə qurumlarından olan “Bank of America” belə bir vaxtda məlumat yayıb ki, ABŞ prezidenti Donald Tramp yaxın zamanda dolların devalvasiyası ilə bağlı qərar verəcək. Bankın analitikləri Xəzinə Nazirliyindən təlimat gələn kimi Nyu-York Mərkəzi Bankının dolları sataraq başqa valyutalar almağa başlayacağını və nəticədə dolların ucuzlaşacağını açıqlayıb. ABŞ iqtisadiyyatı ötən il 2,9 faiz inkişaf edib, lakin ilin sonuna doğru ciddi şəkildə durğunluq yaranıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qarşıdakı iki ildə ABŞ-ın ümumdaxili məhsulu azalacaq. Bu durumda Tramp hesab edir ki, dollar ucuzlaşacaqsa, bu, xarici ölkələrin ABŞ məhsullarını almasını təşviq edəcək.

Baş verənlər fonunda artıq indidən dolların məzənnəsinin dünyanın bir sıra valyutaları ilə müqayisədə aşağı düşdüyü qeydə alınır. Baş verənlər haqda "RİA Novosti" yazır: "Birləşmiş Ştatların ən böyük maliyyə institutlarından olan "Bank of America" bir qədər əvvəl administrasiyanın milli valyutanı devalvasiya etmək niyyəti haqqında xəbərdarlıq verib. Bankda düşünürlər ki, Tramp valyutaya müdaxilə qərarını iqtisadiyyatın sabitləşdirilməsi şüarı altında qəbul edəcək. "Bank of America"nın iqtisadçısı Mişel Mayer və bankın valyuta strategiyası üzrə eksperti Ben Rendol bildirib:"Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltması kifayət etməsə, rəsmi valyuta müdaxiləsi ehtimalı böyüyəcək". Donald Tramp açıq şəkildə "güclü dollar" siyasətindən imtina edib. Onun fikrincə, həddindən çox bahalı dollar Amerika istehsallı məhsulların və xidmətlərin ixracına mane olur və ticarət balansında mövcud defisiti daha da dərinləşdirir: 2018-ci ildə defisit 621 milyard dollara çatıb. Tramp martda bəyan edib:"Mənə güclü dollar lazımdır, eləsi ki, ölkəmiz üçün faydalı olsun – amma digər ölkələrlə biznes aparmağa imkan verməyəcək qədər güclü dollar yox". Dollar ucuzlaşsa, xarici müştərilər üçün amerikan mallarını almaq daha sərfəli olacaq. Bu isə istehsalı artıracaq və xarici ticarət defisitini ixtisar edəcək.

Ekspertlər ehtiyat edirlər ki, Trampın və maliyyə naziri Stiven Mnuçinin irəli sürdüyü "zəif dollar" siyasəti nəticə etibarilə iqtisadi artımı sarsıdacaq. Tanınmış bank sektoru analitiki Dik Bove "CNBC"yə bildirib ki, uzunmüddətli perspektivdə bu cür strategiya səhvdir – o yalnız ölkə borclarının dəyərini artırır: "Siyasət dolların stabilliyinə qarşı yönəlsə, xaricilər Amerikanın dövlət borcunu maliyyələşdirməyəcək. Dollar isə dünyanın ehtiyat valyutası kimi qəbul edilir və ABŞ da bundan tamamilə asılıdır". Yəni dolların daha da zəifləməsi onun ehtiyat valyutası kimi statusunu təhlükə altına atır. Qeyd edək ki, xarici kreditorlar artıq sürətli şəkildə dollardan imtina edir: onun ümumdünya valyuta ehtiyatlarında payı əsrin əvvəli ilə müqayisədə ən aşağı həddə çatıb. 2008-ci ilin maliyyə böhranı zamanı dünyanın mərkəzi banklarının ehtiyatlarında ABŞ valyutasının payı ən yüksək səviyyədə idi. Həmin dövrdən bəri isə onun payı 7 faiz bəndi azalıb".

Bununla yanaşı qeyd olunur ki, ABŞ-ın sürətlə artan borcu da dollar ətrafında ucuzluşma meyllərini sürətləndirir. Hesablamalara görə, borcun artım tempi indiki şəkildə qalarsa, ABŞ-ın dövlət borcu qarşıdakı illərdə ÜDM-in 144%-i həcmində olacaq.
Bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin məruzəsində deyilir.  2019-cu il üçün isə Amerikanın dövlət borcu ÜDM-in 78%-ni təşkil edir. "RİA Novosti" yazır: "Hazırda ABŞ federal büdcəsi kritik vəziyyətin astanasındadır. 2018-ci il ərzində büdcə defisiti 779 milyard dollara çatıb. Bu, 2012-ci ildən bəri ən yüksək göstəricidir. Konqresin Büdcə İdarəsinin məlumatına görə, 2019-cu ildə bu göstərici 900 milyard dollara çataraq ÜDM-in 4 faizini keçəcək. Bu rəqəm ölkənin bütün müdafiə büdcəsindən artıqdır.

Xarici borcun ödənilməsi üçün edilən böyük xərclər ABŞ büdcəsində bu nəhəng defisitin yaranmasında əsas rollardan birini oynayıb. 2018-ci ilin büdcəsində ən böyük xərclər sosial təminat proqramlarına (987 milyard dollar) və müdafiəyə (874,4 milyard dollar) yönəldilib. "Medicare" və "Medicaid" adları ilə tanınan tibbi sığorta və yardım proqramları üçün müvafiq olaraq 582 və 400 milyard dollar həcmində xərclər nəzərdə tutulub. Dövlət borcunun ödənilməsi üçün isə nə az, nə çox - 310 milyard dollar ödənilib. Harvard Universitetinin professoru, İqtisadi Məsləhətçilər Şurasının keçmiş sədri Martin Feldştayn deyir: "Büdcə defisitinin və dövlət borcunun sürətlə böyüməsi Amerika federal hökuməti qarşısında duran ən təhlükəli problemdir". İqtisadçı durumu şərh edərkən bildirib ki, borc böhranının aradan qaldırılması üçün dövlət ya vergiləri artırmalı, ya da xərcləri azaltmalıdır. Lakin birinci variant iqtisadi artımı yavaşladacaq, ikincisi isə borc və ÜDM arasındakı nisbəti pisləşdirəcək. Ekspert rəyinə görə, "müdafiəyə ayrılan xərclərin müəyyən səviyyədən aşağı endirilməsi mümkün deyil". Bu xərclər nəinki ümumi daxili məhsulun 3 faizindən aşağı endirilməyəcək, eyni zamanda artırıla da bilər. Buna görə də hökumət üçün böyüyən defisiti aradan qaldırmağın yeganə yolu sosial ödəniş və müavinətləri ixtisar etməkdir. Artıq 2020-ci maliyyə ili üçün büdcə layihəsində də bu nəzərdə tutulub: müdafiə xərcləri 4,7 trilyon dollar olacaq, sosial xərclər isə bıçaq altına düşəcək. Feldştaynın fikrincə, sosial xərclər onsuz da büdcə üçün çox böyükdür. İqtisadçı hətta sosial təminatı daha da "boğmaq" üçün pensiya yaşını 70-ə qədər artırmağı və yaş həddini həyat davamlılığına bağlamağı təklif etmişdi". Hazırda hadisələrin elə bu səpkidə inkişafı ABŞ iqtisadiyyatı və beləliklə dollar üçün ciddi təhdid yaradır. Məhz bu fonda dolların ucuzlaşması qaçılmaz sayılır və Ağ Ev özü də bilərəkdən buna gedir. Qarşıdakı günlər ərzində isə  dolların bir çox valyutalar, o cümlədən manat qarşısında ucuzlaşması mərhələsinə şahidlik etmək olar.

Nahid SALAYEV