Azərbaycan-Türkiyə-Gürcüstan hərbi üçbucağının Ermənistanda yaratdığı böyük sual – təlimlər nə məqsədlə keçiriləcək…

13 İyun 2019 18:34 (UTC+04:00)

Azərbaycan və Türkiyənin son aylarda keçirdikləri hərbi təlimlərin Ermənistanda böyük ajiotaj yaratması artıq heç kimə sirr deyil. Elə bundan irəli gəlir ki, birgə təlimlər başa çatsa da, onun nəticələri hələ də işğalçı ölkədə geniş müzakirə predmetidir. Amma hadisələrin son inkişaf axarı Ermənistanın narahatlığının daha da artacağını göstərir. Əsas səbəb budur ki, Azərbaycan və Türkiyə bu dəfə Gürcüstanı da öz sıralarına qoşmağa hazırlaşır. Artıq bu məsələ indidən Ermənistanda yeni xof yaradıb.

İşğalçı ölkədə hesab edirlər ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələ görüşünün nəticələri Ermənistan üçün heç də yaxşı olmayacaq. Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan Qəbələ görüşündən razılıq edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu xüsusda qeyd edib ki, digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də üç qonşu və dost ölkə əməkdaşlığı uğurla davam etdirir: “Keçən il Türkiyədə memorandum imzalandı. Həmin memoranduma uyğun olaraq bizim üçtərəfli formatda görüşlərimizin hüquqi bazası yarandı. İl ərzində üçtərəfli əməkdaşlığın planında olan məsələlərin icrası müzakirə olunub. Hər üç tərəf Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir. Görüşdə, həmçinin, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Hərbi sahədə əməkdaşlıqla bağlı görülmüş işlər müzakirə olundu. Onu da qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Məsələn, 2018-ci ildə Türkiyə ilə birdə yeddi təlim keçirilib. 2019-cu ildə isə 13 birgə təlimin keçirilməsi planımızda var. İlin sonuna kimi bunların hamısı icra olunacaq”. Nazir vurğulayıb ki, artıq birgə təlimlərə gürcü tərəfi də qatılacaq: “Görüşdə biz Gürcüstan tərəfini də bu təlimlərə qatılmağa dəvət etdik. NATO xəttilə Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri də Gürcüstanda həyata keçirilib. Həmçinin Gürcüstanda dağ təlim mərkəzində çox uğurlu təlimlər icra olunub. Hər üç tərəf bu təlimlərin uğurla həyata keçirilməsinə razılıq verib və təlimlərin davam etdirilməsinə dair qərar qəbul olunub”. Z.Həsənov bildirib ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır.

Bunlarla yanaşı, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın açıqlamaları da xüsusi diqqət çəkir. Onun sözlərinə görə, qarşıdakı dövrdə tərəflər arasındakı əlaqələr müdafiə və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək: "Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir. Üç ölkənin yerləşdiyi bu region, hamiya bəlli olduğu kimi, neft və təbii qaz kimi enerji qaynaqlarının dünyaya çatdırılması üçün çox ciddi əhəmiyyətə malikdir. Bu baxımdan regionda beynəlxalq güclərin maraqları toqquşur. Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə bir yerdə əməkdaşlıq edərək çalışması çox önəmlidir”. Türkiyəli nazirin sözlərinə görə, işbirliyi müdafiə, hərbi və təhlükəsizlik mövzuları ətrafında olmaqla üç ölkənin maraqlarına xidmət edir: “Əməkdaşlıq hər il daha da möhkəmlənir və genişlənir. Mən inanıram ki, əlaqələrimiz yalnız müdafiə, hərbi və təhlükəsizlik deyil, eyni zamanda bütün sahələri əhatə edəcək. Bu əlaqələr digər ölkələr üçün də ciddi önəm daşıyacaq. Ölkələrimiz arasında müdafiə sahəsində imzalanan müqavilələrin yaxın gələcəkdə nəticələrini görəcəyik".

Gürcüstanın müdafiə naziri Levan İzoriya da qarşılıqlı əməkdaşlığın inkiaşfından razı qaldıqlarını bildirir. Nazir Gürcüstan-Azərbaycan və Gürcüstan-Azərbaycan-Türkiyə formatı çərçivəsində müdafiə sahəsində fəal əməkdaşlığın olduğunu qeyd edib. Məhz bütün bunlar fonunda Ermənistanda ciddi narahatlıq duyulur ki, Bakı ilə Ankara Tiflisi də öz yanlarına çəkir və belə vəziyyət İrəvanın regionda daha da təklənməsinə gətirib çıxaracaq. Erməni hərbi ekspert Taron Ovannisyan bu xüsusda qeyd edir: “Ümid edirik ki, Gürcüstan Türkiyə və Azərbaycanın ortaq təlimlərində iştirak etməyəcək. Gürcüstan əvvəllər də Türkiyə və Azərbaycanın təlimlərində iştirak edib. Bu təlimlər xüsusi təyinatlı qüvvələr üçün olub, amma energetika infrastrukturunun təhlükəsizliyinin təmininə hədəflənən təlimlər də keçirilib. Bu məntiqlidir, çünki Azərbaycandan Türkiyəyə gedən neft kəmərləri Gürcüstandan keçir. İndiki məqamda Gürcüstanın hansı təlimdə iştirak edəcəyini və burada hansı ssenarinin əsas götürüləcəyini müəyyən etmək çətindir. Yəqin ki, söhbət daha böyük təlimdən gedir. Ümid edirəm ki, Gürcüstan gələcəkdə Ermənistanın maraqlarına xidmət etməyən Türkiyə-Azərbaycan təlimlərində iştirak etməyəcək. Amma etsə, bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir, regionda mövqeyimizi daha da zəiflədir”.

Ekspertlər isə həm də ona diqqət çəkir ki, Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər həm də digər parametrlər baxımından vacibdir. Çünki bununla rəsmi Tiflis Azərbaycanla strateji münasibətlərə daha çox diqqət yetirir, bu əməkdaşlığa xələl gətirən addımlardan çəkinir. Belə vəziyyətdə Azərbaycan - Gürcüstan münasibətlərinə xələl gətirmək istəyən məkrli qüvvələr də niyyətlərinə çatmır.  Eyni zamanda, Tiflisin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı Gürcüstanın özünə də lazımdır və onun maraqlarına xidmət edir. Deməli, belə vəziyyətdə gürcü tərəfi Azərbaycan və Türkiyə ilə daha çox yaxınlaşacaq. Məhz bu da Ermənistanın regionda mövqelərini əhəmiyyətli dərəcədə sarsıdır. Elə bu səbəbdən İrəvan Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın inkişafından getdikcə daha böyük əndişə duyur.

Tahir TAĞIYEV