“Mango” geyim mağazası müştəriyə bir qiymət göstərib, başqa qiymətə satıb…

14 İyun 2019 17:57 (UTC+04:00)

Geyim mağazalarının əksəriyyəti alıcı qəbul etmək üçün süni endirim kampaniyalarından istifadə edir. “Mango” geyim mağazasından geyim alan xanım iddia edir ki, etiketin üstünə 49.9 yazıldığı halda, kassada ondan 79 manat tələb ediblər.

Bu məlumatı Hüsniyə Cavadzadə adlı istifadəçi sosial şəbəkədə "Mango" geyim markasından şikayətində yazıb. Bildirib ki, mağazalar şəbəkəsində 50%-dən endirim olduğu üçün alış-verişə gedib. Bu zaman hər birinin üzərində qiyməti 49.99 yazılmış şalvar və köynək seçib. Lakin kassaya yaxınlaşdığı zaman ona qiymətlərin fərqli olduğu bildirilib: “Köynək 85 AZN-dən 79 AZN-ə düşüb, şalvar isə 59 AZN-də qalıb. Təsəvvür edin ki, belə qiymət səhvi olan onlarla paltar var. Mənim də 2 saat vaxtım boşuna getdi”.

Şikayətçi sonda mağazanın məsul şəxsinə yaxınlaşıb və ona qiymətlərin həqiqətən səhv vurulduğunu bildiriblər.

Məsələnin təfərrüatını öyrənmək üçün “Mango” geyim mağazası ilə əlaqə saxladıq. Mağazanın meneceri Səidə Əhmədova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, geyimin əsl qiyməti 79 manat idi: “Sadəcə, etiketin üzərinə səhvən 49 AZN yazılıb. Bu, mexaniki səhvdir. Bu səhvi mağazada olan şəxslər xanıma izah etdilər və ondan üzr də istədilər. Lakin xanım sakitləşməyib texniki səhvi öz səhfəsində qlobal problem kimi yazaraq təqdim edib. Məlumdur ki, bu gün mağazalarda kassada müştəriyə qiyməti satıcı və ya kassada əyləşən şəxs demir. Geyim aparata yaxınlaşdırılır və həmin libasın qiyməti neçədirsə, o da müştəriyə deyilir. Aparat səhv edə bilməz. Sadəcə, malın üzərində olan etiketə qiymət təsadüfən səhv yazılıb. Alıcı da elə bilib ki, biz müştəriləri aldadırıq. Bu belə deyil”.

Günel CƏLİLOVA