Moskva ötən il Paşinyanın hakimiyyətdən aşırdığı milyarderi yenidən onun qarşısına çıxarır…

19 İyun 2019 18:24 (UTC+04:00)

Ermənistanı son dövrlərdə müxtəlif təzyiq vasitələri ilə sıxışdıran Rusiya İrəvana qarşı daha bir sərt addım atmağa hazırlaşır. Söhbət Rusiyada olan erməni milyarderlərin vasitəsilə İrəvana təzyiq göstərilməsindən gedir. Hesab edilir ki, Rusiyadakı erməni milyarderlər Ermənistandan kapitallarını geri çəkməyə başlasa, bu ölkə indiki ilə müqayisədə daha acınacaqlı duruma düşəcək.

Erməni mediasında yayılan məlumatlara görə, İrəvan Moskvanın şərtlərini qəbul etmək istəməsə,  Kreml erməni milyarderlər vasitəsilə də Ermənistana qarşı təzyiq rıçaqlarını işə salacaq.  Moskvanın şərtlərini isə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyana erməni əsilli rusiyalı milyarder-oliqarx, “Taşir” qrupunun sahibi Samvel Karapetyan çatdırıb. Xatırladaq ki, Paşinyan hakimiyyətə gəldikdən sonra “Taşir”lə bağlanmış müqavilədən imtina edib. Buna qədər isə Samvel Karapetyan Ermənistanın elektrik enerjisi bazarında da mütləq inhisarçı idi. 2015-ci ildə o, “Ermənistan Elekrik Şəbəkəni” satın almış, 2017-ci ildə isə “Ermənistan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ni idarə etmək üçün etibarnamə almışdı. Ermənistanda belə hesab edirdilər ki, Moskva bütün Ermənistanı “öz milyarderinə”, yəni Karapetyana etibarnamə ilə idarəetməyə verib. 2016-cı ildə  Rusiyanın “Qazprom” şirkətinin top-meneceri olan Karen Karapetyanın baş nazir təyin olunması da bunu təsdiq edirdi. Bütün bu proseslər Serj Sarkisyanın Ermənistan prezidenti olduğu dönəmdə problemsiz baş verirdi. Mütləq hakimiyyətə malik olan Serj Sarkisyan baş nazir olmaq üçün uğursuz cəhdindən sonra istefaya getdi. Demək olar ki, onunla  eyni vaxtda Rusiya tərəfindən təyin edilmiş baş nazir Karen Karapetyan da hökuməti tərk etdi. Ermənistanda baş verən “məxməri inqilab” əvvəlki müqavilələrin, o cümlədən də Ermənistanla Rusiya arasında bağlanan sazişlərin ləğvinə gətirib çıxardı. Bundan ən çox qəzəblənən tərəflərdən biri isə Rusiya oldu.

Baş verənlər fonunda Rusiyanın Ermənistana satdığı qazın qiymətində artımlara getməsi, sərmayə axınını azaltması İrəvan üçün artıq müəyyən şoklar yaratdı. Bunun ardınca erməni milyarderlərin kapitalını Rusiyadan çıxarmağa başlaması Paşinyanı pis vəziyyətə saldı. Vəziyyət belə davam edəcəyi təqdirdə Paşinyan daha acınacaqlı bir duruma düşəcəyinin yaxşı fərqindədir. Elə bu fonda belə qənaət yaranıb ki, Karapetyan Ermənistana yeni layihələrlə bağlı gəlib. Çünki yuxarıda qeyd olunduğu kimi, Paşinyanın hakimiyyətə gəlişindən sonra erməni əsilli rusiyalı milyarderlər Ermənistana pul qoymaqda tərəddüd edir, hətta pullarını geri çıxaranlar da olub. “İrates” qəzeti isə yazır ki, Samvel Karapetyan Ermənistan Baş naziri Nikol Paşinyana Kremldən xüsusi mesaj gətirib: “Nikol Paşinyan-Samvel Karapetyan görüşü bəzi dairələrdə ikincinin Ermənistana yeni iqtisadi proqramlar haqqında danışmaq üçün gəldiyi barədə təəssürat yaradıb. Əslində isə Karapetyan Paşinyana Kremldən xəbər gətirib. O, Ermənistana səfir kimi gəlib və Paşinyana hesablaşması gərəkdiyi rus elitasının mesajlarını çatdırıb. Bu mesajlar iqtisadi və siyasi mahiyyət daşıyır. Xüsusi qeyd olunmalıdır ki, Karapetyan Paşinyanla Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən bir neçə gün öncə görüşüb. Yəqin ki, Rusiyada yaşayan erməni oliqarxın Paşinyana xəbəri həm də bununla bağlıdır. Bəlkə Rusiyada yaşayan erməni oliqarxın gətirdiyi xəbərlər arasında bu görüşlə bağlı da nəsə olub? Mənbə deyib ki, bəli, ola bilər”. Qəzet yazır ki, Paşinyan Rusiyadan gələn siyasi, iqtisadi tələbləri qəbul etməyə məcburdur. Əks təqdirdə Rusiyadan asılı olan Ermənistan iqtisadiyyatı daha sürətlə çökəcək. Bu isə Paşinyan üçün ciddi zərbədir. Amma məsələnin digər maraqlı tərəfi bundan ibarətdir ki, Paşinyan Rusiyanın şərtlərini qəbul etməklə Qərbdən tamam uzaqlaşmış olacaq. Belə olan təqdirdə erməni cəmiyyətinin Qərb ümidlərinin üzərindən xətt çəkiləcək. Eyni zamanda, Qərb ölkələrinin Ermənistana qarşı artıq sərt mövqedən çıxış etməsi də qaçılmaz olacaq.

Erməni mediası yazır ki, məhz bütün bunlara görədir ki, heç bir Qərb investoru, hətta Qərbdəki zəngin ermənilər Ermənistana maraq göstərmir. Nəticədə, inqilabdan keçən müddətdə ölkədə nə işsizlik, nə də yoxsulluq azalıb. Ermənistandan kütləvi köç də səngiməyib, əksinə, artıb. Əhalinin dolanışığı yaxşılaşmayıb, xarici borclar çoxalıb. Bildirilir ki, ABŞ və Qərb Ermənistanda ötən il baş tutan inqilaba dəstəyi yeganə o səbəbə görə vermişdi ki, yeni hakimiyyət Ermənistanın Rusiya qarşısında müstəqil xarici siyasət kursuna üstünlük verəcək, Rusiyadan asılılığı minimuma endirmək üçün gərəkən addımlar atacaq. Amerika isə hətta aydın şəkildə ona da işarə vurmuşdu və vurur ki, yalnız bundan sonra Ermənistan ABŞ-ın böyük sərmayələrinə ümid bəsləyə bilər. Amma Paşinyanın siyasəti nəticəsində Rusiyadan asılılıq azalmaq əvəzinə artdı. Üstəlik, yeni hökumətin qəbul elədiyi proqramda, əvvəlki kimi, Rusiya Ermənistanın əsas təhlükəsizlik qarantı və xarici siyasət prioriteti elan edildi. Bütün bunlar Qərbin Ermənistandan üz döndərməsinə gətirib çıxarıb. Rusiya isə bu şəraitdə daha rahat şəkildə Ermənistana öz şərtlərini diqtə edir.

Tahir TAĞIYEV