Ramiz Mehdiyev 119 ölkənin hibrid təhlükələrlə birgə mübarizə konfransında çıxış edib

19 İyun 2019 16:12 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib. “Trend”in məlumatına görə, Rusiya Federasiyasının Ufa şəhərində keçirilən, 119 ölkənin təmsilçilərinin iştirak etdiyi görüşdə hibrid təhlükələrin artması şəraitində milli təhlükəsizliyin və dayanıqlı iqtisadi-sosial inkişafın təmin edilməsi məsələsi müzakirə olunub.

Ramiz Mehdiyev görüşdə məruzə ilə çıxış edib, hibrid təhlükələrin proqnozlaşdırılması, qabaqlanması və qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Görüşün gündəliyinə, həmçinin, fövqəladə humanitar cavab tədbirləri sahəsində əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyi sistemi və terrorçuluq ideologiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi daxildir.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Moldova Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Dəmir Sıqınbayevlə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.