Rusiya səfirinin Köçəryanla görüşünün mahiyyəti açılır – “Köçəryan-Putin görüşü hazırlanır”

18 İyun 2019 18:08 (UTC+04:00)

İşğalçı Ermənistanın xarici siyasət sahəsində ciddi fiaskoya uğraması birəmanlı həqiqətdir. Özü də erməni lobbisinin güclü olduğu ölkələrdə baş verən son hadisələr fonunda qeyd edilənlər özünü kifayət qədər aydın surətdə büruzə verir. Məsələn, elə Fransada yaşananlar erməni tərəfinin artıq lobbiyə güvəninin də heç bir əsasının olmadığını aydın surətdə büruzə verir.

Xatırladaq ki, bir müddət əvvəl Serji-Pontuaz məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sı ləğv edildi. Eyni qərarla Arnivul şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” da ləğv olundu. Daha sonra Qrenobl məhkəməsi eyni xarakterli 4 “dostluq xartiyası”nı ləğv etdi. Qrenobl məhkəməsinin qərarında Frasanın Valans, Burq le Valasn və Burq de Peaj bələdiyyələrinin müvafiq olaraq Xankəndi, Şuşa və Martuni ilə imzaladıqları analoji sənədlər yolverilməz hesab olunub. Bütün bunlara mane olmaq üçün Fransadakı erməni lobbisinin cəhdləri hansısa fayda verməyib.

Proseslər göstərir ki, Bakının indi tək Fransada yox, bütün digər ölkələrdə Qarabağın işğal edilməsi faktını dünyaya çatdırmaq kimi fəaliyyəti artıq müsbət nəticələrini verir və ermənilər üçün böyük zərbəyə çevrilir. Yaranmış durumda “İşıqlı Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan bildirib ki, Fransa məhkəmələrinin qərarları Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyətsizliyinin nəticəsidir: “Belə qərarların veriləcəyi proqnozlaşdırılırdı. Çünki Azərbaycan Fransada genişmiqyaslı iş aparır, biz isə heç bir fəaliyyət göstərmirik. Hər şeydə tamamilə diasporun potensialın ümid edirik, gözləyirik ki, diaspor nəsə edəcək. Lakin onlar yalnız vəkil tapa bildilər, vəkilin də əlindən heç nə gəlmədi”.

Hesab edilir ki, prosesin davamı Ermənistanın daha böyük diplomatik məğlubiyyətə tuş gəlməsi ilə nəticələnəcək. Amma ermənilər böyük zərbəni təkcə Fransada almır. Son dövrlərdə ABŞ, Rusiya kimi ölkələrlə də Ermənistanın münasibətlərində ciddi problemlər qeydə alınır. İrəvan özü də Vaşinqton və Moskvanın onlara lazımi diqqət göstərməməsindən narazılıq edir. Əvəzində hər iki ölkənin Azərbaycanal yüksələn münasibətləri Ermənqistanda ciddi qıcıq yaradır. Digər tərəfdən, Rusiyanın Nikol Paşiynan hakimiyyətinə münasibəti də prosesdə az rol oynamır. Belə görünür ki, Azərbaycanla münavsibətlərin inkişafı fonunda Rusiya həm də Ermənistan daxilində mövcud hakimiyyətə qarşı fəaliyyətini genişləndirməyi düşünür. Bunun təsdiqi qismində erməni mediası Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bir neçə gün əvvəl sabiq prezident Robert Köçəryanla görüşünə diqqət çəkir. İrəvan artıq bundan ciddi narazılıq ifadə edib. Rusiyanın Ermənistandakı səfirliyi yaranan narahatlıq fonunda məsələni şərh etməli olub. Səfirlik məlumat yayıb ki, Sergey Kopırkinin Ermənistanın sabiq prezidenti ilə görüşü onun Ermənistanın siyasi xadimləri ilə müntəzəm görüşləri çərçivəsində baş tutub: "Səfir müntəzəm olaraq Ermənistanın ictimai-siyasi və biznes dairələrinin nümayəndələri ilə görüşlər keçirir. Belə görüşlərdən biri də Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryanla olub". Amma indi məlum olur ki, məlum Kopırkinin sabiq prezidentlə danışıqları zamanı Köçəryanla Putinin mümkün görüşü müzakirə olunub. Köçəryan bildirib ki, azadlıqda və ya həbsdə olmasından asılı olmayaraq, Putinlə görüşmək niyyətindədir. Məlumata görə, artıq Putin Köçəryanla mümkün görüşü ilə bağlı göstəriş verib. Bu isə Ermənistan hakimiyyəti üçün ciddi təhdid sayılır və Rusiyanın ona münasibətini açıq meydana qoyur. Keçmiş iqtidar partiyası olan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu xüsusda bildirir: “ Kopırkin-Köçəryan görüşündən belə narahat olmusunuzsa, sizi daha da narahat edim”. Onun sözlərinə görə, Kopirkinin Serj Sarksiyanla də görüşü olub: “Hakimiyyətin deputatlarından biri bəyan edib ki, Rusiya səfiri Ermənistanın daxili işlərinə qarışmaması kontekstində Ermənistan Xarici İşlər Nazirliyinə söhbətə dəvət edilib. Bəs Bolton birbaşa Ermənistanın daxili işlərinə müdaxilə və erməni xalqını tarixi ideologiyasından imtina etməyə dəvət edərkən, bir adam yoxdur ki, desin siz və sizin şefiniz hardaydı?”.
O qeyd edib ki, dövlətin idarə edilməsi və dövlətlərarası münasibətləri partiyadaxili və qruplaşmadaxili münasibətlərlə qarışdırmaq olmaz: “Kopırkinin isə Köçəryandan savayı Serj Sarksiyanla da  bir neçə görüşü olub. Bu görüşlər Rusiya səfirliyində və Respublika Partiyasının ofislərində baş tutub. Əsəbiləşmək və çaşmaq əvəzinə Nikol və onun tərəfdaşları rəsmi və parlament diplomatiyasının alfa ve omeqasını mənimsəsələr daha yaxşıdır”. Ermənistan parlamentinin sədri Ararat Mirzoyan isə ABŞ və Rusiyada dəstək qazanan keçmiş iqtidar təmsilçiəlrinin Ermənistana qarşı sərt oyunlar oynadığını, bundan isə ölkəyə qarşı olanların qazanacağını bildirib: “Baş verən oyunlar həddindən artıq yüksəkdir və masaya təmamilə başqa bir mövzu qoyulub”. Onun sözlərinə görə, bu müharibə Ermənistanın xəyallarına, perspektivinə qarşı elan olunub: “Bizə qarşı müharibə elan edildiyi aydındır. Lakin bu müharibə siyasi komandaya qarşı deyil, Ermənistanın xəyallarına, perspektivinə qarşı elan olunub”. Məsələnin maraqıl tərəfi odur ki, ABŞ və Rusiyada olan erməni lobbisi artıq əvvəlki kimi həmin ölkələrin Ermənistana qarşı sərt davranış sərgiləməsinin qarşısını ala bilmir. Bu isə təkcə Fransa yox, ABŞ və Rusiyada da erməni lobbisinin aciz duruma düşdüyünü aydın göstərir.

Tahir TAĞIYEV