Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Anar müəllim belə bir qənaətə gəldi ki, ya Çingiz Abdullayevdən üzr istəyib AYB-yə qaytarılmağımı xahiş etməliyəm, ya da...”

“Anar müəllim belə bir qənaətə gəldi ki, ya Çingiz Abdullayevdən üzr istəyib AYB-yə qaytarılmağımı xahiş etməliyəm, ya da...”

19 İyun 2019 16:35 (UTC+04:00)

“... bir gənc yazıçı kimi indiyə qədər müəyyən səhvlərə yol vermişəm”
“Çingiz Abdullayevdən üzr istəməyim haqqın nahaqdan üzr istəməsi kimidir”
Rəşad Məcid: “O, telefon danışığı zamanı özünü elə apardı ki, Azərbaycanın ən sakit adamı ona mən dediyimdən 10 qat artıq təhqiredici söz deyərdi”
“Mənim ona elə söz deməyim yadımdadır”

 

Yaradıcılıq qurumlarının bir çoxunda yaradıcılıq söhbətlərindən, yaradıcılıq sahəsinin inkişafından daha çox dedi-qodu, qalmaqal, dava-dalaş üstünlük təşkil edir. Sirr deyil ki, tarixən yaradıcılıq qurumlarında intriqa, söz-söhbət, xoşagəlməz hallar yaşanıb. Hətta ən istedadlı qələm adamları, sənətkarlar belə, dedi-qodu, intriqa hədəfinə çevriliblər.

Zaman-zaman bir çox söz-söhbət, qalmaqallarla gündəmdə olan Azərbaycan Yazıçılar Birliyi də istisna deyil. Bu qurumda da vaxtaşırı olaraq Birlik üzvləri arasında xoşagəlməz hallar yaşanıb. Deyək ki, Birliyə qarşı sərt tənqidlər səsləndirən, bu qurumu və onun rəhbərliyini müxtəlif məsələlərdə günahlandıran yazarlar Birlik üzvlüyündən xaric ediliblər. Hətta bəzi yazarlar bu qurumun üzvlüyündən istefa verməkdən çəkinməyiblər. Birlik rəhbərliyi isə çox zaman qeyd edib ki, AYB-yə qarşı çıxan yazarlar ədəbiyyata heç bir xidmət göstərməyib və onlar yalnız mənasız intriqa ilə məşğul olublar.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyindən indiyə qədər çıxarılanlar sırasına mərhum yazıçı Rafiq Tağı (Səməd Vurğun haqqında tənqidi yazısına görə), Əkrəm Əylisli (“Daş yuxular” romanına görə), Şərif Ağayar (Fikrət Qocaya zarafatla “o, hələ ölməyib?” dediyinə görə), Kəramət Böyükçöl (Klassikləri sərt tənqid etdiyinə və AYB-yə ironik münasibətinə görə), Ayxan Ayvaz (AYB rəhbərliyi haqda sərt fikirlər səsləndirdiyi müsahibəyə görə), Elşad Barat

(Çingiz Abdullayevlə bağlı yazdığı statusa görə) daxildir.

Onu da vurğulayaq ki, Zahir Əzəmət, Elnur Astanbəyli, Tehran Əlişanoğlu, Salam Sarvan, Rüstəm Behrudi, Nəriman Əbdülrəhmanlı, Qismət, Mövlud Mövlud, Rəbiqə Nazimqızı, Aysel Əlizadə, Elnaz Eyvazlı, Babək Göyüş, Elvin Bakiroğlu isə Birlik üzvlüyündən istefa veriblər. 

Bu gün mətbuatda və sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri gənc yazar Elşad Baratın Birlik üzvlüyündən xaric edilməsidir.

Məlum olduğu kimi, gənc yazar Elşad Baratla Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev arasında baş verən qalmaqal, söz dueli gənc yazarın AYB üzvlüyündən kənarlaşdırılması ilə nəticələnib.

Mətbuatın yazdığına görə, AYB-də keçirilən mühüm iclasda gənc şair Elşad Baratın Azərbaycan Yazıçılar Birliyindən xaric edilməsi barədə qərar verilib.

AYB-dən bildirilib ki, Katibliyin toplantısında AYB üzvü Elşad Baratın nalayiq hərəkərtlərilə bağlı məsələ müzakirə edilib. Qərara alınıb ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşad Barat sosial şəbəkələrdə mərhum şair və yazıçıların xatirəsini təhqir etdiyi, yazıçılara şər-böhtan atdığı üçün Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən xaric edilsin.

AYB üzvlüyündən uzaqlaşdırılmasının səbəblərinə aydınlıq gətirən Elşad Barat “Bakı-Xəbər”ə bildirdi ki, buna səbəb bir neçə gün əvvəl baş verən hadisə olub: “Bir neçə gün öncə sosial şəbəkədə paylaşılmış və yazıçı Çingiz Abdullayevə məxsus olduğu iddia olunan maşın şəkli gördüm, diqqətimi çəkdi, mən də hər kəs kimi, istər-istəməz, yazılanların bir insan kimi təsiri altına düşdüm və vaxtilə Zaur Baxışəliyev, Xoşqədəm Hidayətqızı, hətta Anar müəllimin öz qızı Günel xanımın və s. maşınları haqqında da şəkil-məlumat dərc edilmişdi deyə bu məsələni normal hesab edib, həm də bir şair kimi hislərimə qapanıb şairanə münasibətimi bildirdim. Təəccüblü məqam budur ki, Xalq yazıçısı, PEN Klubun sədri, "Nefçi"də şura sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri və özü müsahibəsində dediyi kimi, başqa 33 təşkilatın sədri Çingiz Abdullayev həmin şəklin altında şəxsən fikirlərini yazaraq alçaldıcı ifadələrlə məni böhtançı, alçaq, vicdansız və bu kimi sözlərlə təhqir etdi. İndi də özümə inana bilmirəm ki, hələ də bu təhqirlərə qanun çərçivəsində cavab verməmişəm. Amma lazım gələrsə... Bu hadisədən bir gün sonra AYB-dən xaric olunduğumu mətbuatdan oxudum və dəqiqləşdirmək üçün Birlik sədri, Xalq yazıçısı Anar müəllimə zəng etdim. Anar müəllim məni Yazıçılar Birliyinə dəvət etdi. Onu da bu aralıqda deyim ki, Çingiz Abdullayev bildirib ki, maşınının şəklini paylaşdığıma görə məni məhkəməyə verəcək, qoy versin. Bəs mən həm Çingiz Abdullayev, həm də Rəşad Məcid tərəfindən sərt şəkildə təhqir olunduğuma görə kimləri məhkəməyə verməliyəm? Tutaq ki, mənim paylaşdığım maşın şəkli heç Çingiz Abdullayevin deyil. Bəs AYB büdcəsinin puç olmuş taleyini hansı "maşınların" ayağına yazaq?”.

E.Barat, həmçinin, qeyd edir ki, AYB katibləri ona qarşı hücuma keçərək təhqir ediblər. Onun sözlərinə görə, hətta AYB sədri, Xalq yazıçısı Anarla görüşərkən belə, Birlik katibləri onların təkbətək söhbətinə mane olublar: “Hər zaman Anar müəllimə inanan gənc kimi bu gün Birlikdə onunla görüşə getdim. Maraqlıdır ki, Anar müəllimlə təkbətək görüşə getdiyim halda Rəşad Məcid və Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza etirazıma baxmayaraq, həmin görüşdə iştirak etdilər. Görüşün ilk dəqiqələrində hiss etdim ki, o şəxslərin görüşdə iştirakı öncədən planlaşdırılmış hansısa məqsədə xidmət edir. Çünki bir neçə gün öncə Rəşad Məcid mənim şəxsi telefon nömrəmə zəng edərək mənə “küçük” və s. sözlər deyərək şərəf və ləyaqətimi alçaltmağa çalışmışdı. Bədbəxtlikdən telefonum bütün danışıqları qeydə alır. Xəyal Rza isə AYB-də mətbuat xidmətindən başqa hər işlə məşğul olduğu üçün, həmişə mətbuatın, eyni zamanda, mənim kimi bir çox gənc yazarın tənqid obyekti olub. Bu şəxslərin görüşdə iştirak etməsi məndə ciddi suallar yaratdı. Nəhayət, Anar müəllimin otağına daxil olanda stolunun üstündəki böyük kağız kütləsi diqqətimi çəkdi. Sonra məlum oldu ki, Birliyin mətbuat xidməti Birlikdə kağız qoymayıb, hamısına mənim son illər sosial şəbəkələrdə yazdığım ən kiçik və elə də əhəmiyyət kəsb etməyən statuslarımı belə çap edərək Anar müəllimin qarşısına toplayıb. Lap özümü Mikayıl Müşfiq kimi hiss etdim. Söhbətimizə Rəşad Məcidin xeyli müdaxilələrindən sonra Anar müəllim belə bir qənaətə gəldi ki, ya Çingiz Abdullayevdən üzr istəyib AYB-yə qaytarılmağımı (Kənan Hacı kimi) xahiş etməliyəm, ya da Salam Sarvan kimi saytların qonorarı hesabına "səfil" həyat yaşamalıyam. Sözümün Rəşad Məcid tərəfindən dəfələrlə kəsiləcəyinə görə susdum. Susmamışdan qabaq isə Anar müəllimin "get Çingizdən üzr istə" fikrinə bunları demişdim: Anar müəllim, siz bizim dəyərli yazıçımız, böyüyümüz, ağsaqqalımızsınız, biz bəzən AYB-yə ocaq kimi, pir kimi baxırıq, amma... Ən çox təəssüf doğuran məqamlardan biri də budur ki, görüşümüz az qala bitməmiş Rəşad Məcid AYB adından saytlara məlumat ötürdü. Mənim adımdan fikirlər bölüşdü. Həm də köndələn. İndi isə mən bu yazı vasitəsilə bəyan edirəm ki, bir gənc yazıçı kimi indiyə qədər müəyyən səhvlərə yol vermişəm. Bu da təbiidir. Amma məhz AYB-nin fəaliyyəti haqqında dediklərim elə AYB-nin daha səmərəli fəaliyyətinə yönəlmiş tənqidlərdir. Son illər kifayət qədər yazıçıların tənqid obyektinə çevrilən AYB katibləri Çingiz Abdullayev, Rəşad Məcid ictimaiyyətin tənqidlərindən nəticə çıxarmaq və demokratik vəziyyət sərgiləmək yerinə, hələ də hədə-qorxu, şantaj və bu kimi işlərlə məqsədlərinə çatmaq niyyətindədirlər. AYB-nin düzəlməsi Azərbaycan ədəbiyyatının düzəlməsidir. Biz gənclər özümüzü AYB fəaliyyəti ilə tənzimləmək istəyirik, amma təəssüflər olsun ki, sözügedən katiblər timsalında Birlik özünü təsdiq edə bilmir. Onu da qeyd edim ki, mənim tənqidlərim Anar müəllimə yox, məhz yuxarıda adları çəkilən katiblərin fəaliyyətinə işarədir. Düşünürəm ki, Çingiz Abdullayevdən üzr istəməyim haqqın nahaqdan üzr istəməsi kimidir. Çünki o maşın şəkli Çingiz Abdullayevin deyildisə, sakitcə bildirə bilərdi ki, a bala, o maşın mənim deyil, mən də üzrxahlıq edib silərdim. Bütün olanlara, şəxsiyyətimin alçaldılmasına yönəlmiş oyunlara və başqa bir çox haqsızlığa görə bəyan edirəm ki, AYB-də doğru və sağlam bir mühitin hakim olduğu günə qədər mən və mənim kimi düşünən və Azərbaycanın çoxsaylı yazıçı gəncləri öz fəaliyyətimizi dayandırmayacağıq” - deyə E.Barat qeyd etdi.

E.Baratın Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə qarşı səsləndirdiyi ittihamlarla bağlı R.Məcidin də fikrini öyrəndik. R.Məcid qeyd etdi ki, həqiqətən E.Baratla aralarında telefon söhbəti olub. “Mən o adamla telefonda danışmışam. O, telefon danışığı zamanı özünü elə apardı ki, Azərbaycanın ən sakit adamı ona mən dediyimdən 10 qat artıq təhqiredici söz deyərdi. Mənim ona elə söz deməyim yadımdadır. Demişəmsə və o, yadında saxlayıbsa saxlasın” - deyə R.Məcid bildirdi. 

İradə SARIYEVA