Prezidentin 2019-cu ilin yanvar və iyun sosial paketlərinin mahiyyət fərqi – islahatın təsiri altına düşənlər üçün yığım imkanları açıldı...

19 İyun 2019 16:22 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı 17 sərəncamla minimum əməkhaqqı, həmçinin, bir sıra dövlət qurumlarında çalışan şəxslərin əməkhaqqında kəskin artım edilib. Sərəncama əsasən sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata qaldırılıb.

Xatırladaq ki, minimum əməkhaqqı bu il martın 1-dən 130 manatdan 180 manata qaldırılmışdı. Həmin zaman artım birbaşa olaraq 600 minədək insanı əhatə edib. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olub. Minimum əməkhaqqının 180 manata çatdırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcəkdi. Budəfəki artım daha yüksək məbləği – 70 manatı ehtiva edir. Bu isə 600 minədək insanın əməkhaqqının əvvəlkindən daha çox artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, bu islahat paketinə start 2019-cu ilin əvvəlindən verilib. İlin əvvəlində start götürən sosial paketin tərkib hissəsi olaraq minimum əməkhaqqı, minimum pensiya məbləğləri, əlillərə verilən təqaüdlər ciddi şəkildə artırılıb. Ümumilikdə, bu ilin əvvəlində elan olunmuş sosial paket 3 milyon nəfərə yaxın insanı əhatə edib. Bir sıra iqtisadçı analitiklər hesab edirlər ki, ilin əvvəlindəki sosialyönümlü paketlə indikinin arasında fərqlər var. Hər ikisi əhalinin vəziyyətinin yaxşılaşmasına xidmət etsə də, hədəf  kimi başqa-başqa nailiyyətlərin əldə olunması hesablanır. Birinci paketdə dünyada baş verən müəyyən iqtisadi proseslərin fonunda ölkə əhalisini əhatə edə biləcək mənfi təsirləri neytrallaşdırmaq nəzərdə tutulurdu. Nəticə etibarilə buna nail olundu. İndiki islahatların və təqdim olunan sosial paketin əhalinin rifahını daha da yaxşılaşdırmağa və əlavə vəsaitlərin yığımına, yəni ailə büdcəsinin artırılmasına hesablandığı qeyd edilir. Bu müqayisəni nə dərəcədə real saymaq olar?

Millət vəkili, iqtisadçı Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident ilin əvvəlində sosial paketin tərkib hissəsi olan bir sıra sərəncamları imzalayandan sonra bəyan etmişdi ki, bu addımlar davamlı olacaq: “Ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlət büdcəsinə böyük miqdarda əlavə vəsaitlərin daxil olduğunu bildirən İlham Əliyev bu artımların bütünlüklə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldiləcəyini elan etmişdi. Prezident xüsusilə minimum əməkhaqqı və pensiyanın artırılması imkanlarının onun tapşırığı ilə araşdırıldığını və bu istiqamətdə artımların davamlı olacağını bildirmişdi. Göründüyü kimi, üstündən az müddət keçdi və ölkə Prezidenti minimum əməkhaqqının əvvəlkindən daha böyük həcmdə artırılmasına dair sərəncam imzaladı. Bu gün imzalanan sərəncamlar bir daha ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə cavab verdiyini göstərir”.

Millət vəkilinin sözlərinə görə, hazırda imzalanan sərəncamlar nəyisə kompensasiya etməyə hesablanmayıb: “Bütün təhlillər göstərir ki, yeni sərəncamların təsiri altına düşəcək şəxslərin bundan sonrakı maddi rifahı daha da yüksələcək və onların vəsait toplamaq, ailə büdcələrini artırmaq kimi imkanları yaranacaq. Artıq müəyyən olunur ki, minimum əməkhaqqına görə ölkəmiz MDB-də ikinci yerdə qərarlaşır. Bu sərəncamların nəticəsində iqtisadiyyatımıza bir milyarddan çox vəsait daxil olacaq. Bunun da müsbət təsiri çox olacaq. Əməkhaqqı artan insanlarla yanaşı, bundan digər kateqoriyaların da bəhrələnmək şansı olacaq. Xüsusilə də istehsal və xidmət sektoruna tələbi artıracaq ki, bundan da həmin şəxslər mənfəət əldə edə biləcəklər. Bəli, doğru olaraq bu sərəncamlar arasında müqayisə aparılır və obyektiv nəticəyə gəlinir. Görünən budur ki, bu islahatlar paketində şaxələndirmə xüsusilə nəzərə alınıb. Yeni sərəncamların əhalinin maddi durumu ilə yanaşı, mənəvi vəziyyətinə də müsbət təsiri olacaq. Çünki ailənin rifahı yüksələndə, onun gəlirləri və yığım büdcəsi artanda insanların mənəvi-psixoloji vəziyyəti də qənaətbəxş olmağa başlayır. Ümumilikdə, davamlı xarakter daşıyan sosial islahatlar paketini müsbət dəyərləndirirəm və əminəm ki, bu istiqamətdə daha yeni addımların şahidi olacağıq”.

Məhəmmədəli QƏRİBLİ