Azərbaycanda iyun sosial inqilabı əhali-dövlət anlaşmasına təsirli hadisə kimi...

19 İyun 2019 16:57 (UTC+04:00)

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Prezident İlham Əliyev əhalinin rifahının yüksəldilməsi məqsədilə növbəti sosial paketi təsdiq edib.

Ölkə başçısının dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının böyük dərəcədə artırılması barədə iyunun 18-də imzaladığı sərəncamlar dövlətin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə göstərir. İyunun 18-də imzalanan 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Bu sərəncamlar, ümumilikdə, 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

İqtisadi sahədə əldə edilən böyük uğurların sosial sferaya transformasiyası dövlət başçısının bəyan etdiyi sosial-iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb. Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət-vətəndaş etimad mühitini dərinləşdirir. Əhalinin dövlətə olan inam və etimadı daha da artır. Bütün bunların fonunda, Prezidentin sosial paketinin ölkədə dövlət-vətəndaş anlaşmasının dərinləşməsində rolu nə olacaq?

Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, sosial paket dövlət-vətəndaş etimad mühitini daha da dərinləşdirəcək: “Ümumən, son bir il ərzində ölkə başçısı tərəfindən çox əhəmiyyətli mühüm fərman və sərəncamlar imzalanıb, bir sıra proqramlar qəbul edilib. Bütün bunlar onu göstərir ki, ölkə başçısı tərəfindən verilən bütün vədlər həyata keçirilir. Cənab Prezident demişdi ki, genişmiqyaslı islahatlar olacaq və sosial-ictimai həyatın bütün sahələrini əhatə edəcək. Belə də oldu və sistemli şəkildə bütün addımlar atılır. Son sosial paket çox genişmiqyaslıdır. Bu ilin əvvəlində minimum əməkhaqqı artırıldı. Nəticədə bu rəqəm 180 manat oldu. Bu dəfə isə minimum əməkhaqqının həcmi 250 manata çatdırıldı. Qəbul olunan əvvəlki və indiki sosial paket, bütövlükdə, 2 milyon nəfər ölkə vətəndaşını əhatə edir. Bu çox ciddi nəticədir. Bundan əvvəlki illərə baxsaq görərik ki, artımlar 5, 8, 10 faiz olub. İndiki kimi böyük artımlar bir neçə il əvvəl olmayıb. Görülən işlər həm də firəvan dövlət konsepsiyasının icrası istiqamətində atılan addımlardır. Bütün bunlar ölkə əhalisinin vəziyyətinin daha da yaxşılaşmasına gətirib çıxaracaq. Bu həm də Prezidentə olan inam və etimadın dərinləşməsini bir daha göstərəcək. Ölkə başçısı bütün problemlərin həlli ilə bağlı sistemli işlər həyata keçirir. Eyni zamanda, bu həm də cəmiyyətdə dövlət orqanlarına inam və etimadın daha da güclənməsinə gətirib çıxaracaq. Ölkənin sabahına olan ümidləri daha da artıracaq”.

Vidadi ORDAHALLI