Minimum əməkhaqqı artımının inflyasiya yaratmasından ehtiyat edənlərə - yanvardakı islahatlarla dövriyyəyə əlavə 1,5 milyard manat daxil olmuşdu…

19 İyun 2019 17:31 (UTC+04:00)

2019-cu ilin əvvəlindən əməkhaqları, pensiyalar, təqaüdlər artırılır, nəticədə əhalinin gəlirləri yüksəlir. İyunun 18-də Prezidentin imzaladığı sərəncamlarla da müəllimlərin, hərbçilərin, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda çalışanların əməkhaqları artırılıb. Bu məqsədlə büdcədən illik əlavə 1 milyard manat xərclənəcək.

Bəziləri elə hesab edirlər ki, əhalinin gəlirlərinin artması inflyasiyanı yüksəldəcək və qiymət artımı yaşanacaq. Ancaq nəzərə almaq lazımdır ki, ilin əvvəlindən etibarən sosial islahatlar həyata keçirilir. Xatırladaq ki, dövlət başçısının cari il fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırıldı, bu artım 600 minədək insanı əhatə etdi.

Məlumat üçün bildirək ki, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat ayrıldı.

Bəllidir ki, iyunun 18-də imzalanan sərəncamla minimum əməkhaqqından əlavə, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50% , hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki  işçilərinin əməkhaqqı 40%, dövlət ümumtəhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid əməkhaqqının orta hesabla 20%, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin də aylıq maaşının 40% artırılması nəzərdə tutulub.

Əhalinin sosial təminatının gücləndirilməsi məqsədilə imzalanan sərəncamlar ilk növbədə 950 minə yaxın şəxsin yaşayışının yaxşılaşmasına səbəb olacaq.

Ekspertlər bildirirlər ki, minimum əməkhaqqının və bəzi sahələrdə əməkhaqqının yüksəlməsi qiymət artımına təsir etməyəcək. Qiymət artımının qarşısını almaq üçün önləyici tədbir görülüb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən müəyyən məbləğdə vəsait ayrılması gözlənir. Belə olan halda, qiymət artımı baş verməyəcək.

Millət vəkili Rüfət Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır: "Maaşların artımı təbii bir prosesdir, vaxtı çatmış bir prosesdir. Sual verirlər ki, əhalinin gəlirlərinin artması inflyasiyaya təsir edəcəkmi?

Bir çoxları hesab edir ki, əhalinin gəlirlərinin artması inflyasiyanı yüksəldəcək. İndiki halda, əhalinin gəlirlərinin artması inflyasiya təhlükəsi yarada bilməz. Bəzi iqtisadçılar məlumat yayırlar ki, əhalinin gəlirləri artırsa, inflyasiya yüksələ bilər, qiymət artımı baş verər. İqtisadçılar maaş artımını qorxunc formada ictimaiyyətə təqdim etməsinlər. O zaman maraqlıdır, əhalinin gəlirləri artırsa, bəs nə üçün inflyasiya 2,4%-dir və getdikcə aşağı düşür?! Biz iqtisadiyyatdan qazandığımız pulu xərcləyirik. Əgər qazanılmamış pul xərcləsəydik, iqtisadi artımdan çox gəlirləri artırsaydıq, inflyasiya yüksələ bilərdi”.

Millət vəkili onu da vurğuladı ki, minimum əməkhaqqının və bəzi sahələrdə əməkhaqqının 20-40 faiz artması insanların sosial rifahının yüksəlməsinə səbəb olacaq.

Millət vəkili Tahir Mirkişili bildirdi ki, 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi: “Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artmasına səbəb oldu. Məlumdur ki, 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılıb və ilin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir. Dövlət başçısının sərəncamları ilə ilin əvvəlindən elan edilən sosial paketin yeni mərhələsi başladıldı. Yeni sərəncamlar orta hesabla maaşların 40-50% artırılmasını nəzərdə tutur. Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır, xatırladım ki, minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək.

Onu da bildirim ki, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra sahələrdə əməkhaqqı 20-40 faiz artdı. Əməkhaqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq. Əməkhaqlarının artımı həm də iqtisadi aktivliyi artıracaq”.

Günel CƏLİLOVA