Xəstələrin hüquqlarının müdafiəsi ilə bağlı Parlament – Səhiyyə komissiyası…

18 İyun 2019 17:00 (UTC+04:00)

Son illər pasientlərin hüquqlarının pozulması halları çoxalıb. Hətta vəziyyət o həddə çatıb ki, həkimə müraciət edən xəstəyə yanlış diaqnoz qoyulması və səhv müalicə aparılması səbəbindən onun səhhətində ciddi problemlər yaranır. Pasientlərin hüquqlarının etibarlı şəkildə müdafiəsi ilə bağlı hüquqi bazanın olmaması, xəstələrin səhv diaqnozlar və müalicələr səbəbindən həyat və sağlamlıqlarını itirməsi hallarının artması həkimlərə və səhiyyə xidmətinə vətəndaşların etibarsızlığını, inamsızlığını yaradır. Bu səbəbdən də vətəndaşlarımız müalicə üçün qonşu dövlətlərə üz tuturlar.

Məlum olduğu kimi, Azərbaycanda pasientlərin sağlamlığına vurulan zərərin müəyyən edilməsi üzrə komissiya yaradılacaq. Bu, yeni hazırlanan “Pasientin hüquqları haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 29-cu (Pasientin sağlamlığına vurulmuş zərərin ödənilməsi) maddəsində qeyd olunub ki, pasientə tibbi yardımın göstərilməsi zamanı sağlamlığına ziyan yetirildiyi hallarda zərərin ödənilməsi hüququ var. Pasientin hüquqlarının pozulması nəticəsində sağlamlığına dəymiş zərər müəyyən edilmiş qaydada ödənilməlidir.

Pasientin sağlamlığına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyətin şərtləri və qaydaları, habelə kompensasiyaların ödənilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.

Pasientlərə qarşı hüquqazidd və sağlamlığa zərər yetirmiş hərəkətlərin törədilməsi faktı Pasientlərin sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiya tərəfindən və (və ya) məhkəmə qaydasında müəyyən edilə bilər.

Pasientlərin sağlamlığına vurulan zərərin ödənilməsi üçün komissiya yaradılmasının əhəmiyyəti barəsində danışan tibbi ekspert Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, Azərbaycan qanunvericiliyinə əsasən, əhalinin sağlamlıq hüquqları "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunla qorunur.

Onun sözlərinə görə, qanunda əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb. Qanunda pasientlərin hüquqları ilə bağlı xüsusi maddə yer alıb: “Həmin maddədə qeyd olunur ki, pasientin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, öz razılığı ilə həkimi və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək və s. hüquqları var”.

Həmsöhbətimizin sözlərinə görə, pasientin hüquqları pozulduqda, o, müalicə olunduğu tibb müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazirliyinə və ya məhkəməyə müraciət edə bilər. Lakin təcrübədə bu müraciətlər əksər hallarda müsbət nəticələr vermir. Bu səbəbdən də pasientlərin hüquqlarının qorunması ilə bağlı xüsusi qanun hazırlanır. Qanun layihəsinə əsasən, pasientlərin hüquqlarını qoruyan komissiya mövcud olacaq: “Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi isə tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir”.

Günel CƏLİLOVA