ABŞ-dan təcavüzkar Ermənistana 40, uydurma “DQR”ə 1,5 milyon dollar yardım - ermənilər uzaqgedən nəticələr çıxarmağa başlayır...

27 İyun 2019 16:46 (UTC+04:00)

Ötən həftə ABŞ Konqresi Ermənistana ayrılan maliyyə yardımının 40 milyon dollara qədər qaldırılması barədə təklif edilən düzəlişi təsdiqləyib. 2020-ci fiskal ilində xarici yardım haqqında qanun layihəsinə düzəlişi konqresmen Ceki Spiyer təklif edib. Onun bu fikrini erməniyönlü konqresmenlər Frenk Pallone və Adam Şif də dəstəkləyiblər. Nümayəndələr Palatası, həmçinin, Qarabağda mina təmizləmə proqramları və reabilitasiya xidmətləri üçün 1,5 milyon dollar həcmində yardım ayrılmasını təklif edən düzəlişi də təsdiqləyib. Bu təklifi isə Konqresdə Tice Koks irəli sürüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da təsdiqləyib ki, Ermənistana 40 milyon yardım ayrılması ilə bağlı təklif demokratlar tərəfindən irəli sürülüb: “Bu təklif  ilkin mərhələdən keçib. Amma, dediyim kimi, bu, uzun bir prosesin ilkin mərhələsidir və hələ bir neçə müzakirədən keçməlidir. Ona görə də bunu “ABŞ Ermənistana 40 milyon dollar yardım ayırıb” şəklində təqdim etmək düzgün deyil”.

Qeyd edək ki, ermənilər ABŞ-ın bu cür jestlərindən özləri üçün ciddi nəticələr çıxarmağa başlayırlar. Onlar bunu ABŞ-ın Ermənistanla getdikcə strateji müttəfiqlik bağlarını möhkəmlətmək cəhdləri kimi dəyərləndirirlər. İndiki şəraitdə ABŞ-ın Ermənistana və qondarma quruma belə diqqət göstərməsi, hətta maliyyə yardımı ayırmaq kimi niyyətini ortaya qoyması nədən xəbər verir?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən “Azadlığın Dəstəyi Aktı” adlı qanun qəbul edib: “Bu qanuna edilən “907-ci düzəliş” Azərbaycanın rəsmi qurumlarına ABŞ hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılıb, lakin birdəfəlik ləğv edilməyib. ABŞ-ın işğalçı Ermənistana, hətta separatçı ermənilərə yardım ayırması məntiqə sığmır. ABŞ-ın  Ermənistana yardım etməsi məsələsi təşviş doğuran faktdır. Bu yardımı əsasən humanitar məsələlərə xərcləmək, əhalinin sağlamlığı, qida problemlərinin həllinə yönəltmək adı ilə alırlar. Ancaq heç kimə sirr deyil ki, Ermənistan ABŞ-ın indiyə qədər etdiyi yardımların hamısını hərbi xərclərə ayırıb, silaha çevirib Azərbaycana, onun mülki əhalisinə qarşı yönəldib. Amerika bu məsələni də bilməmiş deyil”.

Q.Hüseynlinin sözlərinə görə, Minsk Qrupunun həmsədrlərindən biri kimi problemin həllində iştirak edənlərdən biri də odur: “Tərəfləri hər zaman kompromisə çağırır. Ancaq bu məsələdə kompromisin necə əldə edilməsinin mümkünlüyünə diqqət yetirmir. Çünki təcavüzkar dövlət hücum edərək başqa bir dövlətin ərazisinin 20 faizini işğal edib. ABŞ isə deyir ki, kompromisə getməlisiniz, dil tapmalısınız. Başqa bir problem odur ki, ABŞ Qarabağ probleminin guya Dnestryanı, Cənubi Abxaziya, Osetiya problemlərindən fərqli olduğunu və buna görə də ona əlahiddə yanaşma metodlarının tətbiq edilməsinin gərəkliyini söyləyir. Bu zaman da ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə hüququnu eyniləşdirirlər, çox ziddiyyətli mövqe tuturlar. Təcavüzkarı şirnikləndirən bir mövqe sərgiləyirlər. Bu özünü Ermənistan və qondarma “DQR”ə maddi yardım ayırmaq təşəbbüslərində də göstərir. Təsadüfi deyil ki, bu cür şirnikləndirici təkliflərdən Ermənistan ABŞ-la daha yaxın müttəfiq olduğuna dair nəticələr çıxarır. Təbii ki, bu cür addımlar Azərbaycanı ABŞ-dan incik duruma salır. Azərbaycan müxtəlif yollarla bunu Amerika rəhbərliyinin diqqətinə çatdırmalıdır”.

Məhəmmədəli QƏRİBLİ