Konqresmen Frenk Pallonedən ABŞ-ın Azərbaycandakı imicini qaralayan ədalətsiz “Artsax çağırışı”...

18 İyun 2019 17:14 (UTC+04:00)

ABŞ Konqresinin Ermənistan məsələləri üzrə komitəsinin həmsədri Frenk Pallone Nümayəndələr Palatasının iclasında çıxış edərək növbəti dəfə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimə dəstək verib. 

Erməni KİV-inin yaydığı məlumatda bildirilir ki, F.Pallone Konqresin Nümayəndələr Palatasının Xarici maliyyələşdirmə üzrə sədri Nitu Lounu özünün Dağlıq Qarabağa səfərlərə  məhdudiyyətləri aradan qaldırmaq üçün qətnaməyə uyğun qanuni səylərini dəstəkləməyə və bununla da ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağa səfərlərə qoyduğu məhdudiyyətlərə son qoymağa çağırıb. Bu haqda məlumat Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən yayılıb. Ermənipərəst konqresmen iddia edib ki, yalnız “ABŞ diplomatlarının birbaşa separatçı rejimlə dialoqa girməsi sayəsində Qarabağ münaqişəsini tənzimləmək mümkündür”. Mənbənin məlumatına görə, digər konqresmen N.Lou da Palloneyə bu məsələdə dəstək verəcəyini vəd edib.

Ermənipərəst konqresmen ABŞ-la qondarma rejimin birbaşa münasibətlərinin dərinləşməsi, əlaqələrin genişlənməsinin vacibliyinə diqqəti yönəldib. Pallonenin bu qərəzli mövqeyi ABŞ-ın Azərbaycandakı imicinə necə təsir edir?

Qeyd edək ki, Frenk Pallone adı ölkəmizə yaxşı tanışdır. Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini nümayişkəranə şəkildə pozmuş ABŞ konqresmenlərindən biridir. Hətta bir neçə il bundan əvvəl onun adı digər konqresmenlər -  Nümayəndələr Palatasının üzvləri: David Valadao və Tulsi Qabbardın ilə birlikdə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Təəssüflər olsun ki, bu kimi qanunsuz və qərəzli davranışla o, Azərbaycan ictimai fikrində və beynəlxalq səviyyədə ABŞ Konqresinin nüfuzuna ləkə vurur. Onun Ermənistan və erməni lobbisi ilə əlbir bu hərəkətləri təxribatdır, regionda davamlı sülhün təmin edilməsi və münaqişənin həlli istiqamətində ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına xidmət edir. Bu şəxsin ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri, xüsusilə radikal, irqçi təşkilat olan Amerika Erməni Milli Komitəsinin maliyyə təsiri altında olduğu dəfələrlə öz əməlləri ilə sübut edilib.

Pallone dəfələrlə belə təşəbbüslə çıxış edib. Bildirib ki, ABŞ Dövlət Departamenti Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən şəxslərə məhdudiyyətlər tətbiq edir. Bir müddət əvvəl erməni diasporuna etdiyi şikayətdə o bildirib ki, Qarabağa getmək üçün ABŞ-a məxsus nəqliyyat vasitələrindən istifadə edə bilmir. Dövlət Departamenti ona tez-tez ora getməyin təhlükəli olması barədə xəbərdarlıq edir. Hazırda bu şəxs ölkəsilə qondarma “Dağlıq Qarabağ Respublikası” arasında olan baryerlərin aradan qaldırılmasına dair tələb irəli sürüb. Bu iddia ilə erməni KİV-i çıxış edib. Azərbaycan müstəqil siyasət yürüdən bir ölkə, etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə layiqli yerini tutub. Təbii ki, bütün bunlar dostlarımızı sevindirməklə bərabər, Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş Ermənistanı, dünyadakı erməni diaspor təşkilatlarını daim narahat edir. Ona görə də Ermənistan siyasi rəhbərliyi dünyadakı erməni diasporunun imkanlarından, eləcə də onların təsiri altında olan xarici diplomatlardan, siyasətçilərdən, deputatlardan öz məqsədləri üçün yararlanır. ABŞ-Azərbaycan münasibətlərinin yaxşı olduğu indiki məqamda da ermənipərəst dairələr aktivlik nümayiş etdirməkdədirlər.

Belə xoşagəlməz hallar bundan əvvəl də olub. Amerikalı konqresmen Kris Smiti və başqalarını buna misal çəkə bilərik. Frenk Pallonenin bütün fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdiyi dönəmlərdə Vaşinqtonla Bakı arasında gərginlik yaratmağa, əlaqələri zəiflətməyə yönəlib. Ancaq əminliklə deyə bilərik ki, bu cür səylərin heç bir faydası olmayacaq. Çünki Pallonenin demokratik adlandırdığı rejim terrorçulardan ibarət bir hərbi xuntadır. Onlar işğal altında olan ərazilərdə müvəqqəti qurum yaradıblar, onu “dövlət” adı ilə dünyaya sırımaq istəyirlər. Çox təəccüblüdür ki, həmin xuntanı heç Ermənistanın özünün tanımağa cəsarətinin çatmadığı bir halda, dünyanın demokratik ölkəsinin konqresmeni ora ilə əlaqələrin qurulmasından danışır. Özü də həmin qondarma rejimi demokratik bir quruluş kimi xarakterizə edir. Konqresmenin bu addımı, ilk növbədə, ABŞ-ın öz adına utanc gətirir.

Məhəmmədəli QƏRİBLİ