“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər

21 İyun 2019 22:00 (UTC+04:00)

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) gerçəkləşdirdiyi bir sıra mühüm layihələr var ki, onlar vətəndaşların həyatında əhəmiyyətli rol oynayır. Ölkəmiz bir sıra sahələrdə olduğu kimi, enerji sahəsində də böyük nailiyyətlər əldə edib. Əlbəttə, bu işlərin həyata keçirilməsində dövlətin ortaya qoyduğu iradə onların səmərəliliyini artırır.

Son dövrlər ölkəmizin energetika sahəsində əldə etdiyi uğurlar nəticəsində Azərbaycan Cənubi Qafqazda yerləşən başqa respublikalardan köklü şəkildə fərqlənir. Ölkəmiz dünyanın əsas enerji ixracatçılarından biri kimi dünyada tanınır. Azərbaycanın energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Keçən ilin yay aylarında ölkəmizdə yaşanan qısa enerji böhranı bu aidiyyəti qurumların fəaliyyətini bir qədər də gücləndirib. “Azərenerji” ASC hadisə baş verdikdən sonra bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu məqsədlə “Azərenerji” ASC tərəfindən hazırlanaraq dövlət başçısına təqdim edilən “Reabilitasiya üzrə Tədbirlər Planı” əsasında ötən ilin sentyabr ayından etibarən mühüm tədbirlər görülür.

Son aylar proqram çərçivəsində “Azərenerji” ASC “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında bir sıra işlər görüb. Nəticədə 230 MVt güc bərpa edilib. “Azərbaycan” İstilik Elektrik Stansiyasının 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə təmirdən sonra 6 sayli enerji blokunda 60 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Ümumilikdə, Reabilitasiya Proqramı çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES tamamilə yenidən qurulur. Proqram çərçivəsində turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kV-luq hava xətləri, əks qəza avtomatikası yenidən qurularaq bərpa edilir. Bundan başqa, yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi inşa edilir. Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yolun salınması, yeraltı soyutma su boru sistemlərinin bərpa edilməsi nəzərdə tutulur. Qurumun gələcək planlarına görə, görülmüş işlər nəticəsində stansiyanın gücü 320 MVt artaraq 2000 MVt-a çatacaq.

“Azərenerji” ASC-nin ən mühüm layihəsi olan Reabilitasiya Proqramı çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparıldığı bildirilir. ASC-nin yaydığı məlumata görə, bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kV-luq hava xətləri, o cümlədən yarımstansiyaların yenidən qurulması işləri aparılır. Qeyd edilənə görə, Reabilitasiya Proqramına müvafiq olaraq hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə həyata keçirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində işlər görülür.

Bildiyimiz kimi, hazırda Azərbaycanın nəinki qonşu ölkələrə, eləcə də bir sıra nüfuzlu Avropa ölkələrinə elektrik enerjisi ixrac edir və “Azərenerji” ASC Avropa miqyasında keçirilən tenderlərdə qalib olur. Son dövrlər ASC-nin fəaliyyətində əhəmiyyətli dəyişikliklərin hiss olunduğu ictimaiyyətin də nəzərindən yayınmır. Azərbaycanda istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, infrastrukturun müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiq edilməsi ASC-nin son aylar əldə etdiyi uğurlardan biri sayılmalıdır. Bu gün ASC istehlakçıların etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı istiqamətində sistemli iş aparır. Son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, Bakı şəhərinin və regionların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qalxıb. Rəsmi məlumatlara görə, Reabilitasiya Proqramı çərçivəsində energetika sistemində çalışan 5600-dək əməkdaşın sosial vəziyyətinin yaxşılaşdırılması, onların əməkhaqlarının yüksəldilməsi, habelə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilib.

Qeyd edək ki, qurumun həyata keçirdiyi işlərin həm miqyası genişlənir, həm də keyfiyyəti yüksəlir. “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Reabilitasiya Proqramına uyğun olaraq, elektrik stansiyaları, dispetçer idarəetmə mərkəzləri, yüksəkgərginlikli ötürmə xətləri ilə yanaşı, sistem əhəmiyyətli yarımstansiyalarda da kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirilir.

Qurumdan bildirilir ki, enerji sistemində yarımstansiyaların yenidən qurulması, o cümlədən, yüklənən transformatorları dəyişərək gücünün çoxaldılması artan gücün qarşılanması və avadanlıqların qızmasının, bununla da qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, qəza rejimində yükü bir yarımstansiyadan digər yarımstansiyanın üstünə köçürülməsi, itkilərin aradan qaldırılması, ən əsası isə paylayıcı şəbəkə istehlakçılarının daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yarımstansiyaların yenidən qurulması və gücünün artırılması olduqca vacib məsələdir. Qurum dövlət tərəfindən ayrılan vəsait və daxili imkanlar hesabına “Azərenerji” ASC-nin balansında olan 220 kV-luq “Xırdalan” və “Müşfiq”, 110 kV-luq “8-ci km”, “Zabrat”, “Əhmədli”, “Dübəndi”, “Maştağa”, “Buta”, “Ələt”, “Zığ”, “Sumqayıt-2”, “Gəncə-1”, “Quba”, “Mingəçevir şəhər”, “Sabirabad”, “Şəki” və 205 saylı yarımstansiyalar yenidən qurulur.

Bundan başqa, Sumqayıt şəhərində sənaye komplekslərinin qidalandırılması üçün yeni 110 kV-luq “Sulfanol” yarımstansiyası tikilir və işlər yekunlaşmaq ərəfəsindədir.

Paralel olaraq Reabilitasiya Proqramı çərçivəsində son 6 ayda digər yarımstansiyalarda da təmir-bərpa işləri həyata keçirilib və yarımstansiyaların gücü əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, 110 kV-luq “Masazır” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “Cənub” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, 135 saylı yarımstansiyada 2 ədəd 40 MVA transformatorlar 80 MVA transformatorlarla əvəz olunub. Eyni zamanda, “Ələt” yarımstansiyasında 15 MVA transformator 25 MVA transformatorla, “Əhmədli” yarımstansiyasında 40 MVA transformator 80 MVA, 63 MVA transformator 80 MVA transformatorla, “Zabrat” yarımstansiyasında 63 və 40 MVA transformatorlar 80 MVA transformatorla əvəz edilib. Ümumilikdə isə son 6 ayda yarımstansiyalar üzrə 249 MVA güc artırılıb.

“Azərenerji” ASC “Cənub” Elektrik Stansiyasında (ES) görülən işlər nəticəsində itirilmiş 200 MVt gücü bərpa edib. Qurumdan verilən məlumata görə, “Azərenerji” ASC Reabilitasiya Proqramına uyğun olaraq, ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə apardığı işləri davam etdirir. Qoyuluş gücü 780 MVt olan “Cənub” ES sentyabr ayında təhvil alınan zaman stansiyanın yükü 520 MVt olduğu halda, görülən işlər nəticəsində güc 720 MVt-a qaldırılıb və 200 MVt itirilmiş güc bərpa edilib. Lakin “Azərenerji” ASC stansiya üzrə əldə edilən bu nəticə ilə kifayətlənmək fikrində deyil və əlavə tədbirlərini davam etdirir. Reabilitasiya Proqramına uyğun olaraq, hazırda Hacıqabul rayonunda yerləşən qazpaylayıcı stansiyadan Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasına 25 kilometr məsafədə 530 diametrli yeni qaz xətti çəkilir. Buna səbəb isə əvvəl kənardan alınan qazın keyfiyyətinin aşağı olması ilə yanaşı, istehsal prosesində bəzi problemlərin yaranması olub. Hazırda “Cənub” ES-də hər birinin gücü 5 MVt olmaqla 2 ədəd qaz kompressoru işləyir, onlar qazın təzyiqini 6 atmosferdən 25 atmosferə qədər qaldırmalı olur. Bu isə orta hesabla ay ərzində 7 milyon kilovatsaat elektrik enerjisi sərfinə gətirib çıxarır. Yeni xətt çəkiləndən sonra qaz birbaşa turbinə daxil olacaq və həmin kompressorların işləməsinə ehtiyac qalmayacaq. Bununla da həm istehsal prosesində sərf edilən aylıq 7 milyon kilovatsaat elektrik enerjisinə qənaət ediləcək, həm də həmin 7 milyon kilovatsaat elektrik enerji yükü ümumi sistemə ötürüləcək. Ən əsası isə bununla “Cənub” Elektrik Stansiyasının etibarlığı və dayanıqlığı artırılmaqla yanaşı, itirilmiş gücün bərpası istiqamətində daha bir addım atılmış olacaq.

“Azərenerji” ASC-nin son aylarda həyata keçirdiyi mühüm işlərdən biri də “Səngəçal” Elektrik Stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi istiqamətində görülən işlərdir. Reabilitasiya Proqramı çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, bu stansiyada da mühüm işlər görülür. Peabilitasiya Proqramına qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi, ümumiyyətlə, işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 MVt “itirilmiş” güc bərpa edilib. Eyni zamanda, işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub.

Həmin işləməyən 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 MVt “itirilmiş” güc bərpa edilib. Bununla da Reabilitasiya Proqramı çərçivisində “Səngəçal” Elektrik Stansiyası üzrə itirilmiş gücün bərpası 62 MVt-a çatdırılıb. Ümumilikdə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat “itirilmiş” güc bərpa olunacaq və bununla da, Bakı da daxil olmaqla, ölkənin elektrik təchizatının etibarlığı və dayanıqlığı üçün daha bir addım atılmış olacaq.

Məlum olduğu kimi, “Azərenerji” ASC Reablitasiya Proqramı çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir.

“Azərenerji” ASC tərəfindən etibarlılıq və təhlükəsizliyi gücləndirmək üçün enerji sisteminin Dispetçer İdarəetmə Mərkəzinin yenidən qurulması da diqqəti çəkir. Bununla qurumun məqsədi ölkənin enerji sisteminun həm idarəetmə, həm də kiber hücumlara qarşı daha dayanıqlı olmasını təmin etməkdir. Bildirilənə görə, artıq yüksəkgərginlikli elektrik ötürmə xətləri və yarımstansiyalarda qəzaların qarşısını almaq məqsədilə gərginliyin kəskin düşməsinin qarşısını alan mikroprossesor texnikası əsasında əks-qəza avtomatikası işə salınıb.

“Azərenerji” ASC-nin həyata keçirdiyi Reabilitasiya Proqramı çərçivəsində görülən işlərin kiçik bir qisminə nəzər saldıq. Fikrimizcə, qurum bu mühüm prorqamın fəaliyyətini yeni-yeni layihələrlə daha da genişləndirəcək. Əsas odur ki, istehlakçılar, enerji istifadəçiləri qurumun fəaliyyətindən, göstərdiyi xidmətdən narazı deyil.

İradə SARIYEVA

Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.