Mikayıl Cabbarov dövriyyədə nağd pulun 10 faiz azaldığını dedi

14 İyun 2019 14:18 (UTC+04:00)

Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi həmkar qurumlarla yaxından çalışır. “Trend”in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin iyunun 13-də keçirilən iclasında deyib.

Nazir bildirib ki, nağd pul kütləsinin çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb: "Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci illə müqayisədə pos-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.

Daha sonra M.Cabbarov bildirib: "Nağdsız hesablaşmaların aparılmasında ən böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır? Buna cavab vermək üçün aşağıdakı məsələlərə diqqət yetirmək vacibdir: İlk olaraq komissiya haqları. Hazırda pos-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37% arası dəyişir. Müqayisə üçün Gürcüstanda 1,5-2%, İngiltərədə 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada 2-3% arası dəyişir. Müqayisə üçün deyə bilərik ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir”.