Həmsədrlərin Vaşinqtonda tərəflərə “nəticəyə yönəlik konkret təkliflərinin” kodaltı mənası...

21 İyun 2019 17:17 (UTC+04:00)

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşınqton görüşünün nəticələri barədə açıqlama yayıb.

XİN bəyan edib ki, Azərbaycan tərəfi bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu ilin 20 iyun tarixində Vaşınqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir: “Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir. 3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib. Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər”.

Həmçinin, o da bildirilib ki, yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub.

Burada maraq doğuran məqamlardan biri həmsədrlərin tərəflərə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim etməsidir.

Maraqlıdır, burada söhbət hansı təkliflərdən gedə bilər? Ümumən, ekspertlər bunu necə dəyərləndirirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə, ümumən, buna bir neçə aspektdən yanaşdı: “Belə görünür ki, həmsədrlər danışıqlar prosesində əlavə sənədlər təqdim ediblər. Konkret nəticələrə yönəlik təkliflərin mahiyyətinin nədən ibarət olduğu məlum deyil. Ancaq müəyyən ehtimallar irəli sürmək olar. Ola bilsin ki, sözügedən təkliflər atəşkəsin qorunması mexanizmlərinin təkmilləşdirilməsinə aiddir. Çünki həmsədrlər müharibənin yenidən başlamasından daha çox narahatdırlar. Onların əsas məqsədi odur ki, eskalasiya yaranmasın. Yəni müharibə başlamasın. Başqa bir tərəfdən, onu da nəzərə almalıyıq ki, Qarabağ konflikti Rusiyanın regionda geosiyasi maraqlarının və təsirinin qorunması üçün əsas vasitəsidir. Təbii ki, burada erməni millətçiliyi və Ermənistanın işğal faktoru da mühüm rol oynayır. Moskva məhz bu münaqişə üzərindən Ermənistanı forpost olaraq idarə edir, həmçinin,  ölkəmizə qarşı  müəyyən təzyiq rıçaqlarını əlində saxlayır. Bu, Moskvanın ölkəmizə qarşı Ermənistanın vəkalət müharibəsidir. Məqsəd ölkəmizi öz orbitinə çəkmək və forpost olaraq idarə etməkdir. Azərbaycan öz müstəqilliyini və suverenliyini heç bir ölkəyə güzəşt etməz və işğal  faktorunu mütləq aradan qaldıracaq. Biz danışıqları Ermənistanla aparırıq və demək olar ki, heç bir irəliləyiş əldə etmək mümkün olmayıb. Bütün ədalətli həll formalarının Rusiya qarşısını alır. Rusiya faktoru olmasa, Ermənistan ərazilərdən ilkin şərt olmadan çıxmağa məhkum olar. Rəsmi Bakı yalnız Qərblə tərəfdaşlığı inkişaf etdirməlidir. Rusiya qarşısında manevr imkanlarına sahib olmalıdır . Ordumuzu gücləndirməliyik. Rusiya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yaxın perspektivdə imkan verməyəcək. Ermənistan Rusiyanın orbitindən tam çıxarsa, danışıqlar İrəvanla mümkün ola bilər. O zaman konfliktin həll edilməsi mümkündür”.

Vidadi ORDAHALLI