Azərbaycanda dini xurafat yaymağın yeni üsulları –"qaloş piri", ardınca "alt paltarı piri", sonra hansı biabırçılıqlar...

26 İyun 2019 14:20 (UTC+04:00)

“Hesab edirəm, nə qədər ki ölkədə dini maarifləndirmənin səviyyəsi belə aşağı olacaq,  “Qaloş” “alt paltarı” və digər “pirlər”in də sayı artacaq”

Dünyanın ən mütərəqqi dini olan islam xurafata, cəhalətə qarşıdır. Gerçək islam bu kimi neqativ təzhürləri qəbul etməsə də, təəssüf ki, bu gün dini xurafat, cəhalət kimi hallara bizim cəmiyyətdə hələ də rast gəlmək mümkündür. İslam dininin bütpərəstliyi rədd etdiyi məlumdur. Amma bəziləri islam qayda və prinsiplərinə əhəmiyyət vermədən müxtəlif pirlərə inanır, Allahdan deyil, pirlərdən mədət umur.

Bu gün cəmiyyətimizdə dini xurafatın müəyyən qədər artdığını müşahidə etmək olar. Bəzi insanlar xurafata meyl göstərir. Məlum olduğu kimi, bir neçə həftə əvvəl sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki “Qaloş piri” adlanan yerdə çəkilmiş görüntülər yayılmışdı. Böyük rezonans yaradan videoda əks olunurdu ki, insanlar şəfa tapmaq üçün “Qaloş piri”nə gəlir və “pir”də onların başına qaloş sürtürlər, bunun nəticəsində də guya bura üz tutanlar sağalır. Xurafat yayıcılarının iddiasına görə, həmin qaloş 30 il əvvəl burada yaşayan Seyid Miribiş ağaya məxsus olub və şəfalı təsirə malikdir (?!).

Bir müddət əvvəl isə yeni bir “pir” meydana çıxıb. Xurafata inanan insanları öz ardınca aparan bu “pir”in Xaçmaz rayonunun Vələmir kəndində yerləşdiyi bildirilir.

Son zamanlar xürafata inananları özünə cəlb edən belə “pir”lərin meydana çıxarılması bəzilərinin qazanc güdmək məqsədinə xidmət edir. Məlumatlara görə, bir adı da “alt paltarı piri” olan məkanlara gələn insanlar buradakı ağacdan alt paltarı asaraq şəfa diləyirlər.

Qeyd edilənə görə, yerli əhali Şeyx Ömər Baba adlı şəxsin və Şeyx nəslindən olan daha iki nəfərin məzarının yerləşdiyi ərazini pir adlandırır. Bəziləri buranı “Dəli piri” kimi tanıyır. Bunun səbəbi pirə gətirilən əl-qolu bağlı bir gəncin əhvalatı ilə bağlıdır. Bildirilənə görə, ağac budaqlarının üzərində, altında, yaxınlığında çoxsaylı maykalar, yaylıq və əskilərə rast gəlinir. Asılan alt paltarlarının təmiz olması isə başqa bir qəribəlik yaradır.

Bizim cəmiyyətdə son dövrlər dini xurafatın geniş yayıldığını deyən dinşünas Hacı Nizami Rza hesab edir ki, bu, əsasən cəmiyyətimizdə islami maarifləndirmə işlərinin olduqca zəif təşkil edilməsi ilə bağlıdır. H.N.Rzanın sözlərinə görə, mənəvi-ideoloji, dini sahədə maarifçilik işinin zəif olması bu kimi “pir”lərə inancı meydana çıxarır. Onun bildirdiyinə görə, din xadimlərinin, axundların, ilahiyyatçıların və ziyalıların xüsusən də bölgələrdə dini xurafatın qarşısının alınması üçün görüşlər keçirməsi, təbliğat aparması çox vacibdir. Müsahibimiz qeyd etdi ki, lakin bizim din xadimləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiayaların təmsilçiləri xalqla yaxından ünsiyyətdə olmağa maraq göstərmir. Əhali ilə maarifləndirici söhbətlər aparılmadıqca bu kimi halların daha da geniş yayılacağını deyən H.N.Rzanın qeyd etdiyinə görə, dini-mənəvi cəhətdən inkişafımız çox vacibdir, bu baş verərsə, insanlar bütpərəstliyin əsirinə çevirilməz. “Biz dini, mənəvi sahədə təbliğatımızı daha mütəşəkkil formada qurmalıyıq. Biz bunu etməyincə dini xurafat meydana çıxır və insanları arxasınca aprarır. Çox arzu edərdim ki, din xadimləri Azərbaycanın bölgələrinə getsinlər, tez-tez əhali ilə ünsiyyət qursunlar, onları xurafatdan çəkindirsinlər. Amma din xadimlərimiz, QMİ təmsilçiləri xalqın arasına çıxmaqda maraqlı deyillər. Bu gün həmin “pir”lər rayonlarda yerləşir və insanlar ora kütləvi axın edir. Təəssüf ki, onlar arasında ali təhsili olan adamlar var. Bu nə deməkdir? Bu o deməkdir ki, insanların bir qismi sağlam dini maariflənidirmə olmadığı üçün xurafata, cəhalətə uyur. Qaloşdan imdad ummaq, “alt paltarı” pirindən nicat diləmək gülünc bir işdir. Quran hökmünə görə, bütpərəstlik qəbuledilən deyil. Bu gün cəhalətə, xurafata uyanlar bütlərə sitayiş edirlər. Hesab edirəm, nə qədər ki ölkədə dini maarifləndirmənin səviyyəsi belə aşağı olacaq,  “Qaloş”, “alt paltarı” və digər “pirlər”in də sayı artacaq. Çünki mövcud xurafatı cəmiyyət özü yaradıb  və özü meydana çıxarıb. Cəmiyyətimizin xurafatdan xilası üçün isə mütləq islami maarifləndirmə işlərini gücləndirmək lazımdır ki, mövcud boşluqdan xurafat yayıcıları, təbliğatçıları istifadə edə bilməsin”-deyə H.N.Rza baki-xeber.com-a bildirdi.

O hesab edir ki, bu sahədəki boşluğu doldurmaq üçün dini, mənəvi, ideoloji istiqamətlərdə ciddi tədbirlər həyata keçirməliyik.

İradə SARIYEVA