Radikal müxalifət Mehriban Əliyevanın Elçibəy ailəsinə doğru ehtiram jestinə lazımi dəyəri verə bilmədi...

18 İyun 2019 15:53 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu) aparılıb və orada dəfn edilib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib və yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb. Mərhumun nəşini və yasda iştirak etmək istəyənləri Naxçıvana aparmaq üçün ölkə rəhbərliyi tərəfindən xüsusi təyyarə də ayrılıb.

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçən hər kəsə təşəkkür edib.  A.Səmədbəyli bu barədə “Facebook” səhifəsində yazıb. O, cənazə xərclərini öz üzərinə götürdüyünə və çələng göndərdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Elçibəyin həyat yoldaşına dövlət tərəfindən göstərilən bu diqqət və sayğı həm də müxalifətə yönəlik bir sayğı jesti də sayıla bilər. Çünki Elçibəy həm də hazırkı hakimiyyətə qarşı müxalif mövqedə olan siyasi cameənin lideri sayılıb. Hazırda onun ideologiyası və yoluna aid olduqlarını iddia edən çoxlu sayda siyasi qurum fəaliyyət göstərir. Ancaq maraqlıdır ki, Mehriban Əliyevanın etdiyi bu jestə partiyalar adından təşəkkür ifadə olunmadı. Radikal dairələrin bu davranışı necə qəbul oluna bilər?

Elçibəyin sədri olduğu partiyadan ayrılaraq müstəqil qurum kimi fəaliyyət göstərən Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ sırf siyasi xarakter daşımadığı üçün belə mənzərə yarana bilər: “Yəni mənəvi məsələ olduğu üçün partiya səviyyəsində buna münasibət bildirilməyib. Ancaq hörmətli Aqil bəy Elçibəy ailəsi adından birinci xanıma öz minnətdarlığını bildirib. Əbülfəz bəyin xanımı uzun müddətdir Türkiyədə yaşayırdı. Orada müalicə alırdı. Vəfatından sonra ölkənin Birinci vitse-prezidenti tərəfindən ona və ailəsinə böyük diqqət göstərildi. Bu olduqca humanist və alqışalayiq addımdır. Ölkənin birinci xanımının eks birinci xanıma göstərdiyi bu ehtiram, eyni zamanda, dövlətin həssas məsələyə olan diqqəti anlamına gəlir. Bu, Elçibəyə və onun yolunu gedənlərə böyük bir diqqətin olduğunun nümunəsidir. Hər halda bu cür addımların atılmasında və onlara münasibətdə siyasi mənsubiyyət nəzərə alınmamalıdır. Yəni hətta radikal mövqeli partiyalar belə bu cür jestləri təqdir etməlidirlər. Dövlətin yaranmasında xidməti olmuş insanların ailəsi belə diqqətə layiq olub. Belə addımlar bizə çox lazım olan milli birliyi möhkəmlədir. Elə məsələlər var ki, biz müxalif və ya hakimiyyət mövqeyimizi kənara qoyub vahid platformadan çıxış etməliyik. Çünki biz müharibə şəraitində yaşayırıq, ərazilərimiz işğala məruz qalıb. Bizi bu cür bəladan yalnız milli birlik xilas edə bilər. Ona aparan yol isə analoji mənəvi addımların atılmasından keçir. Mən inanmıram ki, hansısa partiya həmin dəstəyə etiraz etsin”.

Məhəmmədəli QƏRİBLİ