Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun imkanları barədə konkret məsələlər açıqladı - FOTO

18 İyun 2019 17:16 (UTC+04:00)

İyunun 18-də Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

“Trend”-in məlumatına görə, mərkəz haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb.

Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlər, döyüş tapşırıqlarının tədrisi nəzərdə tutulub.

Müdafiə naziri poliqonun ərazisindəki hərbi infrastruktur obyektlərinə baş çəkib, müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərini izləyib.

Sonda general-polkovnik Z.Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi. Müdafiə naziri Zakir Həsənov iyunun 18-də keçirilən mətbuat konfransında belə deyib.

Z.Həsənov bildirib ki, ermənilər əlacsız vəziyyətdə qalaraq hətta qocaları səfərbər edib cəbhəyə göndərdilər, ancaq onlar da gəlib çıxa bilmədilər.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar uğurla davam edir: “Bütün əsas istiqamətlərdə ordu inkişaf edir. Bunu beynəlxalq qurumlar da təsdiq edir. İslahatların əsas istiqaməti ordunu yeni müasir silah-texnika ilə təmin etmək, döyüş qabiliyyətini yüksəltmək, infrastrukturu inkişaf etdirmək və s-dir. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk. Müasir təlim mərkəzlərimiz var. Bizim təlimlərimiz müasir, döyüş vəziyyətinə maksimal yaxın vəziyyətdə keçirilir. Getdikcə təlimlərə daha böyük hissə və birləşmələri cəlb edirik”.

Z.Həsənovun sözlərinə görə, ordunun döyüş qabiliyyətinin, təcrübəsinin artırılmasında Türkiyə Silahlı qüvvələrinin rolu böyükdür: “Biz Türkiyə ordusunun təcrübəsindən istifadə edirik. Biz Türkiyə Silahlı qüvvələri ilə birgə təlimlər keçirilib. Əgər 2018-ci ildə biz birgə 8 təlim keçirmişdiksə, bu il təlimlərin sayı 13-ə çatdırılacaq”.

Nazir əlavə edib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən sosial baxımdan orduya böyük diqqət ayrılır: "Bizim ordunun zabitlərinin əksəriyyəti daim ön xətdədir. Onların ailələri yaxın kəndlərdə kirayədə qalırlar. Biz Prezidentə müraciət etdik və dövlət başçısı buna reaksiya verdi və zabitlər üçün verilən kirayə pulları artırıldı. Bu qərar orduda yüksək qiymətləndirildi".

Z.Həsənov vurğulayıb ki, Müdafiə nazirinin əsas vəzifəsi ordunu daim yüksək döyüş vəziyyətində və müharibəyə hazır saxlamaqdır: "Bizim də vəzifəmiz Ali Baş Komandanın tapşırığına əsasən, qanun çərçivəsində ordunu daim yüksək döyüş vəziyyətində saxlamaqdır.

Müdafiə naziri Zakir Həsənov həmçinin deyib ki, bu gün Azərbaycanın Ordusunda olan hərbi təyyarələr qarşıda duran vəzifələri tam yerinə yetirməyə hazırdır.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunun helikopter parkı da tam yenilənib: “Bizim istifadəmizdə ən müasir helikopterlər var. Onlar uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir”.

Hərbi dəniz donanması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, donanmanın təkmilləşdirilməsi ilə bağlı işlər aparılır: “Biz dənizdə elə bir təhlükə görmürük. Xəzərin statusu ilə bağlı məsələ də həll olunub. Xəzəryani dövlətlər bizə dost ölkələrdir. Ancaq hərbi dəniz donanmasının da təkmilləşdirilməsi istiqamətində işlər aparılır”.

Müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusunun əsgəri Elşən Xəlilovun vurulması ilə bağlı şəxsən əmr verməsi ilə bağlı bəyanatında münasibət bildirib. Z.Həsənov bildirib ki, bu bəyanat ucuz siyasi xal toplamaq üçündür: “Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir”.

Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münqaqişəsini sülh yolu ilə həll etməyə çalışır: “Ancaq bu, olmasa, biz digər yola əl atacağıq. Biz 2016-cı ildə 3 gün ərzində bunu sübut etdik, indi də deyirik ki, gedin məsələni həll edin, əks tədqirdə torpaqlarımızı digər yolla azad edəcəyik”.

Nazir daha sonra – deyib ki, 2016-cı ildə 3 gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. Nazir bildirib ki, Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır: “Müharibəni hərbiçilər başlamır, icra edir. Hələki beynəlxalq vəziyyət müharibəyə imkan vermir, cənab Prezident münaqişənin həlli ilə bağlı işlər aparır”.

Z.Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur: “Azərbaycan Ordusu daim inkişaf edir, döyüş qabiliyyəti, psixoloji hazırlığı daim yüksəldir. Ermənistan isə bu sahədə çox zəifidr. Aprel döyüşlərindən sonra Sarkisyan dedi ki, “biz 80-ci illərin silahı ilə döyüşürdük”. Bəs necə oldu, siz deyirdiniz “bizim güclü ordumuz var?”

Baki-xeber.com