Dönərxanalar yenə “at əti-it əti” prinsipi ilə işləməyə başlayıb...

26 İyun 2019 17:20 (UTC+04:00)

“Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar gedib şok dondurmadan keçmiş ətləri almır, ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlayırlar”

Bakıda dönərxanaların birində zəhərlənmə hadisəsi baş verib.  Hadisə şəhərin Nizami rayonu, Babək prospekti 65 ünvanında qeydə alınıb. Belə ki, zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bəllidir ki, türk mətbəxinin sevimli yeməyi olan dönər artıq uzun illərdir ki, ölkəmizdə də sevilir. Xüsusən də tələbələr, səyyar satıcılar, daha az gəliri olan insanlar tez başa gələn və ucuz olduğu üçün bu qidaya üstünlük verir. Məlum olduğu kimi, dönər toyuq və mal ətindən hazırlanır. 2006-cı ildə ölkədə toyuq dönəri qadağan olunsa da, bu gün əksəriyyət dönər müəssisələrində toyuq ətindən istifadə edildiyinin şahidi oluruq. Ekspertlər toyuqdan hazırlanan dönərin daha təhlükəli olduğunu qeyd etsə də, elə alıcılar da daha çox toyuq dönərinə üstünlük verir.

Maraqlıdır, dönərxanalara və həmin məkanlarda hazırlanan dönərə necə nəzarət olunur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, belə zəhərlənmələrin qarşısının inzibati yollarla alınması mümkün deyil: “Dönərxanalara tələb var. İnzibati üsullarla dönərxana biznesini çökdürmək olmaz. Tələb olan yerdə təklif də olacaq. Ona görə də qidanın təhlükəsizliyini təmin etmək lazımdır. Məlum olduğu kimi, dönərxanalardakı ciddi problemlərdən biri budur ki, ətin üst tərəfi qızarır, içərisi çiy qalır. Ətin içindəki plazma yavaş-yavaş qızır. Qan qaynayır, axır tökülür siniyə. Ət də doğranıb tökülür həmin siniyə. Ətlə qanlı maye qarışdırılıb verilir müştəriyə. Heyvan xəstəlikləri nə varsa, heyvana vurulan antibiotiklər, dərmanlar qızdırılmış ətdən süzülüb siniyə tökülür və doğranmış ətlə qarışıq müştəriyə verilir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycanda dönər hazırlamaq üçün ətləri xüsusi dondurmadan keçirən 2 şirkət fəaliyyət göstərir: “Həmin şirkətlərdən biri Xırdalanda, digəri Maştağa qəsəbəsində yerləşir. Ətləri şişə keçirib xüsusi avadanlıqlarda mənfi 40 dərəcədə dondururlar. Buna şok dondurma deyilir. Belə dondurma nəticəsində ətdə olan bütün viruslar məhv olur. Sonradan həmin ətlər xüsusi olaraq qablaşdırılır və dönərxanalara daşınır. Şok dondurmadan keçirilən dönər hazırlamaq üçün ətləri əksər dönərxanalar almaqdan yayınır. Ölkədə fəaliyyət göstərən dönərxanaların heç 1 faizi həmin şirkətlərin hazırladığı ətdən almır. Dönərxanalar ona görə də zəhərlənmə mənbəyi olaraq qalır”.

Ekspert söhbət əsnasında onu da qeyd etdi ki, Azərbaycanda quş ətindən dönər hazırlanması 2006-cı ildən qadağan olunub: “Şəhərə çıxın baxın, toyuq dönəri hər dönərxanada satılır. Belə qadağa bəzi həkimlərin dolanışıq yerindən başqa bir şeyə xidmət etmir. Bunun qarşısını almaq lazımdır. Toyuq dönəri tez çirklənən dönərdir. Lakin toyuq əti şok dondurmadan keçərsə, ondan hazırlanan dönər də təhlükəsiz olacaq. Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar gedib şok dondurmadan keçmiş ətləri almır, ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlayırlar. Ona görə də belə zəhərlənmə halları adi hala çevrilib”.

Günel CƏLİLOVA