Ermənilərin Qarabağda dağıtdıqları mədəniyyət irsimiz beynəlxalq sərgidə...

13 İyun 2019 21:19 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarında ermənilər saysız vandalizm aktı törədiblər. Ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlarda abidələrimizə qarşı həyata keçirdikləri vəhşiliklər ölçüyəgəlməzdir. Abidələrimizi dağıtmaqla, muzeylərimizi, rəsm qalereyalarımızı məhv etməklə kifayətlənməyən ermənilər hətta toponimlərimizə qarşı da saxtalaşdırma kampaniyası aparıblar.

Şəhərlərimizin, rayonlarımızın, qəsəbə və kəndlərimizin, yer-yurd, dağ-çay adlarımızın “erməniləşdirilməsi” prosesi baş verib. Bütün bunlar dünyanın, beynəlxalq qurumların gözü qarşısında baş verib. Lakin hələ də bu məsələyə heç bir səviyyədə sərt reaksiya verilməyib. O da məlumdur ki, ermənilər işğal altında olan Azərbaycan şəhər və kəndlərində turizm obyektləri açır, qanunsuz olaraq bura xarici turistlər cəlb edirlər. Azərbaycanın tükənməz sərvəti olan təbii mineral sular ermənilər tərəfindən dünya bazarlarına daşınır. Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın işğal altında olan ərazilərinin taleyi də daim müzakirə mövzusuna çevrilir. Erməni vandalizmi bu tədbirlərdə qeyd edilir.

Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyilə 7-9 iyun 2019-cu il tarixlərində Bakıda, Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq "Tarixi şəhərlərdə kütləvi turizm" adlı Beynəlxalq Memarlıq Forumu keçirilib. Onu da vurğulayaq ki, forumda iştirak etmək üçün ölkəmizə 350 nəfər xarici qonaq gəlmişdi. Forum çərçivəsində 4-cü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin, iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının Şura iclası və iyunun 11-də növbədənkənar Baş Assambleyası keçirilib. Forumun işində Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye, BMT-nin Dünya Turizm Təşkilatının turizm bazarının təhlili və rəqabətliliyi departamentinin baş mütəxəssisi Miçel Julian iştirak ediblər.

Sözügedən forumda işğal altında olan Azərbaycan abidələrinin taleyinə də toxunulub. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, tədbirdə erməni vandalizmindən geniş şəkildə bəhs edilib. 

“Mən də bu tədbirdə iştirak edirdim və orada çıxışım da oldu. Məqsədim o idi ki, dünyanın dörd qitəsindən bura axışan memarların diqqətinə Azərbaycanın işğal altındakı ərazilərində qalan mədəni irsin erməni vandalizminə uğradıldığını diqqətə çatdıram. Əvvəlcədən deyim ki, bu işdə mənə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə və Peşəkarlıq etikası Kollegiyasının sədri Babakişiyev Rasim Cəlal oğlu açıq dəstək verdilər. Məhz onların dəstəyi sayəsində, xüsusi bir salonda 1200 fotoşəkildən ibarət işğal altındakı memarlıq abidələrinə vurulan zərərləri əks etdirən bir sərgini üç gün nümayiş etdirdik.

Eyni zamanda da mən Azərbaycanın işğal altındakı mədəni irsinin son durumu haqqında məruzə etdim. Azərbaycan tolerantlıq və multikulturalizm ənənələrinə sadiq qalan bir ölkədir. Burada hər bir milli azlığın dini və milli dəyərləri qorunur və bərabər şəkildə təbliğ edilir. Forum iştirakçılarına dedim ki, forumdan sonra vaxt ayırıb bizim bölgələrimizə səyahət etsəniz, mənim bütün bu dediklərimin əyani şahidi olacaqsınız. Turizm həm də dünyada xalqlar arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verən bir sahədir. Bu baxımdan, dünyada turizm sənayesinin inkişafı olduqca vacibdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sənayesinin yüksək templə artan inkişafı göz qabağındadır. Turizmin inkişafı üçün ölkəmizdə sabitlik, iqtisadiyyatın dinamik inkişafı və zəngin tarixi mədəni irs mövcuddur. Turizmin inkişafı ölkələrdə tarixi mədəni irsin qorunmasını zəruri edir. Bu fakt UNESCO-nun konvensiyalarında və protokollarında tələb kimi irəli sürülür. Nə qədər acı olsa da deməliyəm ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin  20%-ni işğal etməsi Azərbaycanın turizm sənayesinə yüz milyard dollar zərər vurub, işğal altındakı ərazilərdə qalan 2645 tarix və mədəniyyət abidəsinin bir qisminin məhv edilməsinə, bir qisminin isə formasının dəyişdirilərək “erməniləşdirilməsinə” səbəb olub.

Bildirdim ki, Ermənistan Respublikası «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının müvafiq müddəalarını pozaraq vandalizm hallarına yol verir. Bütün bunları əyani şəkildə görməyiniz üçün biz foyedə erməni vandalizminə uğradılan tarix və mədəniyyət abidələrinin bir qismindən ibarət sərgi açdıq və onları qonaqlara təqdim etdik ki, onlar bu dəhşətli mənzərələri öz gözləri ilə görsünlər. Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsəmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəliblər.             

1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirdi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasını qadağan etməsi və qarşısının almasını təsbit edir.

Eyni zamanda, “Mədəni dəyərlərin qanunsuz yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qanunsuz yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasında təsbit edilən müddəalara əsasən, silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Haaqa Konvensiyanın tətbiq edilməsi qaydalarını müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilib.            

21 dekabr 2012-ci il tarixində Parisdə UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 7-ci sessiyasında işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar Azərbaycanın təşəbbüsü ilə qəbul edilib”.

F.İsmayılov qeyd etdi ki, qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyaların göndərilməsi imkanları əks olunub. F.İsmayılovun sözlərinə görə, 18-19 dekabr 2013-cü il tarixlərində Parisdə keçirilən UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasında qəbul edilmiş digər sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri, monitorinq məqsədilə UNESCO tərəfindən texniki missiyaların göndərilməsi, UNESCO-nun baş direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması və s. öz əksini tapıb: “Azərbaycan Respublikasının UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə üzv seçilməsi Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Belə ki komitə Azərbaycana onun işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və işğalçı tərəfin - Ermənistanın nəzərinə münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyini çatdırmalıdır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq, Azərbaycanı öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edir. Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin “qədim erməni torpaqları olması” barədə Ermənistanın qanunsuz iddiası işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaqdır. Məhz buna görə də Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrini, digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək kimi qanunsuz fəaliyyət həyata keçirir. Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasəti nəticəsində (Ermənistan-Azərbaycan cəbhə xəttində tətbiq edilən atəşkəs dövrü) 10 mindən çox yer adını, daşınmaz tarix və mədəniyyət abidələrinin adlarını və yüzlərlə toponimi dəyişdirərək erməni adları ilə əvəz ediblər. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsəsi inşa edib. Eləcə də Azərbaycanın işğal altındakı bütün ərazilərində yüzlərlə erməni xaç nişanlarını daş üzərində yaradaraq yayır, beynəlxalq terrorçulara memorial komplekslər tikirlər. Ermənistanın bu fəaliyyəti mütəmadi olaraq hər il davam etdirilir. Aparılan tədqiqatların yekunu olaraq gəldiyimiz nəticəyə görə, tərəfimizdən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların sırasına sənət abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondlarının talana və dağıntılara məruz qalıb. Daha dəqiq desək, 1510 mədəniyyət müəssisəsi, o cümlədən, 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 2645 tarix və mədəniyyət abidəsi, 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102 757 muzey eksponatı, 4 Dövlət Rəsm Qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədəddən çox, vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s. mədəni irs nümunələri) Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılıb, məhv edilib və ya mənimsənilib.

Mən Qarabağdan olan bir məcburi köçkün kimi erməni vandalizmi barədə forum iştirakçılarına məlumat verməyi özümə borc bildim”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.