Ermənistana qarşı hibrid müharibədən tez-tez danışmağa başlayırlar – erməni politoloqlar Rusiyanın Ukrayna ssenarisini niyə xatırladır…

14 İyun 2019 16:54 (UTC+04:00)

Son bir neçə ildə dünya gündəmində yer alan əsas mövzulardan biri də hibrid müharibələrlə bağlıdır. İndi dünyanın ən böyük hərbi güc mərkəzləri belə bu cür hibrid müharibələrindən geniş istifadə edir. Mütəxəssislər hesab edir ki, bu, kifayət qədər mürəkkəb struktura və aparılma mexanizminə malik savaş üsuludur. Qərb analitikləri hibrid müharibələrini münaqişələrdə çoxlu sayda hərbi və qeyri-hərbi dövlət alətlərinin kombinasiyası və istifadəsi kimi xarakterizə edirlər. Xüsusən də Rusiyanın Krımı ilhaq etməsindən sonra bu mövzu üzərində ən fərqli fikirlər səslənir.

Həmin hadisəni araşdıran ekspertlər vurğulayır ki, hibrid müharibəsi özündə müharibənin bir neçə elementini birləşdirir, siyasi və hətta iqtisadi vasitələrin tətbiqini nəzərdə tutur. Ancaq onun uğurluluğu ilk növbədə informasiyanın geniş istifadəsindən çox asılıdır. Məhz informasyaların yayılması ilə müəyyən şərait formalaşdıqdan sonra xüsusi əməliyyat qrupu bundan istifadə edir.  Yuxarıda qeyd olunan Krım təcrpübəsi bunu tam dəqiqliyi ilə nümayiş etdirdi. Məhz belə bir vaxtda maraq doğuran məqamlardan biri Rusiya-Ermənistan münasibətləri və burada hibrid müharibələrinin elementlərindən istifadə olunmasıdır. Ümumiyyətlə, ötən ilin mayından Ermənistanda belə bir fikir hakimdir ki, Ermənistan-Rusiya xəttində hibrid savaş gedir. Daha doğrusu, Nikol Paşinyan hakimiyyətinin Moskva qarşısında mərkəzdənqaçma siyasəti Kremlin İrəvana şarşı belə bir savaşa başalmasına rəvac verib. Erməni siyasi şərhçi Aykazn Qaqriyanın fikrincə, Rusiya Ermənistanın Qərblə istənilən əməkdaşlığına qarşıdır və Kreml çətin ki, baş verənləri bağışlayar: “Rusiya və Ermənistan arasında ziddiyyət pərdə arxasında getdikcə şiddətlənir”. Erməni şərhçi Gürcüstan və Ukrayna ssenarisini yada salıb və Qərbin Rusiyanın müdaxiləsi qarşısında heç nə edə bilmədiyini vurğulayıb: “Rusiya Gürcüstan və Ukraynada istədiyini etdi. Bununla göstərdi ki, o istəyəndə dağıda bilir. Bu baxımdan, Rusiya Ermənistana da müdaxilə edə bilər. Qərb bunu gözə alaraq keçmiş səhvlərini təkrarlamamalı və Ermənistanı xilas etməlidir. Çünki Rusiya, Ukrayna və Gürcüstanda olduğu kimi, Ermənistanda da hibrid savaşına başlayıb. Halbuki, bu savaş birbaşa Qərbə qarşıdır”.

Ermənistanın ”1-in.am” portalı da  hibrid savaşının getdikcə kəskinləşdyini yazır: ”Paşinyan bu günlərdə hökumətin yığıncağı vaxtı bildirib ki, bəzi güclər Ermənistana qarşı hibrid savaş aparır. Paşinyan deyib: “Ölkədə hərcmərclik durumu yaratmaq istəyən adamlar var və bacarmadıqlarından sosial şəbəkələrdə, mətbuatda yazmaq qərarına gəlirlər ki, hərcmərclik vəziyyəti, daxili-siyasi qarışıqlıq və təhlükəli durum yaransın. Bu artıq, doğrudan da milli təhlükəsizlik məsələsidir. Yəni bu adamlar Ermənistana qarşı hibrid savaşı aparırlar və bu adamların adı-soyadı çox konkret bəllidir. Niyə bu oğru quldurlar özlərini bu ölkədə yaxşı hiss etməlidirlər, kölgədə gizlicə dolaşmalıdılar, ümumiyyətlə, onlar kimdir? Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır”.

Politoloq Arkadi Vardanyan hesab edir ki, baş nazirin əndişəsi tamamilə əsaslıdır: “Mən onların kim olduqlarını və qaynağı da bilirəm. Bu haqda dəfələrlə danışmışam və vurğulamışam – qaynaq Rusiyadır. Və Rusiya təkcə bizə qarşı deyil, Avropa yolunu seçən, yəni demokratiyaya gedən bütün keçmiş sovet respublikalarına qarşı da hibrid savaş aparır. Əlbəttə, bu, Rusiyaya əl vermir və o, müxtəlif ərazilərdə, son zamanlar isə bizdə də qabarıq şəkildə bu savaşa hər cür təşəbbüs edir”.

Arkadi Vardanyan “Bəs Ermənistanda buna kim xidmət edir” qeydinə belə cavab verib: “Bunlar satılmış adamlar, keçmiş cinayətkar hakimiyyətin törəmələri və əlaltılarıdır. Zaman keçdikcə təhlükə güclənir. Mən görürəm ki, hərcmərclik durumu yaratmağa cəhd edilir, inqilabi hökumətin ölkəyə başçılıq etmək durumunda olmadığını göstərməyə getdikcə daha çox səy edilir”.  

Arkadi Vardanyan sabiq prezident Köçəryanın Apelyasiya Məhkəməsindəki işi üzrə məhkəmə iclaslarını da yada salıb. O deyib: “Boğazını yırtaraq “Köçəryan, qayıt, bizi xilas elə” kimi ruhda bağıran adamlar var idi. Bu, hibrid savaşın bəlirtilərindən biridir”. Yekunda isə o deyib: “Təkrar etməkdən yorulmuram, inqilabi hökumətin ən böyük səhvi bu idi ki, keçmiş rejimə siyasi qiymət verilmədi. Bu qiymət bütün dünyanın gözü qabağında verilməyincə, ictimaiyyətimiz əmin olmayacaq ki, yeni hakimiyyət aydın addımlarla demokratiyaya gedir. Bu qiymət verilməyincə, qalan hər şey mənasız və məntiqsiz olur”.

Politoloq Robert Gevondyanın fikrincə, söhbət xarici güclərdən gedirsə, konkret düşmənləri var – belə savaş törətmək üçün hər hansı təsadüfü əldən buraxmayan Türkiyə və Azərbaycan. O deyib: “Bizim öz maraqları olan  müttəfiq dostlarımız da var və onlar öz maraqlarına uyğun hərəkət edirlər. Daxili siyasi meydana üz tutsaq, müxaliflər, özəlliklə Köçəryanın qüvvəsi və Respublika Partiyasının keçmiş üzvləri bir qütb toplamağa və düzəltməyə çalışırlar”.

Gevondyan vurğulayıb ki, təbii, hakimiyyətin nüfuzu bir müddətdən sonra düşəcək və bu güclər yeganə alternativ olmağa cəhd edirlər: “Bu halda hakimiyyətin vəzifəsi hibrid savaş prosesi zamanı hakimiyyətin ötürüldüyü anda alternativ olacaq müxalif güclərin müxtəlif qütblər qurmaqla bir yerə toplaşmasına imkan verməməkdən ibarətdir”. Onun müşahidəsinə görə, daxili-siyasi mübarizə prosesi gedir, bu da normal sayılır, amma elə etməyə çalışmaq gərəkdir ki, hər şey siyasi mübarizə qaydası çərçivəsində baş versin. O yekunlaşdırıb: “Bizdə siyasi meydan təzəcə formalaşdığından, son dərəcə ayıq olmaq gərəkdir. Sivil mübarizə üsulu əvvəllər olmayıb, bütün qaydalara keçmiş rejim qərar verirdi. Konkret qeyd edim ki, Abovyanda Haqik Tsarukyanın sədri olduğu “Çiçəklənən Ermənistan” Partiyasının namizədi qalib gəldi, respublikaçılar və köçəryançılar bunu öz qələbələri, yəni “qaralar”ın (şahmat fiqurları) qələbəsi kimi təqdim etməyə çalışdılar. Onların hədəfi ölkəni iki rəngə bölmək idi, alternativ rəng onlar olsun, hakimiyyətin ötürüldüyü vaxt yeganə alternativ olsunlar deyə. “Ağlar”ın yeganə hədəfi isə budur ki, siyasi meydan heç bir halda ikiqütblü deyil, müxtəlif qütblü olsun”.

Nahid SALAYEV