Bakıda 4 mindən çox yararsız lift - Prezidentin fevral sərəncamı necə icra olunur…

18 İyun 2019 16:42 (UTC+04:00)

Paytaxtda köhnə binaların əksəriyyətində lift sistemi yararsız vəziyyətdədir. Demək olar ki, mütəmadi olaraq insanların liftdə qalması, bəzən isə lift kanatının qırılması, sakinlərin liftin şaxtasına düşməsi haqqında xəbərlər eşidirik.

Prezident İlham Əliyev bu ilin fevralında Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 40 milyon manat vəsaitin ayrılması üçün sərəncam imzalayıb. Lakin bu sahədə vəziyyət hələ də istənilən səviyyədə deyil.

Açıqlanan statistik rəqəmlərə əsasən, 2019-cu il aprel ayının əvvəlinə olan məlumatlara görə, respublika üzrə 20129, Bakı şəhəri üzrə 17472 lift istismardadır. İstehsalçı zavod tərəfindən müəyyən edilən 25 illlik istismar müddətini bitirən liftlərin sayı respublika üzrə 4419, Bakı üzrə 4194 ədəddir. Liftlərin respublika üzrə 614 ədədi, Bakı üzrə isə 5305 ədədi yerli icra hakimiyyətlərinin balansındadır. Bunlardan da istehsalçı zavod tərəfindən təyin olunmuş istismar müddətini keçənlərin sayı respublika üzrə 3230, Bakı üzrə isə 3102 ədəddir.

Qeyd edək ki, Sovetlər dövründə kooperativ yaşayış binalarında olan liftlərin sayı ölkə üzrə 983, Bakı üzrə 970-dir. Bu cür liftlərdən 981-i respublika üzrə, 968-i Bakı üzrə istismar müddətini tamamlayıb. Mənzil-tikinti kooperativlərinə aid yaşayış binalarında olan liftlərin sayı respublika üzrə 10876, Bakı üzrə isə 9896-dır.

Yeni tikililərdəki liftlərdən yalnız Bakıda olan 10 ədədi istehsalçı zavod tərəfindən müəyyən edilmiş 25 il müddətini tamamlayıb. Dövlət müəssisə və digər təşkilatların balansında olan liftlərə gəldikdə isə, respublika üzrə onların sayı 2096-dır, 208-i istismar müddətini başa vurub. Bakı şəhəri üzrə isə say 1301 ədəddir, onlardan 124-ü istismar müddətini tamamlayıb.

Onu da bildirək ki, respublika üzrə Səhiyyə Nazirliyinin balansında 168 lift var, onlardan 18-i istismar müddətini tamamlayıb. Təhsil Nazirlyiinin balansında olan 60 liftdən isə 25-i istehsalçı zavodun müəyyən etdiyi 25 il müddətindən artıq işləyir. Müdafiə Sənayesi Nazirliyinin balansında olan 37 liftdən isə 31-i istismar müddətini keçib.

Cari ilin əvvəlində Prezident İ.Əliyevin lift təsərrüfatının inkişafı haqqında sərəncam imzalamasına baxmayaraq, hələ də paytaxt ərazisində 4000-dən çox liftin istismara yararsız vəziyyətdə olması təəssüf doğurur.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəzi sahələrin inkişaf etməsi ilə bağlı Prezident tərəfindən sərəncam və göstərişlər verilməsinə baxmayaraq, həmin sektorda geriləmə müşahidə olunur: “Lift təsərrüfatında yaşanan problemlər hər kəsə bəllidir. Liftlərin istismara yararsız vəziyyətdə olması səbəbindən dəfələrlə qəza hadisələri baş verib. Nəticədə bir çox şəxs ya istismara yararsız liftin qurbanı olub, ya da müəyyən dərəcədə zədə alıb. Bunun da səbəbi liftlərin köhnə və istismara yararsız vəziyyətdə olmasıdır. Məlumdur ki, lift təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyev müəyyən məbləğdə vəsait ayırıb. Bunun üzərindən 5 aya yaxın vaxt keçsə də, lift təsərrüfatında vəziyyət eyni olaraq qalır. Bəziləri istəyirlər ki, köhnə liftlər yerli istehsal hesabına yeniləri ilə əvəz olunsun. Ancaq nəzərə almaq lazımdır ki, daxili istehsalın gücü çatmır ki, istismara yararsız liftləri yeniləri ilə əvəz etsin. Bu səbəbdən də ya lift, ya da onun avadanlıqları xarici ölkələrdən alınıb ölkəyə gətirilməlidir.

Yaxşı olar ki, liftlərin alışı ilə bağlı tender elan olunsun. Ukrayna, Gürcüstan və Rusiyadan liftlərin ölkəyə gətirilməsi mexanizminin tezləşdirilməsi istiqamətində müəyyən işlər görülməlidir”.

Günel CƏLİLOVA