Azərbaycan banklarına qarşı 200 min baxılmamış məhkəmə işi var – Prezident yeni perspektiv açdı...

13 İyun 2019 18:42 (UTC+04:00)

Məlum olduğu kimi, ölkəmizdə kommersiya məhkəmələri yaradılacaq. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna yeni maddə əlavə olunur. Əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işərə baxır. Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

O da məlum olub ki, yeni məhkəmələr sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yaradılır. Yeni yaradılacaq məhkəmə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələr, sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlərə baxacaq, bu barədə təkliflər hazırlayan Ədliyyə Nazirliyindən bildirilib.

Belə fikirlər var ki, sahibkarların işini yüngülləşdirmək və onların öz məsələlərini məhkəmələrdə daha rahat həll edə bilmələri üçün bu məhkəmələr yaradılır. Digər tərəfdən, kommersiya məhkəmələri digər məhkəmələrin iş yükünü yüngülləşdirə bilər. Məsələ ondadır ki, bank sistemi ilə əlaqədar 200 mindən çox məhkəmə işi var. Məhkəmələrdəki işlər çox olduğu üçün, çox vaxt çatdıra bilmirlər. O üzdən, sözügedən məhkəmələr bu baxımdan da faydalı ola bilər.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən hüquqşünas Vamiq Şükürovun fikrincə, kommersiya məhkəmələri bu məsələdə müsbət rol oynaya bilər: “Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatları barədə məlum fərmanında hakim korpusunun artırılması, kommersiya məhkəmələrinin yaradılması və digər hüquqi islahatların həyata keçirilməsi nəzərdə tutulub. İqtisadi mübahisələrlə bağlı məhkəmələrin yubanması müxtəlif səbəblərlə bağlıdır. Bunun başlıca səbəbi hakimlərin sayının az olmasıdır. Yəni bununla bağlı əhalinin müraciət sayına hakimlər tam uyğun gəlmir. Ona görə də məlum fərmanda hakimlərin sayının artırılması nəzərdə tutulub. Başqa bir tərəfdən, kommersiya və iqtisadi mübahisələr özünəməxsus xüsusiyyətlərə malikdir. Bura sahibkarlarla dövlət orqanları arasında mövcud olan, müqavilələrdən irəli gələn, o cümlədən, digər iqtisadi mübahisələr daxildir. Sözügedən mübahisələrə baxılması vaxt tələb etdiyi üçün, buna xüsusi savada malik olan hakimlər baxmalıdırlar. Ona görə də bu işlərə kommersiya məhkəmələri baxsa, daha məqsədəuyğun olar. Hələlik bu kimi məsələlərə, yəni iqtisadi mübahisələrə inzibati-iqtisadi məhkəmə tərkibində baxılır. Bu da hakimlərin iş yükünü artırır. Fikrimcə, kommersiya məhkəmələri fəaliyyətə başlasa, bank sistemi ilə bağlı bu qədər məhkəmə işi yığılıb qalmaz”.

Vidadi ORDAHALLI