Gürcüstan yenidən qarışdı, Moskva uçuşların ləğvindən sonra Tiflisə daha bir sərt mesaj göndərdi

22 İyun 2019 22:38 (UTC+04:00)

Tiflisdə, parlament binası qarşısında yenidən etiraz aksiyası başlayıb. Baki-xeber.com xəbər verir ki, Sputnik Gürcüstan, mitinq iştirakçılarının tələblərini yazdıqları bannerlər açdıqlarını yazır.

Əsas tələb isə Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariyanın istefasıdır. Etirazçılar həmçinin birinci aksiyada saxlanılan bütün şəxslərin azad edilməsini və proporsional sistem üzrə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Aksiyanın təşkilatçılarından biri, siyasi partiyalarla əlaqəsinin olmadığı bildirilən Mişa Mşviladze tələbləri tribunadan səsləndirərək hər kəsi birləşməyə çağırıb.

"Biz bu gün çox mürəkkəb qərar qəbul etdik, çıxış edənlər arasında siyasətçilər də olacaq", - Mşviladze əlavə edib.

Bunu arada, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya və Gürcüstan arasında turizmin inkişafının mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan rəhbərliyi bu ölkədə istirahətə getməyə hazırlaşan Rusiya vətəndaşlarının təhlükəsizliyinə zəmanət verməlidir və yalnız bundan sonra turizmin inkişafı barədə tədbirlər - vizaların ləğv olunmasından danışmaq olar.

"Biz bu qərara gəlmişdik (Gürcüstan vətəndaşları üçün vizanın ləğv olunması –red.) və əgər gürcü radikallar və Gürcüstan rəhbərliyinin qayda-qanunu təmin etməkdə bacarıqsızlığı olmasaydı, biz o qərarı qəbul edərdik", - deyə Volodin bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın "Aeroflot" aviaşirkəti Gürcüstana uçuşların ləğvindən sonra bu ölkədə olan rusiyalıların çıxarılmasına başlayıb. Aviaşirkət eyni zamanda iyulun 8-dən sonrakı tarixə satılan biletlərə görə pulları da geri qaytarmaq niyyətindədir. Məhz həmin gündən Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən Rusiya aviaşirkətlərinə Gürcüstana uçmaq qadağan ediləcək. Rusiya tərəfinin məlumatına görə, müvəqqəti tədbirlər təhlükəsizlik məqsədi ilə qəbul olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, qadağanın ləğvi üçün Gürcüstanda vəziyyət normallaşmalı və Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün istənilən təhdidlər aradan qaldırılmalıdır.

Bundan başqa, Gürcüstan aviaşirkətlərinin Rusiya Federasiyasının Hava Məkanında Hərəkətin Təşkili üzrə Dövlət Korporasiyasına vaxtı keçmiş borclarının yığılıb qaldığı bildirilir.

Xatırladaq ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq  parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib. Polis qaz və rezin güllələrdən istifadə edib. Qarşıdurmada 240 nəfər yaralanıb.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tiflisin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.

Parlamentin spikeri İrakli Kobaxidze isə istefa vermək mcburiyyətində qalıb.