Ağacdan “adam yonan” gəncəli Mahirin nadir sənətini kim və necə xilas edəcək... - FOTO

13 İyun 2019 16:53 (UTC+04:00)

“Bir emalatxanam yoxdur ki, bir neçə istedadlı uşaq götürüb bu sənəti onlara öyrədim”

 

Tarixən Azərbaycanda bir sıra xalq sənəti növləri inkişaf edərək, nəsildən-nəslə keçərək günümüzə qədər gəlib çatıb. Əcdadlarımızın əmanəti olan bu sənət növlərini bu gün yaşadan, təbliğ edən sənətkarların mövcudluğu o sənət sahələrinin sabah da var olacağını, yaşayacağını düşünməyə əsas verir.

Xalq sənətkarlarının böyük zəhmət, əziyyət bahasına yaşatdığı qədim sənət növlərimizə gerçək bir dövlət dəstəyi var. Dövlətimiz xalq sənətinin yaşaması üçün müxtəlif istiqamətlərdə şərait yaradır. Bu da xalq sənətini yaşadanlara imkan verir ki, bu sənəti gələcək nəsillərə ötürə bilsinlər. Bu gün Azərbaycanda müxtəlif qədim sənət növləri var və onların inkişafı yönündə işlər görülür. Bu işi həyata keçirən, sənəti ölməyə qoymayan sənətkarların isə daha çox dəstəyə ehtiyacı var.

Sənətkar var ki, dilsiz ağaca can verib onu həyat, yaşayış üçün bir dəyərə, həmişəyaşar bir sərvətə çevirir. Gəncəli ağacoyma ustası Mahir Dəmirov kimi. Gəncədə yaşayıb yaradan usta Mahir mahir bir ağacoyma sənətkarıdır. Kiçik bir bıçaq tiyəsi ilə aləm yaradan usta Mahir bu sənətə 50 yaşından sonra başlasa da, bu günə kimi onlarla sənət əsəri yaradıb. Uzaq yolu qət edib redaksiyamıza gələn gəncəli sənətkarın sözlərinə görə, ağacoyma sənəti olduqca çətin, eyni zamanda da istedad, duyum, ürək tələb edən bir sahədir. “Təxminən 10 ildir ağacoyma sənəti ilə məşğulam. Bu işə 50 yaşımdan sonra başlamışam. Rəssam olmasam da, yaxşı əl qabiliyyətim var və bu əsərlərin yaranmasında da bu istedadımın böyük köməyi var. Əslində, ağacoyma sənəti ilə məşğul olmağım bir təsadüfdən yarandı. İlk işimə nərdtaxta düzəltməklə başladım. Qonşumuzun bir yarımçıq işlənmiş nərdtaxtası vardı, xahiş etdi ki, onu tamamlayım. Bunun ardınca da iki başqa yarımçıq işi başa çatdırdım.  İndiyə qədər saysız əsər yaratmışam. Ancaq heç vaxt sərgilərdə iştirak etməmişəm. Mən evimdə oturub işləyirəm və sifarişi də gəlib evdə verirlər”.

Əsasən qoz və palıd ağaclarını yonmaqla böyük möcüzələr yaradan usta Mahir deyir ki, artıq ağacların dilini, xasiyyətini bilir. Hər iki ağacın davamlı, uzunömürlü olduğunu deyən ustanın sözlərinə görə, bu ağaclar naxışlı olduğundan, əsərlər daha gözəl və parlaq alınır.

Emalatxanasının olmadığını bildirən usta Mahirin sözlərinə görə, ən böyük arzusu emalatxana açmaq və burada şəyirdlər yetişdirməkdir: “Mən bu gün bu sənətlə, dediyim kimi, evimdə məşğul oluram. Bir emalatxanam yoxdur ki, bir neçə istedadlı uşaq götürüb bu sənəti onlara öyrədim. Məqsədim sənətimi gənclərə öyrətməkdir. Bunun üçün isə, sözün açığı, heç bir şəraitim yoxdur. Ağacoyma sənətinin gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Ata-babalarımızdan miras qalan bu sənətin yaşaması üçün onu gənclərə öyrətmək lazımdır ki, gələcəkdə itib-batmasın”.

Bildiyimiz kimi, məşğulluq mərkəzlərinin ABAD layihəsi mövcuddur və bir sıra xalq sənəti ilə məşğul olan insanlar bu layihədən yararlanaraq öz fəaliyyətlərini genişləndirirlər. Hətta bəzi sənətkarlar ABAD-a qoşulduqdan sonra özləri üçün yaradıcılıq emalatxanaları da qura biliblər. Bu yaradıcılıq emalatxanalarında həm sənətkarlar əl işləri düzəldirlər, həm də bu sənətlərin sirlərini gənclərə öyrədirlər. Usta Mahirin də arzusu ABAD layihəsinə qoşularaq öz fəaliyyətini daha geniş səviyyədə qurmaqdır. Ustanın sözlərinə görə, bununla bağlı Gəncə Məşğulluq Mərkəzinə müraciət etsə də, hələ də müraciətinə müsbət cavab ala bilməyib. “Bilirsiniz, bu işin başa gəlməsi çox bahalıdır. Mən bir neçə dəfə material almaq üçün bankdan kredit götürmüşəm, lakin o pulla elə də çox iş görə bilməmişəm. Çünki devalvasiyadan sonra vəziyyət pisləşdi. Mən ABAD layihəsinə qoşulmaq üçün Gəncə Məşğulluq Mərkəzinə müraciət etdim, sözün düzü, çox get-gələ saldılar və yararlana bilmədim. Amma çox istərdim ki, bu layihədən mən də yararlanım və sənətimi inkişaf etdirim. Ümumiyyətlə, xalq sənətini yaşadan, bu işlə məşğul olan sənətkarlara güzəştli kreditlərin verilməsi də çox vacibdir. Çünki buna ehtiyacımız var. Mən işlədiyim ağacları pulla alıram. Bu da elə də ucuz başa gəlmir. Ağacı baha qiymətə alıram. Özü də hər ağacla işləmək olmur. Ağac həddən artıq quru olmalıdır ki, ortaya ürəyimcə işlər çıxsın. Mən artıq ağacların xasiyyətini, onlarla işləmək qaydalarını çoxdan mənimsəmişəm. Bir xalq sənətinin daşıyıcısı kimi çox arzu edərdim ki, dövlətimiz, aidiyyəti qurumlar dəstək göstərsinlər. Dediyim kimi, bu sənəti gələcək nəsillərə ötürmək istəyirəm ki, məndən sonra da bu sənət yaşasın”.

Sənətkarın əsəs müştərilərinin kimlər olmasına gəlincə, o bildirdi ki, əsərlərini əsasən yerli sakinlərə satır. Turistlərin hələlik onun əsərləri ilə tanış olmadığını deyən usta Mahirin sözlərinə görə, bu da onunla bağlıdır ki, o, evində işləyir və əsərlərini sərgilərə, satış mərkəzlərinə çıxarmır. “Əsasən sifarişlə işləyirəm. Özü də mənə sifariş veriləndə ki, filan şey işlə, əvvəlcədən nə beh alıram, nə də vaxt təyin edirəm, hazır olanda xəbər verirəm gəlib götürür. Müştəri mənim müəyyən etdiyim qiymətlə razılaşmırsa, onda satmıram, əsər özümdə qalır. Mənim işlərimin qiyməti ucuz deyil, əl əməyi olduğu üçün bahadır. İstərdim ki, mənim də əsərlərimi turistlər alıb öz ölkələrinə aparsınlar. Mən çox gözəl əşyalar, nərdtaxtalar, mebellər düzəldirəm, hamısını da kiçik bıçağımla başa gətirirəm. Məndən başqa ağacoyma ustaları da var, öz işlərimlə onların işlərini müqayisə etdikdə görürəm ki, mənim işlərim çox üstündür. Özümü tərifləmirəm, olanı deyirəm”.

Övladlarının bu işlə məşğul olmadığını deyən ustanın bildirdiyinə görə, ağacoyma işi ona böyük zövq verir. Əsərləri müştərilərin istəyi ilə deyil, öz istəyilə hazırladığını deyən usta Mahirin bildirdiyinə görə, kiçik suvenirlərdən tutmuş, mebelə qədər hər bir şey yarada bilir. Hətta hədiyyə üçün kiçik qaşıqlar, qablar da hazırladığını qeyd edən ustanın sözlərinə görə, düzəltdikləri əsərlər içində 30-40 min manat qiyməti olan əl işləri də var. “Mən stollar, stullar, yataq və qonaq otağı mebelləri düzəldirəm. Qonaq otağı üçün mebeli qoz ağacından hazırlamışam. Əvvəlcə istədim ki, bu mebeli uşaqlarıma saxlayam, evimdə qalsın, sonra düşündüm ki, satsam yaxşıdır. Bu mebelin qiyməti çox bahadır. Çünku mənim işlərim yüzillər boyu qalasıdır. Çox gözəl əsərlərdir. Bilirsiniz, işləri elə düzəldirəm ki, onlar evin bir küncündə qalmasın, işlədilsin, həyat üçün əhəmiyyətli olsun. Mən çox gözəl saatlar da düzəldirəm. Yəni düzəltdiyim əsərlər içində maraq çəkən işlərim çoxdur. Mənə dəstək göstərilərsə, daha çox iş görə bilərəm. Ümid edirəm ki, aidiyyəti qurumlar səsimi eşidəcək, çünki sənətin yaşaması üçün səsimə səs verilməsi vacibdir” - deyə usta Mahir bildirdi.

Ümid edirik ki, gəncəli ağacoyma ustası Mahir Dəmirovun öz fəaliyyətini daha geniş miqyasda qurması, eləcə də emalatxana yaratması, burada gənclərlə məşğul olması üçün gərək olan şəraitin yaradılmasına aidiyyəti qurumlar öz dəstəklərini əsirgəməyəcəklər.

İradə SARIYEVA